Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1652/2024 12.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Gərəy kəndində yerləışən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılması və cavabdehdən 3000 manat maddi və 2000 manat mənəvi ziyan olmaqla 5000 manat pulun tutulması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin xəbəri olmadan və qanunsuz olaraq koordinatlarına edilmiş dəyişikliyin bərpa edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Belə ki, Quba rayon Notariot kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Gərəy kəndində yerləşən 1.0 hektar torpaq sahəsi iddiaçıya satılaraq xüsusi mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmaqla (seriya MH №0003087) iddiaçının adına çıxarış verilmişdir. Bundan əlavə cavabdeh tərəfindən **********44 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli torpaq sahəsinə dair daşınmaz əmlakın pasportu verilmişdir. Qeyd edilmiş sənədlər ərizəyə əlavə edilmişdir. Sözügedən torpaq sahəsi çay və yol arasında yerləşməklə çay boyunca 200 metr olmuşdur. İddiaçının həmin torpaq sahəsini 2006-cı ildə alma səbəbi də məhz torpaq sahəsinin yol və çay arasında çay boyunca yerləşməsi olmuşdur. Ərizəyə əlavə edilmiş daşınmaz əmlakın pasportunda əks olunmuş koordinatlardan da bu hal açıq-aydın əks olunmuşdur. Həmin dövrdən bugünədək həmin yer iddiaçının istifadəsində olmuş və bu yerlə bağlı hər hansı məhkəmə və ya digər mübahisə olmamışdır. Lakin 2023-cü ildə iddiaçı həmin torpaq sahəsini satmaq istəyərkən ona verilmiş bölgü sxemində həmin torpaq sahəsinin koordinatlarının dəyişdirilərək tam fərqli formada yəni, çay boyunca olan hissəsi iki dəfəyədək azaldılmaqla və torpaq sahəsinin bir hissəsinin ortasından yol keçməklə yolun qarşı tərəfində yerləşdirilməsi məlum olmuşdur. Belə olan təqdirdə isə torpaq sahəsinin dəyəri, mahiyyəti və anlamı qalmamışdır. İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə cavabdeh orqana müraciət etmiş, lakin müraciətlərə cavab olaraq ona həmin idarənin Yerquruluşunun təşkili şöbəsinə müraciət etməyi bildirilmişdir. Bu məktubdan sonra təkrarən 5 saylı Xaçmaz Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinə müraciət edilmişdir. Lakin yenə də cavab gəlməmişdir. Bundan başqa, vurulmuş ziyana görə kompensasiyanın ilk öncə maddi ziyan ilə bağlı hissəsinə münasibətdə bildirilir ki, torpaq sahəsi Quba şəhərində yerləşir, iddiaçı isə Bakı şəhərində yaşayır. İnzibati orqanlara müraciət məktubunun yazılması, məhkəməyə iddia ərizəsinin yazılması, eləcə də iddia ərizəsinin mümkün hesab edilib baxılacağı təqdirdə məhkəmə proseslərinə gəlməyilə əlaqədar yol xərci və sair digər xərclərinin çıxmasını nəzərə alaraq 3000 AZN dəyərində maddi ziyanın tutulmasını xahiş edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 12 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarınına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, müvafiq düzəlişlə əlaqədar Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinə dair sənədlərdə Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinə müraciət ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciəti olmuş, lakin cavabdeh orqan tərəfindən təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş məktublardan görünür ki, iddiaçı 5 saylı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinə də müraciət etmişdir. **********44 reyestr nömrəli (xx.xx.2010-cu il tarixdə tərtib olunmuş) daşınmaz əmlakın (torpaq sahəsinin) pasportuna əsasən mübahisəli torpaq sahəsinin koordinatları qeyd edilmiş və plan-cizgi çəkilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən (iddiaçı tərəfindən cavabdehin hesabına müvafiq rüsum ödənilməklə) müəyyən edilmişdir ki, iddiaçı ilə Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2006-cı il tarixli **********44 reyestr nömrəli çıxarış baza məlumatlarında olan DWJ xəritələrində olan JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilmiş torpaq sahəsinin bölgüsündən sonra tərtib edilmişdir. Həmin çıxarışda qeyd olunmuş koordinatlar JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin şimal-şərq hissəsindən ayrılmış və planşetdə göstərilən koordinatlara uyğundur və həmin koordinatlar dəyişdirilməmişdir. Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və bölgü sxemi də iş materiallarına əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi alqı-satqı müqaviləsi ilə əldə edilmişdir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Quba rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı tərəf cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətini təmin olunmamışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Quba rayonu olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu 6-cı maddə. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək.
“Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətindəbildirişverilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqavə ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı Quba rayonunun Gərəy kəndində yerləşən 1.0 hektar torpaq sahəsini Quba rayon Notariot kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən satın almış və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən MH №0003087 olan çıxarış və texniki pasport əldə etmişdir. Yəni, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olmuş və elektron bazada öz əksini tapmışdır. Mübahisəli torpağa dair texniki pasportdan da göründüyü kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla döngə nöqtələrinin koordinatları, plan-cizgi, bonitet balı və keyfiyyət qrupu qeyd olunmuşdur. Lakin cavabdeh orqan tərəfindən əsası qeyd olunmadan müvafiq torpaq sahəsinin koordinatları dəyişdirilmiş və çay boyunca olan hissəsi iki dəfəyədək azaldılmış və bir hissəsinin ortasından yol keçməklə yolun qarşı tərəfində yerləşdirilmişdir. İddiaçının dəfələrlə həm cavabdeh orqana, həm də Yerquluşunun təşkili şöbəsinə edilmiş müraciəti cavablanmamış, bununla da iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilə edilməklə torpaq üzərində sərəncam hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh mövcud vəziyyəti təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı əldə edilmiş mütəxəssis rəyindən də göründüyü kimi müəyyən edilmişdir ki, iddiaçı ilə Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-Ə/716 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2006-cı il tarixli **********44 reyestr nömrəli çıxarış baza məlumatlarında olan DWJ xəritələrində olan JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilmiş torpaq sahəsinin bölgüsündən sonra tərtib edilmişdir. Həmin çıxarışda qeyd olunmuş koordinatlar JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin şimal-şərq hissəsindən ayrılmış və planşetdə göstərilən koordinatlara uyğundur və həmin koordinatlar dəyişdirilməmişdir. xx.xx.2006-cı il tarixli **********44 nömrəli çıxarışda göstərilən torpaq sahəsi heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinə dair çıxarışın koordinatları baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Lakin sözügedən DWJ xəritələri ilə faktiki istifadə (naturadakı istifadə vəziyyəti) arasında uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsi baza məlumatlarında olan torpaqların kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilmişdir. Sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilsə də faktiki olaraq həmin torpaq sahəsinin daxilindən Quba-Susay avtomobil yolu keçir. Həmin avtomobil yolu keçən hissə 0,09 ha təşkil edir. Baza məlumatlarında olan DWJ xəritələri ilə torpaqların elektron uçotu informasiya sistemi arasında uyğunsuzluq mövcuddur. Mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Beləliklə, iddiaçının məqsədi mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportdakı vəziyyətinə qaytarılmasına nail olmaqdan ibarət olmuşdur. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Belə ki, ona məxsus olan daşınmaz əmlakın texniki pasportunda döngə nöqtələrinin koordinatları da qeyd edilmişdir. Çıxarışın koordinatları baza məlumatlarında olan DWJ xəritələrinə əsasən JN-24 nömrəli Dövlət Aktının 24 A planşetində göstərilən torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil etmişdir. Lakin həmin koordinatlar əsassız olaraq cavabdeh orqan tərəfindən dəyişdirilmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarının - əmlak üzərində sərəncam hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarınına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Quba rayonu, Gərəy kəndində yerləşən 1,0 ha torpaq sahəsinin koordinatlarına edilmiş dəyişikliyin ləğv edilərək texniki pasportda olan əvvəlki koordinatlarına geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev