Məhkəmə qərarları › İş №2-1(118)-1644/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1644/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1644/2022 14.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin Azərsu ASC-nin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən 33.9 kv/m torpaq sahəsində inşa etdiyi obyekt (paxlava sexi) xx.xx.2013-ci il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışa və texniki pasporta əsasən iddiaçının mülkiyyətindədir. 28 mart 2013-ci ildə Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək həmin paxlava sexini (obyektimə) su-kanalizasiya xətti ilə təchiz edilməsi barədə sərəncam verilməsini xahiş etmiş, texniki şərtə əsasən obyektinə su və kanalizasiya xəttləri çəkilmişdir. Bu fakt ərizəmə əlavə etdiyim fotoşəkillərlə təsdiq edilir. Keçən müddət ərzində sərf etdiyi suyun həcminə görə vaxtlı-vaxtında ödənişləri aparmış, təxminən 2011ci ildən maddi vəziyyəti ilə və ağır ürək əməliyyatı nəticəsində əmək qabiliyyətini itirməyilə əlaqədar obyektimdə sahibkarlıq fəaliyyətimi dayandırmaq məcburiyyətində qaldır. Quba şəhərində işməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2015-ci il tarixdə tamamlanaraq istifadəyə verimişdir. O cümlədən onun paxalava sexinə də həmin layihə əsasında su və knalizasiya xətləri yenidən çəkilmiş, lakin əmək fəliyyətinin dayandırılması ilə əlaqədar sayğac quraşdırılması təmin edilməmişdir. 2020-ci ildən fəaliyyətini bərpa etmək üçün Cavabdeh ASC-yə müraciətlər edir, ilkin olaraq sayğacın quraşdırılmaqla yeni kod nömrəsi ilə təmin olunacağı bildirilsə də, kanalizasiya xətti mövcud olsa da bu günə kimi su sayğacı quraşdırılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbini tam və bütünlüklə rədd edilir. Belə ki, hazırkı iddia inzibati mübahisəyə aid deyildir, eləcədə iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə aidiyyatı düzgün verilməmiş və inzibati-prosessual qanunvericiliyə əsasən tələb cavabdeh üçün öhdəlik yarada bilməz. Qeyd edirik ki, iddiaçının qaldırdığı məsələ ilə bağlı ötən və cari ildə eyniməzmunlu müraciətlərinizə baxılaraq müvafiq qaydada cavablandırılmışdır. Hazırkı mərhələdə Cavabdeh ASC-nin mövqeyi ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyri-əhali qrupuna aid istehlakçıdır. Qeyd edilir ki, bütün fiziki və hüquqi şəxslər nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı suların və tullantıları atmaq hüquqlarına malikdirlər. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın, müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər: a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını. Beləliklə, iddaçımn mübahisələndiridiyi tələbin heç bir hüquqi əsası yoxdur və o rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının müraciətinə verilmiş 18 mart 2022-ci il tarixli 010102-13-14-198 saylı imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Quba şəhəri 22-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüquqna dair çıxarışın və texniki pasportun surətləri, qeydri yaşayış sahəsinin fotoşəkilləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Quba şəhəri 22-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olmasından irəli gəlir. Belə ki, iddia tələbi araşdırılarkən məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına suyun verilməsi kəsilmiş və yenidən suyun verilməsindən imtina edilmişdir. Belə olduğu tədqirdə hesab edilir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ var. Cavabdeh ASC-nin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Cavabdeh ASC-nin hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli 010102-13-14-198 saylı imtina məktubu iddiaçının inzibati orqana müraciət etməsinə dəlalət edir. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə də iddiaçı tərəfindən riayət olunub. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 8.1.1-ci maddəsi həm daşınmaz əmlakla bağlı olan hüquq münasibətlərini, həm də daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərini özündə əks elətdirir. Hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələb etdiyi məlumatlar onun mülkiyyətində olan torpaq sahələri ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki, Cavabdeh ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilməsə də, təbii inhisar subyektinə aid olması səbəbindən ona qarşı verilmiş hazırkı iddiaya baxılması mümkündür. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən, təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab edilmədiyinə görə bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında yaranmış mübahisə onların arasında bağlanmış su təhcizatı ilə bağlı olmadığından, yəni tərəflər arasında yaranmış mübahisənin kökündə mülki hüquq münasibətlər olmadığından iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməlidir. Çünki, hazırkı iddia tələbi üzrə Cavabdeh ASC dövlət inhisarçılığını həyata keçirən qurumdur və onun hərəkətsizliyindən verilən iddialara İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən baxlmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İşə mahiyyəti üzrə baxan məhkəmə cavabdeh təşkilatın hərəkətlərini qanunsuz hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba şəhəri 22-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində xx.xx.2013-cü ildən olmasına baxmayaraq, həmin müddətdən öncə iddiaçının faktiki sahibliyində olmuş və həmin paxlava sexi kimi fəaliyyət göstərmiş tikili su ilə təhciz olunmuşdur. Qeyd olunan obyektin 2009-cu ildən öncə su ilə təhciz olunmasına sübut kimi cavabdeh təşkilatın imtina məktubunda göstərdiyi 605679 saylı 27 dekabr 2009-cu il tarixli mədaxil qəbzini göstərmək olar. 2015-ci ildə Quba şəhərində içməli su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması zamanı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının bir müddət işləməməsini səbəbindən cavabdeh təşkilat həmin qeyri-yaşayış binasına su təhcizatını dayandırmışdır. İddiaçı sonradan bir neçədə qeyri yaşayış binasına suyun verilməsini tələb etməsinə baxmayaraq ondan texniki şərt tələb edilmişdir. İddiaçı tərəfindən texniki şərtin alınması ilə bağlı cavabdeh təşkilata iddia tələbinə məhkəmədə baxılan zaman müraciət olunmuş,lakin texniki şərtin verilməsi üçün xidmət haqqını yüksək olması (iddiaçının bildirdiyinə görə 1500-1700 manat civarında) səbəbindən suyun verilməsinin bərpa edilməsi mümkün olmamışdır. Qeyd olunan mübahisənin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanunun 12-ci maddəsinə əsasən hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını həyata keçirməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olduğu tədqirdə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təstiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 2.1-ci bəndinə əsasən sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.Həmin Qaydaların 2.5-ci bəndinə əsasən STKM tərəfindən STTSAS-da edilən dəyişikliklərə görə istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir. Göründüyü kimi, 2015-ci ildə Quba şəhərində içməli su təhcizatı və kanalizasiya şistemləri yenidən qurulması nəticəsində İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasına veriilmiş suyun təhcizatı dayandırılmış və suyun yenidən verilməsi üçün texniki şərt tələb edilmişdir. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təstiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 2.5-ci bəndinə əsasən STTSAS-da edilən dəyişikliklərə görə texniki şərtin alınmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin Azərsu ASC-nin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar