Məhkəmə qərarları › İş №2-1(118)-1647/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1647/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1647/2022 05.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 3 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 3 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - 2-ci Qarabağ müharibəsində iştirak etmiş və xx.xx.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmışdır. Onlar 2016-cı ildə ailə həyatı qurmuş və birgə nikahdan 2018-ci il təvəllüdllü Elcan, ölümündən sonra 2021-ci il təvəllüdlü şəhidin adını daşıyan Qubat anadan olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ona «Şəhid ailəsi» statusu verilmişdir. O, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 14/33-də yerləşən 1 otaqlı 7 saylı mənzildə qeydiyyatdadır. Sumqayıt şəhər İcra hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən 2 azyaşlı uşaqları ilə yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşdür. Eyni zamanda Şəhidin valideynlərinin də yaşayış şəraiti yoxlanılmış və yaşayış sahəsinə ehtiyaclarının olması nəzərə alınaraq onlar da Sumqayıt şəhər İcra hakimiyyətinin 30 iyul 2021-ci il tarixli 401 saylı sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüşlər. Bütün sənədlər cavabdeh AR ƏƏSMN Sosial Xidmətlər Agentliyinə göndərilmiş, lakin xx.xx.2021-ci ildə cavabdeh onlara ünvanladığı məktubda bildirmişdir ki, onlara Abşeron rayonu Yeni yaşayış kompleksindən 3 otaqlı mənzil təklif olunmuş, lakin onlar həmin mənzildən imtina etmişlər. O, bu məsələ ilə maraqlandıqda isə ona məlum olmuşdur ki, o və həyat yoldaşının valideynləri ayrı-ayrı sərəncamlar əsasında mənzil növbəsinə götürülmələrinə və onların ayrı-ayrı mənzil sahələri ilə təmin olunmalı olmalarına baxmayaraq 3 otaqlı mənzili 5 nəfər Şəhidin ailə üzvünə (o, uşaqları və həyat yoldaşının valideynlərinə) təklif edilmişdir. Halbuki onlar ayrı-ayrı təsərrüfatda olmaqla ayrıca mənzil sahələri ilə təmin edilməli idilər. O və qaynatası bundan sonra bir daha cavabdeh təşkilata müraciət edərək bu qaydada mənzil verilməsinin qanunvericiliyə zidd olduğunu bildirmiş, lakin onlara eyni məzmunlu xx.xx.2022-ci il tarixli cavab verilmişdir. Qeyd edilən 3 otaqlı mənzil sahəsi ayrı-ayrılıqda mənzil növbəsinə götürülmüş 2 ailəyə bir yerdə yaşamaq üçün təklif olunmuş və bu qaydada mənzil sahəsinin verilməsi onların mənzil hüquqlarını pozduğu üçün o, ayrıayrılıqda qəbul edilmiş sərəncam əsasında ona uşaqları ilə mənzil sahəsinin verilməsini istəyir. Həmin cavabdan sonra təkrarən cavabdeh təşkilata ünvanladığı məktubuna isə ümumiyyətlə cavab verilməmişdir. Belə hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və şəhid ailəsi üzvü kimi ona ayrıca mənzil sahəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, icraatda olan 2-1(118)-1647/2022 saylı iş üzrə iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı Şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir və qanunvericilikdə mənzilin ayrı-ayrılıqda verilməsi nəzərdə tutulmamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş siyahıda 30 iyul 2021- ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir. Qeyd edirlərk ki, şəxsə Abşeron rayonu, Yeni yaşayış kompleksindən üçotaqlı mənzil təklif olunmuş, lakin o bu təklifdən imtina etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi üzvü kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur. Həmçinin Nazirliyin balasında Sumqayıt şəhər mərkəzində yerləşən mənzillər yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 282 saylı, 21 iyun 2021-ci il tarixli sərəncamından görünür ki, şəhid ailəsi İddiaçı 2 nəfər ailə tərkibi ilə imtiyaz əsasında yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. - AZ-İİ 129004 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X2 arasında xx.xx.2016-cı il tarixdə nikah qeydə alınmışdır. - AZ-İİ 116327 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 noyabr 2020-ci il hərbi əməliyyatlar nəticəsində ölmüşdür. - AZ-İV 103157 və AZ-İV 608570 saylı Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 22 fevral 2018-ci il tarixdə və X5 01 iyun 2021-ci il tarixdə anadan olmuş, ataları X3 və anaları İddiaçıdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İddiaçı ünvanladığı 09 aprel 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı əri X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onların birgə nikahlarından X4 və X5 adlı övladları vardır. İddiaçı və onun övladı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 282 saylı, 21 iyun 2021-ci il tarixli sərəncamı ilə şəhid ailəsi kimi yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya qaynanası və qaynatası ilə birgə üç otaqlı mənzil təklif edilmiş, lakin onun tərəfindən həmin mənzilin qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı buna səbəb kimi onun və qaynanası ilə qaynatasının Sumqayıt şəhər İcra Hakimiyyətinin ayrıayrı sərəncamları ilə uçota götürüldüklərini, ayrı təsərrüfat idarə etdiklərini və onlara ayrıayrı mənzillərin verilməli olduğunu iddia edir. O, bununla bağlı cavabeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa görə həmin Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə görə şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən, şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə,

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır: 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Qeyd edilən sərəncamın, habelə istinad olunan qanun normalarının mənasından göründüyü kimi şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulsa da, həmin şəxslərə ayrı-ayrılıqda deyil, bir mənzilin ayrılması nəzərdə tutulmuşdur. Hazırki işin halı ilə müəyyən olunur ki, şəhid X1 yerli icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış arvadı İddiaçı üçotaqlı mənzil təklif olunmuş, lakin o qaynana və qaynatasının ondan ayrı təsərrüfat idarə etdiyini və onlara ayrı-ayrılıqda mənzillərin ayrılmalı olduğunu bildirərək, mənzili qəbul etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 3 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhər İcra Hakimiyyətinin 21 iyun 2021-ci il tarixli 282 saylı sərəncamına əsasən mənzil uçotuna götürülmüş 3 nəfər ailə üzvü ilə onun ayrıca mənzil sahəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar