Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1640/2022 02.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Ələkbərov Əli Məmməd oğlunun ona məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə ünvanda yerləşən 6 saylı evin 7 nömrəli (yeni qaydalarla 6/37 saylı evdən) mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci məhəllə ünvanda yerləşən 6 saylı evin 7 nömrəli (yeni qaydalarla 6/37 saylı evdən) mənzil 01.12.1988-ci il tarixli, 2967 nömrəli Order əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onun mənzil üzərində heç bir hüququ yoxdur. MKS-nin verdiyi məlumatdan məlum olmuşdur ki, üçüncü şəxs 2010-cu ildə vəfat etmişdir. Üçüncü şəxsin mənzilində qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh polis idarəsinə müraciət etmiş, polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər 3-cü şəxsin pasport qeydiyyatında olduqları mənzilə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxsə göndərilmiş məhkəmə bildirişi zərf ilə bərabər və zərfin üzərində “bu ünvanda yaşamır” qeydi qoyulmaqla məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-12192V-3222 nömrəli, 12 aprel 2022-ci il tarixli imtina məktubu, 01.12.1988-ci il tarixli, 2967 nömrəli Orderin notarial qaydada təsdiqlənmiş surəti, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, 3 saylı MKS-nin verdiyi 198 nömrəli, 31.03.2022-ci il tarixli məktubu, Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 27.05.2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci məhəllə ünvanda yerləşən 6 saylı evin 7 nömrəli (yeni qaydalarla 6/37 saylı evdən) mənzili 1988-ci ildən order əsasında əldə etmiş və hal-hazırda həmin mənzilin mülkiyyətçisidir. Üçüncü şəxs- Ələkbərov Əli Məmməd oğlu mənzilində formal olaraq qeydiyyatda qalmışdır və faktiki olaraq harada yaşadığı məlum deyildir. Sumqayıt Şəhər İcra Hakimiyyəti 3 saylı MKS-nin verdiyi 198 nömrəli, 31.03.2022-ci il tarixli məktubdan məlum olur ki, Ələkbərov Əli Məmməd oğlu 17-ci məhəllə, ev 6/37, mənzil 7-də deyil, 17-ci məhəllə ev 6/6, mənzil 7də qeydiyyatda olub, yaşayıb və 20.03.2010-cu ildə vəfat etmişdir. Məlumatı yoxlamaq məqsədilə məhkəmə tərəfindən Sumqayıt şəhər Qeydiyyat şöbəsinə sorğu göndərilmiş və müvafiq təşkilatdan bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “X2” X1 Sistemində Ələkbərov Əli Məmməd oğlunun ölümü aşkar olunmamışdır. İşin faktiki hallarına nəzər saldıqda, eyni zamanda Əli Ələkbərovun iddiaçı ilə qohumluq əlaqələri olmadığından hesab olunur ki, Ələkbərov Əli Məmməd oğlu iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqla onun mülkiyyət hüquqlarını pozmuş olur və ona əlavə xərclər çəkməsinə səbəb olur. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs - Ələkbərov Əli Məmməd oğlu Sumqayıt şəhəri, 17-ci məhəllə ünvanda yerləşən 6 saylı evin 7 nömrəli (yeni qaydalarla 6/37 saylı evdən) mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Ələkbərov Əli Məmməd oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə ünvanda yerləşən 6 saylı evin 7 nömrəli (yeni qaydalarla 6/37 saylı evdən) mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1640/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1640/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver