Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1635/2021 22.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0,30 ha torpaq torpaq sahəsində inşa edilmiş 1128,1 kv.m ölçüdə olan qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarını qeydə alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi 29 aprel 2019-cu il tarixli elektron çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 0.30 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. O, 2020-ci ildə xüsusi mülkiyyətində olan torpaq sahəsində 1128.1 kv.m ibarət qeyri-yaşayış binasının inşasına qərar vermiş və bununla bağlı hazırlanmış Eskiz-layihəni Xaçmaz Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Bundan sonra aşağıda qeyd edilən qaydada sənədləşmə işləri aparılmışdır; Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı 1128.1 kv.m qeyri-yaşayış binasının inşasına razılığın alınması üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və Komitə 02/462-R nömrə ilə 05 fevral 2020-ci il tarixində Eskiz-layihəni razılaşdırmışdır. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı 1128.1 kv.m qeyri-yaşayış binasının inşasına razılığın almması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 X2 Ekspertiza Baş İdarəsinə müraciət etmiş və İdarə tərəfindən verilmiş 30154 nömrəli 28 sentyabr tarixli Rəy verilmiş və Eskiz-layihə təsdiq edilmişdir. Xaçmaz Ravon İcra Hakimiyvəti Başçısı tərəfindən 07Q nömrəli 06 noyabr 2020-ci il tarixli Obyektin Tikintisinə İcazə vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintida X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən qeyri-yaşayış binasına dair 12 oktyabr 2020-ci il tarixli Ö/004126 nömrəli X8 verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyriyaşayış binasının Tikinti Dövlət Reyestrinə daxil edildiyinə dair Seriya: AZE N- 002948-11 Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə verilmişdir. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 07Q nömrəli 24 dekabr 2020-ci il tarixli Tikinti Obyektinin İstismarına İcazə vermişdir. Tikinti obyektinin istismarına icazə verildikdən sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsini mülkiyyət hüquqlarının qeydiyyatı üçün müraciət etmiş, 28 iyul 2021-ci ildə etibarnamə üzrə nümayəndəsinə təqdim edilmiş 26 may 2021-ci il tarixli imtina məktubuna əsasən məlum olmuşdur ki, Xidmət onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edib. Səbəb kimi isə qeyri-yaşayış sahəsinin yanından yüksək gərginli hava elektrik xətlərinin keçdiyini və 314 kv.m hissənin qorunma zolağında yerləşdiyi qeyd edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat bunun ilə onun hüquqlarını qeydə almamaqla konstitusion hüquqlarını kobud şəkildə pozub. Belə ki, cavabdeh təşkilat tərəfindən qeyri-yaşayış binasının yerləşdiyi və alqı-satqı müqaviləsi əsasında alınmış 0.30 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ tanımış və buna dair 29 aprel 2019-cu il tarixli elektron çıxarış verilmişdir. Qeyd edilən çıxarışın əsasında o yuxarıda adları sadalanan dövlət müəssisələrinə müraciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tələb olunan razılıqları və sair tələb olunan sənədləri aldıqdan sonra Tikinti Obyektinin İstismarına icazə verilmişdir. Bundan əlavə inşa edilmiş qeyri-yaşayış binasının inşasında istifadə edilmiş metal konstruksiyaların dövlət standartlarına cavab verdiyi barədə "Azərdövlətsənavelayihə" DLİ- nin arayışı tərtib edilmiş və Dövlət Ekspertizası Baş İdarəsinə təqdim edilmişdir. Bütün qeyd edilənlərə baxmayaraq sonda onun mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçıin etibarnamə üzrə nümayəndəsi vətəndaş X4 rayona, Xudat kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 09.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, qeyri-yaşayış binasının 65 kv.metr hissəsi mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşir. Bundan əlavə, qeyri yaşayış binasının 7.1 metr ara məsafəsindən yüksək gərginlikli hava elektrik xətti keçir və qeyri yaşayış binasının 314 kv.metr hissəsi xəttinin qorunma zolağında yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 26.05.2021-ci il tarixli, **********44 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2005-ci il tarixli, 103 nömrəli qərarı ilə Elektrik xətlərinin mühafizə zonaları təsdiq edilməsi göstərilir. Həmin qərarda 110 kv-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağı 20 metr ara məsafəsi kimi öz əksini tapmışdır. Bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina ediıməsi və ya qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsim təsdiq edən sənədələr hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qeyri-yaşayış obyektinə dair plan və ölçünün surəti, FHN Tikintidə X5 Agentliyinin 28.09.2020-ci il tarixli, 30154 nömrəli rəyi, FHN Tikintidə X5 Agentliyinin istismara hazırlıq Ö/004126 saylı aktı, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının 06.11.2020-ci il tarixli, 07Q nömrəli obyektin tikintisinə icazənin surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair 24.12.2020-cı il tarixli, 07Q nömrəli icazəsinin surəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Tikinti obyektlərinə verilən koda dair 26.11.2020-ci il tarixli, 002948 nömrəli Şəhadətnamənin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ildə Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində, xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 0.30 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən **********44 nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə mənfi cavabın verilməsinə əsas kimi: 1) inşa edilmiş qeyri-yaşayış binasının 65 m2 hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi 2) qeyri-yaşayış binasının yüksək gərginlikli hava elektrik xəttinin qorunma zolağında yerləşməsi olmuşdur. Buna görə də inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) inşa edilmiş qeyri-yaşayış binasının 65 m2 hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi 2) Həmin qeyri-yaşayış binasının yüksək gərginlikli hava elektrik xəttinin qorunma zolağında yerləşməsi Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə düşür. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Tikintidə X5 X1 Ekspertiza Baş İdarəsi ilə razılaşdırmaqla və qeyri-yaşayış binasının eskiz lahiyəsini tərtib etmiş “Azərdövlətsənayelayihə” DLİ birgə imzaladıqları ö/004126 saylı X8nda, o cümlədən Xaçmaz Rayon İcra Hakimiyyətinin 07Q saylı 06 noyabr 2020-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri-yaşayış binasının tikilib istismara verilməsi razılaşdırılmışdır. Eyni zamanda tikililərin şəhərsalma normalarına uyğunluğuna nəzarət edən dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Tikinti obyektlərinə verilən koda dair 26.11.2020-ci il tarixli, 002948 nömrəli Şəhadətnamənin surətindən də görünür ki, iddiaçıya məxsus 2 mərtəbəli qeyri-yaşayış binası tikinti normalarına uyğun olaraq inşa edilmişdir. Lakin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində inşa edilmiş qeyri-yaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin mülkiyyətdə olan torpaq sahəsindən 65 m2 hissəsi kənarda olmasını və qeyriyaşayış binasının yüksək gərginlikli hava elektrik xəttinin qorunma zolağında yerləşməsini bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassız olur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin 7-ci bəndinə əsasən əsasən Komitənin fəaliyyət istiqamətləri ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirirməkdə və müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirməkdən ibarətdir. Həmin Əsasnamənin 8.20-4 və 8.20.5-ci bəndlərinə əsasən strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək, tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydasının 5.1-ci bəndinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarəti Tikinti və Şəhərsalma Məcəlləsinin 97-ci maddəsinə əsasən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən X8 tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Qaydanın 7.1-ci bəndinə əsasən yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gündən 5 (beş) iş günümüddətində bu icazəni vermiş orqan obyektin tikintisinə icazənin (tikintiyə icazənin) surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini və tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gündən, 5 (beş) iş günü müddətində isə icazənin (tikinti obyektinin istismarına icazənin) surətini daşınmaz əmlakın dövlət reyestrini aparan orqana kağız və ya elektron formada göndərir. Həmin Qaydanın 7.3-cü bəndinə əsasən Bu Qaydanın 7.1-ci bəndinə əsasən göndərilən sənədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tikinti obyekti üzərində hüquq sahibindən təkrar tələb edə bilməz. Göründüyü kimi respublika ərazisində aparılan tikililərin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi, o cümlədən inşa edilən tikililərə aid olan sənədlərin tələblərə uyğunluğunun müəyyən edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində inşa ediləcək qeyri-yaşayış sahəsi tələblərə uyğun gəldiyinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikilinin inşasına icazə verilməsinə razılq verərək, tikili ilə bağlı təqdim edilmiş sənəd və məlumatları Tikintilərin Dövlət Reyesterinə daxil etmişdir. Mövcud tikili icazə sənədinə uyğun qaydada inşa edildiyinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən inşa edilmiş obyektə 30212018-3-2501-********** saylı kod verilmişdir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 19.1-ci maddəsinə görə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyini şübhə halına gətirən hər hansı bir dəlil cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi qanuni tələblərə cavab verən razılığı əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təsdiqlənmiş X8 tərtib edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0,30 ha torpaq torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 1128.1 kv.m olan qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarını qeydə alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1635/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1635/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver