Məhkəmə qərarları › İş №2-1(118)-165/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-165/2020

31.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-165/2020 31.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “Onun 1981-1984-cü illərdə Azərbaycan SSR-nin Bakı 2 saylı tibb məktəbində təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanmasının və ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması”barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin orqanın **********3 saylı, xx xxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının tələb olunan pensiya kapitalına malik olmaması göstərilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan özünün xx xxxx 2019-cu il tarixli, **********3 saylı imtina məktubu ilə onun ərizəsini təmin etməmiş və 18.635.66 manat pensiya kapitalının olduğunu, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün isə 19.200 manat pensiya kapitalının tələb olunduğunu göstərərək, ərizəsinə imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh 1981-1984-cü illərdə Azərbaycan SSR-nin Bakı 2 saylı tibb məktəbində əyani şöbədə təhsil aldığı müddətləri onun sosial sığorta stajına hesablamamışdır. Təhsil müddəti sosial sığorta stajına daxil edildiyi təqdirdə isə iddiaçının əmək pensiyası almaq hüququ yaranır. Bundan başqa təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi birbaşa qanunvericilikdə nəzərdə tutulur. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bundan başqa xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. O, 1981-1984-cü illərdə Azərbaycan SSR-nin Bakı 2 saylı tibb məktəbində təhsil almışdır.Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır, cavabdeh təhsil müddətini sosial sığorta stajı kimi nəzərə almamaqla onun sosial təminat və konstitusion hüquqlarını pozmuşdur. İddiaçının 1981-1984-cü illərdə Azərbaycan SSRnin Bakı 2 saylı tibb məktəbində təhsil aldığı müddətlər cavabdeh inzibati orqan tərəfindən əmək stajı kimi müəyyən edilməklə, sosial sığorta stajına daxil edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə iclasında iddiaçı Məmmədova(Mayılova) Teybə Mirhəsən qızı iştirak etmiş, iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə dair etirazda qeyd edilir ki, İddiaçı “1981-1984-cü illərdə Azərbaycan SSR- nin Bakı 2 saylı Tibb məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanmasının və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulmasına barədə vermiş olduğu iddianı tamamilə əsassız hesab edrlər. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi iddia tələbi ilə bağlı bunları bildirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2006-cı il tarixli Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunmuşdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsində sığorta stajına daxil edilən digər fəaliyyət müddətləri sırasında təhsil alma müddəti göstərilməmişdir. Buna görə də iddiaçının 1981- 1984-cü illərdə Azərbaycan SSR-nin Bakı 2 saylı Tibb məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası üçün 19200 manat pensiya kapitalı tələb olunur. İddiaçının isə cəmi 18635,66 manat pensiya kapitalı vardır. Tələb olunan pensiya kapitalı toplamadığından ona əlilliyə görə əmək pensiyası təyin olunması qanunvericiliklə mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddiaya etirazı müdafiə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddia ərizəsində göstərilən dövrlər nəzərə alınarsa, iddiaçının pensiya hüququ yaranar. İddiaçıya məxsus 031249 saylı diplomda onun 1981-1984-cü illərdə Bakı 2 saylı tibb məktəbində təhsil aldığıqeyd edilmişdir. . Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı müddət pensiya təyinatı zamanı sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının Bakı 2 saylı tibb məktəbində təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinəəsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Bakı 2 saylı tibb məktəbində təhsil aldığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəməyə təqdim edilmiş pensiya işinin materiallarından görsənirki, iddiaçının təhsil aldığı dövrlər sosial sığorta stajı kimi nəzərə alınanda onun pensiya hüququ yaranır. Bu hal tərəflər arasındada mübahisə olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1981- 1984-cü illərdə Bakı 2 saylı tibb məktəbində təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanması və ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyicavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsininüzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Məmmədova(Mayılova) Teybə Mirhəsən qızının 1981-1984-cü illərdə Bakı 2 saylı tibb məktəbində təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanması və ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyicavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsininüzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar