Məhkəmə qərarları › İş №2-1(118)-1644/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1644/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1644/2023 15.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz bələdiyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən mərhum həyat yoldaşı X4 ayrılmış 0.04 ha torpaq sahəsinə mərhum əri X3 adına dövlət reyestrində qeydiyyatı barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaqsahəsinin planı və ölçüsününü hazırlanmasından cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyt sənədlərinin (çıxarış, torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Xaçmaz bələdiyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən mərhum həyat yoldaşı X4 ayrılmış 0.04 ha torpaq sahəsinə mərhum əri X3 adına dövlət reyestrində qeydiyyatı barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli,**********15 saylı imtina məktubu ilə Xaçmaz şəhəri ərazisində yerləşən mərhum ərim X4 məxsus 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətim əsasında hüququmun qeydiyyata alınmasından imtina olunmuşdur. Hesab edir ki, qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz şəhəri ərazisində yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi qoyulmalıdır. Belə ki, cavabdehin məktubunda göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə əlavə edilmiş Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 31,05.2007-ci il tarixli, 05 saylı qərarının, torpaqların alqı-satqısına dair aktın Xaçmaz rayon Dövlət arxivinə təqdim edilib-edilməməsi barədə məlumatın verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi barədə Xaçmaz rayon Dövlət Arxivinə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Nəzərinizə çatdırırq ki, sorğuya verilmiş cavab məktubuna əsasən Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarın mövcud olması barədə arayış göndərilmişdir. Lakin torpaqların alqı-satqısına dair aktın və xx.xx.2007-ci il tarixli, 05 saylı qərarın arxiv nüsxəsi göndərilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur.Cavabdehin imtinası ilə qətiyyən razılaşmır. Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarı və torpaqların alqı-satqısına dair akt mövcuddur və cavabdehin imtinasında da göstərildiyi kimi Xaçmaz rayon Dövlət Arxivi sorğuya cavab olaraq Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarın mövcud olması barədə arayış göndərilmişdir. Xaçmaz bələdiyyəsi tərəfindən bələdiyyənin xx.xx.2007-ci il tarixli 05 saylı qərarının və torpaqların alqı-satqısına dair aktın Dövlət Arxivinə təhvil verilib-verilməməsi vətəndaşın günahı deyildir. Torpaq sahəsi almış vətəndaşın elə bir səlahiyyəti yoxdur ki, qeyd olunan dövlət orqanlarının vəzifəli şəxslərinin vəzifə borclarını düzgün icra edib etməməmisini yoxlasın. Səhv onların səhvi olduğuna görə həmin səhvi düzəldərək yeni mülkiyyət sənədlərinin verilməsi öhdəliyidə cavabdehin üzərinə qoyulmalıdır. Həyat yoldaşım X6 xx.xx.2015-ci ildə vəfat elmişdir. Qeyd olunan torpaq sahəsinə vərəsəlik hüquqi haqqında şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciətimə cavab olaraq mülkiyyət sənədləri tələb olunmuş, bununla əlaqədar notarius tərəfindən xx.xx.2022-ci il tarixli məktub cavabdehə ünvanlanmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, torpaq sahəsi alınarkən rayonun baş memarının xx.xx.2007-ci il tarixli, 341 saylı rəyi alınmış, ləğv edilmiş DT və XK-nın Xaçmaz Rayon Şöbəsinin müdirinin xx.xx.2007-ci il tarixli, 505 saylı rəyi alınmış, bələdiyyənin 31 may 2007-ci il tarixli 05 saylı qərarı ilə 400 kvm torpaq sahəsi X4 ayrılmış, müvafiq torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Xaçmaz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 463 saylı arayışı ilə həqiqətən də X4 400 kvm torpaq sahəsi ayrılması təsdiq olunur. Torpaq sahəsinin 2000-lik və 10000-lik sxematik planları tərtib edilərək təsdiqlənmişdir. Göründüyü kimi torpaq sahəsi qanuni əsaslarla ayrılmış, ona görə də bələdiyyənin imtinası tam əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazlarının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı Xaçmaz rayonu, Xaçmaz şəhəri ərazisində yerləşən mərhum X4 məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə əlavə edilmiş Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarın, torpaqların alqı-satqısına dair aktın Xaçmaz rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumatın verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi barədə Xaçmaz rayon Dövlət Arxivinə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubuna əsasən Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 05 saylı qərarın mövcud olması barədə arayış göndərilmişdir. Lakin torpaqların alqı-satqısına dair aktın və xx.xx.2007-ci il tarixli, 05 saylı qərarın arxiv nüsxəsi göndərilməmişdir. Bundan əlavə, faktiki istifadə olunan torpaq sahəsi ilə bələdiyyə tərəfindən tərtib edilmiş və Xaçmaz RİHB-nın aparatının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş sxemlərdə göstərilən torpaq sahəsindən fərqlidir. Faktiki istifadə olunan torpaq sahəsinin şərq tərəfindən 1.5 metr məsafədən 10 kv-luq yüksək gərginlikli elektrik xətləri keçir və həmin daşınmaz əmlak elektrik xəttinin mühafizə zolağına düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubla imtina olunmuşdur. Bundan sonra, İddiaçı Xaçmaz rayonu, Xaçmaz şəhəri ərazisində yerləşən mərhum X5 məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizə ilə yenidən müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənizə əlavə edilmiş Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin 31,05.2007-ci il tarixli, 05 saylı qərarın, torpaqların alqı-satqısına dair aktın Xaçmaz rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumatın verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi barədə Xaçmaz rayon Dövlət Arxivinə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Nəzərinizə çatdırırık ki, sorğuya verilmiş cavab məktubuna əsasən Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin bələdiyyəsinin 31,05.2007-ci il tarixli, 05 saylı qərarın mövcud olması barədə arayış göndərilmişdir. Lakin torpaqların alqı-satqısına dair aktın və xx.xx.2007-ci il tarixli, 05 saylı qərarın arxiv nüsxəsi göndərilməmişdir. Yuxanda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarından görünür ki, fərdi mənzil tikintisi məqsədi ilə 0.04 ha torpaq sahəsinin X1 qərara alınmışdır. - Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş 341 saylı, 26 aprel 2007-ci il tarixli rəyin surətindən görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması qanunamüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmz rayon Şöbəsi tərəfindən verilmiş 514 saylı, 22 may 2007-ci il tarixli rəyinin surətindən görünür ki, X1 nəzərdə tutulan torpaq sahəsi 400 kv.metr olmaqla bələdiyyə mülkiyyətinə aiddir. - 6 saylı, 16 mart 2007-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin hesabına 180.00 manat pul ödənilmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X6 tərəfindən Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış torpaq sahəsi müqabilində Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin hesabına 180,00 manat məbləğində pul vəsaiti köçürülmüşdür. -“Sxematik plan”ın surətindən görünür ki, Xaçmaz rayonu, Xaçmaz şəhərində yerləşən 0.04 ha toraq sahəsinə dair X3 adına tərtib edilmiş sxematik plan Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmişdir. - AZ-İ № 741257 saylı, 27 aprel 2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə ölmüşdür. - Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 329 saylı, 16 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri sırasına daxildir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayonu, Xaçmaz şəhəində yerləşən 0.04 ha torpaq sahəsi fərdi ev tikintisi üçün Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı əsasında iddiaçının mərhum əri X2 və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum ərinin qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Xaçmaz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi tərəfindən verilmiş 341 saylı, 26 aprel 2007-ci il tarixli və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmz rayon Şöbəsi tərəfindən verilmiş 514 saylı, 22 may 2007ci il tarixli rəylərin surətləri, torpaqların alqı-satqısına dair akt, o cümlədən torpaq sahəsinə dair sxematik plandan çıxarış sənədləri ilə də təsdiq edilir. X6 öldükdən sonra İddiaçı onun vərəsəsi kimi tanınmışdır. İddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində mərhum ərinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, həmin orqanın 29 noyabr 2022-ci il tarixli bildirişi ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmışdır. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 23 oktyabr 2007-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Torpaq sahəsinə alqısatqı aktının sonradan tərtib olunması həmin torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Çünki sözügedən torpaq sahəsi ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmış və eyni zamanda iddiaçı tərəfindən bələdiyyənin hesabına 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz bələdiyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı əsasında mərhum X4 ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X3 adına arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Xaçmaz bələdiyəsinin 31 may 2007-ci il tarixli, 05 saylı qərarı əsasında mərhum X4 ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mərhum X3 adına arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar