Məhkəmə qərarları › İş №2-1(118)-164/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-164/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-164/2020 26.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona məxsus 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X7 müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli, **********32 saylı məktubu ilə iddianın təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5rşı “Əldəetmə müddətini nəzərə alaraq Torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında 0,5031 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması, ona məxsus 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına və məhkəmə baxışı ilə bağlı xərclərin cavabdeh tərəfindən ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək iddiaçının torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ mübahisəli hüquqi münasibətlərin yarandığı zaman qüvvədə olan “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə ( “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin xx xxxxxx 1997-ci il tarixli. 534 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatını həyata keçirmək səlahiyyəti olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunmuş sənədlər əsasmda qeydiyyata alınmış və iddiaçıya fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatina alınmasını təsdiqləyən xx.xx.2002-ci il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci bəndinə əsasən Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Cavabdehin cavab məktubunun məzmunu da sübut edir ki, iddiaçının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizəsi ilə əlaqədar icraat zamanı dövlət reyestrinin məzmununun həqiqi hüquqi vəziyyətə uyğun olmadığını, elektron və kağız daşıyıcılarda yazılarda uyğunsuzluğun olduğunu o özü aşkar etmişdir. Amma səlahiyyətləri daxilində qanuna uyğun vəzifə borcunu yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçıya Çıxarışın verilməsindən əsassız imtina etmişdir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cı il tarixli Qərarında qeyd olunur: ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklüliiyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3 və 178.1ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir”. Beləliklə, Cavabdeh Dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olan JN-011A saylı Şəhadətnamənin dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcıdakı yazılarına nisbətən mötəbərliyini tanımalı və bu şəhadətnaməyə üstünlük verməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.5 maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci bəndinin normalarını tətbiq edərək iddiaçının Torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında 0,5031 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın reyestrində dövlət qeydiyyatına almağa və bu barədə çıxarış verməyə borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz edərək bildirir ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması təmin edilməlidir. Bu səbəbdən, təqdim edilmiş sənədlər ekspertiza edilmiş, lakin, JN-011A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin elektron kadastr baza məlumatlarında 0,06 ha olduğu, qalan 0,50 ha torpaq sahəsinin isə bələdiyyə mülkiyyətində göstərildiyi aşkar edilmişdir. Şəhadətnamə barədə məlumatların dəqiqləşdirilməsi məqsədi ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "Kadastr və X4 Mərkəzi" MMC-yə sorğu ünvanlanmış və daxil olan cavab məktubunda İddiaçı adına 0,06 ha torpaq sahəsinin qeydiyyata alındığı, 0,56 ha torpaq sahəsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin aşkar edilmədiyi bildirilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Siyəzən rayonu, Gil-gil çay qəsəbəsində yerləşən 0,56 ha torpaq torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi X2 xx xxxxxx 2019-cu il tarixli **********32 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş və etirazı müdafiyə etmişdir. İddiaçıya məxsus JN 011A, 30500017 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə 0.5631 ha torpaq sahəsinə dair mülkiyyət sənədi məhkəməyə təqdim edilmişdir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habeb daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bu qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İddiaçının JN 011A, 30500017 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə mülkiyyətində olan 0.5631 ha torpaq sahəsinə mülkiyyət sənədi verilmiş, iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Bu Şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçünəsasdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi idiaçının faktiki istifadəsində olmuş, müvafiq olaraq vergilər ödənilmişdir. Məhkəmə hesab edir ki, mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması və bu barədə Çıxarışın verilməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfındən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırki işdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi əsasları mövcud deyildir. Beləliklə, işin araşdırılan halları ilə inzibati orqanın imtinasının əsassız olduğu müəyyən olunur və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-011A saylı Şəhadətnamə əsasında 0,5631 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə Çıxarışın verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar