Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1649/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 1 saylı regional ərazi filialına qarşı “cavabdehin imtinasının əsassız hesab olunması və təhsil aldığı, işlədiyi illərin hesablanaraq əmək fəaliyyətinin nəticəsi olaraq yaranmış sosial sığorta stajı əmək pensiyasının sığorta hissəsinə əlavə olunaraq ona yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 1 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “cavabdehin imtinasının əsassız hesab olunması və təhsil aldığı, işlədiyi illərin hesablanaraq əmək fəaliyyətinin nəticəsi olaraq yaranmış sosial sığorta stajı əmək pensiyasının sığorta hissəsinə əlavə olunaraq ona yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. 1973-1975-ci illərdə Bakı Kooperativ Texnikumunu bitirmiş və 1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildən 2005-ci ilədək müxtəlif sahələrdə işləmişdir. Bu fakt əmək kitabçasına əsasən təsdiq olunur. Lakin bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etsə də nəticəsiz qalmışdır. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 1.0.2-ci bəndində deyilir ki, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1-ci maddəsində deyilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.1-ci maddəsinə görə, bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmçinin qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri" əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Fondun 1 saylı şöbəsi tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda haqlı olaraq “İmişli rayon Təsərrüfat hesablı Çörək zavodu”na aid 10.08.1978- 25.12.1998-ci illər, həmçinin “Karat” kiçik müəssisəsi və "xxxx" MMC-yə aid 30.08.1999 - 30.06.2005-ci illər mübahisələndirilmişdir. Belə ki, mübahisələndirilən müəssisələrə dair sənədlər müvafiq olaraq dövlət arxiv idarələrində aşkar edilməmişdir (arayışın surətləri əlavə olunur). Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmamışdır.Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, cavabdehə təqdim edilmiş imtina məktubunda “əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar” sözləri texniki səhv olaraq yazılmışdır. İddiaçı inzibati orqana yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakısənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə İmişli şəhərində anadan olmuşdur. - Э №014114 saylı diplomdan görünür ki, İddiaçı 1973-cü ildən 1975-ci ilədək SSR-i Sentrosoyuzun Bakı Kooperativ texnikumunda mühasib ixtisası üzrə təhsil almışdır. - AT-İ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, 01.02.1978-ci ildən 28.03.1978-ci il tarixədək, 25.05.1978-ci ildən 09.08.1978-ci il tarixədək, 10.08.1978-ci il tarixdən 25.12.1998-ci il tarxədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - ИТ-İ ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 30.08.1999-cu il tarixdən 01.12.2003-cü il tarxədək “Karat” k/m-da, 02.12.2003-cü il tarixdən 30.06.2005-ci il tarxədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. - "xxxx" MMC-nin 11 avqust 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı 1999-cu ilin sentyabr ayından 2003-cü ilin noyabra ayına qədər "xxxx" MMC-nin Dəyirman bölməsində sex rəisi vəzifəsində işlədiyi və həmin illərdə aylar üzrə aldığı əmək haqlarının miqdarı qeyd olunmuşdur. - "xxxx" MMC-nin 09/2021 saylı 12 avqust 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı 02.12.2003-cü il tarixdən 30 iyun 2015-ci il tarixədək "xxxx" MMCdə Quşçuluq sex bölməsində müdir vəifəsində işlədiyi və onun həmin illərdə aylar üzrə aldığı əmək haqlarının miqdarı qeyd edilmişdir. - "xxxx" MMC-nin 085 saylı, 21.11.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1999-cu ilin sentyabr ayından 2003-cü ilin noyabra ayına qədər "xxxx" MMC-nin Dəyirman bölməsində sex rəisi vəzifəsində işləmiş, həmin müddətdə ona aylıq əmək haqqı hesablanmış və DSMF-yə məcburi sosial sığorta ayırmaları ödənilmişdir. İddiaçının qeyd edilən illərdə aylar üzrə aldığı əmək haqlarının miqdarı qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçalarında onun 01.02.1978-ci ildən 28.03.1978-ci ilədək, 25.05.1978-ci ildən 25.12.1998-ci ilədək, 30.08.1999-cu ildən 01.12.2003-cü ilədək “Karat” k/m-da, 02.12.2003-cü ildən 30.06.2005-ci ilədək "xxxx" MMC-də işlədiyi qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajına malik olmaması, onun 10.08.1978-ci ildən 30.06.2005-ci ilədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması müəssisələrin hüquqi ünvanlarının məlum olmaması səbəbindən yoxlanılmasının mümkün olmaması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 10.08.1978-ci ildən 30.06.2005-ci ilədək işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının işlədiyi müəssisələrin sənədlərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının 30.08.1999-cu ildən 01.12.2003-cü ilədək “Karat” k/m-da, 02.12.2003-cü ildən 30.06.2005-ci ilədək "xxxx" MMC-də işləməsi həmin müəssisələrin məhkəməyə sorğu əsasında təqdim etdikləri arayışları əsasında da müəyyən olunur. Bundan başqa məhkəmə iddiaçının təhsil aldığı dövrün sosial sığortajına daxil olması tələbinə münasibətdə qeyd edir ki, cavabdehlə iddiaçı arasında həmin dövrlərlə bağlı hər hansı mübahisənin olduğu müəyyən edilmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 8-ci bəndində ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə iddiaçı Э №014114 saylı diplomunun təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Həmin diploma əsasən İddiaçı 1973-cü ildən 1975-ci ilədək SSR-i Sentrosoyuzun Bakı Kooperativ texnikumunda təhsil almışdır. Həmin diplomda iddiaçının hansı formada təhsil alması (əyanı, qiyabi) qeyd edilməsə də, iş materiallarında iddiaçının əyanı deyil, başqa formada təhsil alması barədə də heç bir sübut yoxdur. Eynizamanda cavabdeh iddiaçının əyani təhsil almaması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının təhsil müddəti də onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı, eyni zamanda əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus AT-İ ******* saylı və ИТ-İ ******* saylı əmək kitabçalarında qeyd edilən dövrlərin və təhsil aldığı, hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus AT-İ ******* saylı və ИТ-İ ******* saylı əmək kitabçalarında qeyd edilən dövrlərin və təhsil aldığı dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin 1 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1649/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1649/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver