Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1656/2025 02.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüquqlarına dair arayışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X8, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüquqlarına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 2 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15 mart 2010-cu il tarixli, A seriyalı, 225897 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 nömrəli qərarı ilə X12 verilmiş 1.682,38 kv.m həyətyanı torpaq sahəsinin kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, əsas döngə nöqtələrin koordinatları, planı (miqyas 1:1000) göstərilmişdir.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X23 11 fevral 2019-cu il tarixli, 93 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı rayon X27 və emalı müəssisəsinin 31 yanvar 1994-cü il tarixli, 1 nömrəli protokolu ilə şəxsi həyətyanı torpaq sahəsinə ehtiyacı olan X12 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1192/2023 nömrəli qərardadı ilə iddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ona məxsus Şamaxı rayonu, Göylər kəndində faktiki istifadəsində olan Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli, 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə X10 uçot informasiya sistemində başqa şəxsin adına işlənmiş (şifahi olaraq bildirilib ki, X9 adına işlənmiş) qeydlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
4. AZ-İİ seriyalı, 369636 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X17 11 dekabr 2023-cü il tarixdə ölmüşdür.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 30 dekabr 2023-cü il tarixli, 3197 nömrəli məktubundan görünür ki, mərhum X6 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən Şamaxı regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət daxil olmuşdur.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 1 aprel 2024-cü il tarixli, **********14 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, qeydiyyata aldırmaq istədiyi torpaq sahəsi başqa şəxs tərəfindən çəpərlənmişdir. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə torpaq sahəsinin inventarlaşması mümkün olmamışdır.
7. Şamaxı Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli, 2(074)-918/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri” publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin çəpərinin sökülməsi və maneəsiz istifadə hüququnun təmin olunmaqla həmin torpaq sahəsinə çıxarış verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir.
8. Şamaxı Rayon Prokurorluğunun 7 aprel 2025-ci il tarixli, 2-2-450/2-069110/2025 nömrəli məktubundan görünür ki, Şamaxı rayonu, Göylər kənd sakini İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna 4 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, X15 və X20 ondan 1.300 manat pul almalarını və həmin pulun müqabilində ona saxta kadastr torpaq sənədləri vermələrini göstərmiş və qeyd edilən müraciət aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Qəbul zamanı İddiaçı rayon prokurorluğuna 18 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək əvvəlki ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı heç bir şikayət və tələbinin olmadığını, eləcə də ərizənin baxılmamış saxlanmasını xahiş etmiş, beləliklə sonuncunun 4 noyabr 2024-cü il tarixli müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6 və 14.0.2-ci maddələrinə əsasən baxılmamış saxlanılmışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 17 fevral 2023-cü il tarixli, **********23 nömrəli məktubundan görünür ki, X9 adına verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə dair idarənin arxivində hüquq müəyyənedici sənədlərin verilməsi barədə məlumat aşkar edilməmişdir.
10. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X23 14 avqust 2024-cü il tarixli, 3-48-DA-11F/2-203-39-24 nömrəli məktubu ilə rayon Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 saylı protokolunun və X33 İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 saylı protokolunun təsdiqlənmiş surəti qoşma şəklində göndərilmişdir. Qeyd edilmişdir ki, torpaq sahələrinin ayrılması haqqında adlı siyahı protokola əlavə edilməmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 27 sentyabr 2024-cü il tarixli, 3-21-3-41/2-2143/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən aşağıdakılar müəyyən edilmişdir: - Ərazi İdarəsində mövcud olan elektron məlumat bazasında və arxivində Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 nömrəli qərarına əsasən X12 ayrılmış Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 1.682,38 kv.m torpaq sahəsinə dair hər hansı bir məlumat və ya hüquq müəyyənedici sənəd aşkar olunmamışdır. - Ərazi İdarəsində Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 nömrəli qərarına əsasən X12 ayrılmış Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 1.682,38 kv.m torpaq sahəsinin A seriyalı, 225897 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ilkin qeydiyyat tarixindən hazırkı günədək hər hansı notarial əməliyyatların aparılması, qeydiyyatı barədə elektron arxiv və baza məlumatlarında hər hansı bir qeyd aşkar edilməmişdir. - naturada göstərilən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1. X= 303966.9127, Y= 4483955.1096; 2. X= 303979.3017, Y= 4483948.4428; 3. X=303991.0626, Y=4483942.1140; 4. X=303963.1540, Y=4483885.1242; 5. X=303952.6836, Y= 4483892.1961; 6. X=303940.6331, Y= 4483900.3352; - Elektron məlumat bazasına əsasən naturada göstərilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. - Elektron məlumat bazasına əsasən naturada göstərilən torpaq sahəsi yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir. - İddiaçı A seriyalı, 225897 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən verilmiş olan 1.682,38 kv.m torpaq sahəsi və naturada göstərdiyi torpaq sahəsi köhnə (DWJ məlumatlarında – islahat xəritəsində) xəritədə öz əksini tapmamışdır. Naturada göstərilən torpaq sahəsi yeni xəritədə (torpaqların elektron kadastr uçotu informasiya sistemində - TEKUİS məlumatlarında) qeyd olunmuşdur. - İddiaçı naturada göstərdiyi mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xətləri çəkilməmişdir və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir. - Ərazi İdarəsində mövcud olan DWJ və DBF vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə heç bir məlumat aşkar olunmamışdır. - İddiaçı sənəd üzrə olan torpaq sahəsinə dair Ərazi İdarəsində heç bir məlumat aşkar olunmadığından sənəd üzrə torpaq sahəsinin hər hansı bir başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı naturada göstərdiyi mübahisəli torpaq sahəsi elektron məlumat bazasına əsasən hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı iddia etdiyi torpaq sahəsi naturada mübahisəlidir, torpaq sahəsinin kənarına dəmir tor çəkilmiş və əraziyə başqa şəxs tərəfindən mişar daşı tökülmüşdür. - Naturada göstərilən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə mülkiyyət hüququ qeydə alınmış çıxarışlar verilməmişdir. - torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. - qoşma şəklində torpaq sahəsinin ortofoto görüntüsü əlavə edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” X16 7 yanvar 2025-ci il tarixli, 05/09İS/002522-25 nömrli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcud olan məlumata əsasən İddiaçı ailə tərkibi arvadı – X17, oğlu – X7, oğlu – X4, qızı – X1, oğlu – X2 ibarətdir.
13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X23 25 fevral tarixli, 44 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli, 76 nömrəli əmri ilə həyətyanı torpaq sahəsinə ehtiyacı olan X13 0,08 ha torpaq sahəsi verilmişdir.
14. Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyətinin 3 mart 2025-ci il tarixli, 5-75/2-134/2025 nömrəli aparılan araşdırma zamanı İddiaçı mübahisələndirdiyi əraziyə X18 tərəfindən mişar daşı tökülməsi müəyyən olunmuşdur.
15. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X23 7 may 2025-ci il tarixli, 3- 48-DA-11F/2-107-39-25 nömrəli Vəkil göndərilmiş məktubundan görünür ki, Göylər kənd İcra nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitablarında X9 adına həyətyanı torpaq sahəsi aşkar olunmamışdır.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 12 may 2025-ci il tarixli, 3-21-3-60/2- 1242/2025 nömrəli məktubundan görünür ki, aparılmış araşdırma zamanı X13 0,08 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Şamaxı rayonu Engels adına sovxozun 29 iyun 1996-cı il tarixli, 76 nömrəli əmri aşkar edilməmişdir. Arxivdə saxlanılan Şamaxı rayonu, Dağ Göylər kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X9 adı İddiaçı ailəsinin üzvü kimi qeydiyyata alınmışdır. İşin dəqiq və hərtərəfli araşdırılması məqsədilə Şamaxı rayonu, Dağ Göylər kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarından İddiaçı (ailə üzvlərilə birgə) və X8 adları qeyd edilmiş hissədən, eləcə də Şamaxı rayon Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarından çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
17. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1.682,38 kv.m torpaq sahəsindən maneəsiz istifadə hüququ təmin olunmaqla 1.682,38 kv.m torpaq sahəsi üçün çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi işin hallarına (§1-9) onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin digər 2-1(118)-1192/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadından görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən X3 il mərhum həyat yoldaşına qarşı iddia qaldırmışdı ki, onun 0,08 ha torpaq sahəsini zəbt edilmişdir. Bu isə məhkəmənin qərardadı ilə təmin edilməmiş və qanuni qüvvəyə minmişdir. Hal-hazırda məhkəmə mübahisəsi yoxdur və mərhum həyat yoldaşının adına olan həmin torpaq sahəsi mübahisəli ərazi deyildir. Həm cavabdeh, həm də kəndinin bələdiyyəsi iddiaçıya məxsus sözügedən torpaq sahəsindən maneəsiz istifadə hüququnu təmin etmir və həmin torpaq sahəsinin sərhədlərinin rəsmi qaydada tanıtdırılması və çıxarışın verilməsindən imtina edilmişdir.
19. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, prosessual hüquqi əsası kimi İPM-in 2, 32.2.1, 33.1-ci maddələrinə istinad olunmuşdur.
20. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 1.682,38 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X12 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 23 yanvar 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
21. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
22. Məhkəmənin 24 yanvar 2025-ci il tarixli, 2-1(118)-1656/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüquqlarına dair arayışın verilməsi” iddia tələbinə dair iş üzrə X8 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
23. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı cavabdehin etiraz dəlilləri:
24. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istədiyi 1.682,38 kv.m torpaq sahəsi başqa şəxs tərəfindən çəpərlənmişdir. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, torpaq sahəsinin inventarlaşması mümkün olmamış və bu səbəbdən iddiaçının ərizəsinin icrasına imtina verilmişdir.
26. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 9, 23-cü maddələrinə istinad edilmişdir.
İddia ərizəsinə qarşı üçüncü şəxsin etiraz dəlilləri:
27. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırılmışdır ki, ilk növbədə iddiaçı torpaq sahəsinə dair planölçü sənədi məhkəməyə təqdim etməklə faktiki olaraq üçüncü şəxsin istifadə və sahibliyində olan 0,08 ha torpaq sahəsinə hüququnun mövcud olmasını sübut etməyə çalışaraq, amma əslində məhkəməyə saxta sənəd təqdim etməklə yanlışlıq yaratmaqla üçüncü şəxsin torpaq sahəsinə olan hüquqlarını pərdələməklə mənimsəməyə cəhd etmişdir.Hər hansı şəhadətnamə, kadastr plan-ölçüsü, çıxarış və sair hüquqi bir sənədin verilməsinə, sənəd kimi formalaşmasına başlanğıc (ilkin hüquqi əsas yaradan) sənədlər mövcud olmalıdır. Məhkəmə araşdırmalarının və sorğu edilən qurumlarda bu sənədin kötüyü - ilkin hüquqi qeydiyyatını təstiq edən əsaslar müəyyən edilmir. Odur ki, belə bir sənəd mövcud deyildir. Bundan başqa, torpaq sahəsinin plan-ölçüsü sənədində X29 Komissiyasının 4 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 1.682,38 kv.m həyatyanı torpaq sahəsinin ona ayrılması göstərilmişdir. Bildirilmişdir ki, SSSR dönəmindən bələdiyyələr yarandığı günədək hər hansı bir şəxsə 0,08 ha həyatyanı torpaq sahəsindən artıq ölçüdə torpaq sahəsi ayrılması mümkün deyildir. Hətta məhkəməyə təqdim edilmiş sənədlərdən, protokol və adlı siyahıda olan şəxslərin məlumatlarında da bu hallar öz əksini tapmışdır. Şamaxı rayon Prokurorluğu tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubunun məzmununda qeyd edilmişdir ki, Şamaxı rayonu, Göylər kənd sakini olan iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna 4 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, X15 və X20 ondan 1.300 manat pul almalarını və həmin pulun müqabilində ona saxta kadastr torpaq sənədləri vermələrini göstərmiş və qeyd edilən müraciət aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Qəbul zamanı iddiaçı rayon prokurorluğuna 18 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək əvvəlki ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı heç bir şikayət və tələbinin olmadığını, eləcə də ərizənin baxılmamış saxlanmasını xahiş etmiş, beləliklə sonuncunun 4 noyabr 2024-cü il tarixli müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6 və 14.0.2-ci maddələrinə əsasən baxılmamış saxlanılmışdır. Buna əsas kimi göstərilir ki, üçüncü şəxsin məhkəmənin icraatında olmuş 2-1(118)- 1192/2023 saylı iş üzrə X17 torpaq sahəsinin plan-ölçüsü sənədini təqdim etmişdir. Hazırkı icraatda olan inzibati iş üzrə iddiaçı tərəfindən X12 məxsus olmuş X30 Komissiyasının 4 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 1.682,38 kv.m həyatyanı torpaq sahəsinin ayrılması barədə torpaq sahəsinin A seriyalı, 225897 nömrəli, 15 mart 2010-cu il tarixdə 2593 nömrə ilə uçota alınmış plan və ölçüsü sənədinin eyni sənəd olması göstərilmiş olsa da, inzibati iş üzrə təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsü üzərində olan cizgi ilə fərqli olması müəyyən edilmişdir və saxta olmasına dəlalət edir, ona görə də təqdim edilmiş kadastrın kötük sənədləri aşkar edilmir. Beləliklə də, X12 məxsus olmuş X28 Komissiyasının 4 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 1.682,38 kv.m həyatyanı torpaq sahəsinin ayrılması barədə torpaq sahəsinin A seriyalı, 225897 nömrəli, 15 mart 2010-cu il tarixdə 2593 nömrə ilə uçota alınmış plan və ölçüsü sənədinin kadastr sənədi üzərində yazılarda da düzəliş aparıldığı aşkardır. Sorğulanan dövlət orqanlarında bazası hansı hüquq müəyyənedici sənədlər və əsaslarla ayrılması görünmür.
c) Tərəflərin iştirakı və izahatları:
28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
29. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 nömrəli qərarına əsasən X12 ayrılmış Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 1.682,38 kv.m torpaq sahəsinin planı və ölçüsü sənədinin ilkin qeydiyyat tarixindən hazırkı günədək hər hansı notarial əməliyyatların aparılması, qeydiyyatı barədə elektron arxiv və baza məlumatlarında hər hansı bir qeydin, mövcud olan vahid elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsi barədə heç bir məlumatın aşkar olunmadığını bildirmişdir.
30. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmiş, torpaq sahəsinin faktiki olaraq tərəfindən istifadə oldunduğunu və hasara alındığını bildirmişdir.
31. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili təqdim edilmiş etirazın dəlillərini müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
32. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
33. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
34. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
35. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
36. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
37. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
38. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
39. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
40. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-)
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
43. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
44. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
46. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
47. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
48. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
49. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir.
50. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
51. İddiaçı tələbinin əsası kimi Şamaxı rayon X27 və Emalı müəssisəsinin 31 yanvar 1994-cü il tarixli, 1 nömrəli protokolu ilə mərhum arvadı X12 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılmasını, lakin əsassız olaraq həmin ərazinin üçüncü şəxs tərəfindən istifadə olunduğunu, cavabdeh tərəfindən müvafiq sənədlərin mövcud olduğuna baxmayaraq, torpaq sahəsi üzərində iddiaçının mərhum arvadının mülkiyyət hüquqlarına dair arayışın verilməsindən əsassız olaraq imtina edilməsini bildirir.
52. Cavabdeh tərəf isə etirazını onunla əsaslandırır ki, torpaq sahəsi başqa şəxs tərəfindən çəpərlənmiş, mübahisəli ərazidə yerləşdiyinə görə, torpaq sahəsinin inventarlaşması mümkün olmamış və bu səbəbdən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.
53. Mübahisələndirilən torpaq sahəsini faktiki istifadə edən üçüncü şəxs hazırkı iddia tələbinə dair münasibət bildirmiş, iddianın təmin edilməməsini xahiş edərək, iddiaçıya məxsus olan sənədlərin hər hansı arxiv materiallarında mövcud olmadığından saxta olduğunu iddia edir.
54. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Milli Arxiv İdarəsi Dövlət X23 11 fevral 2019-cu il tarixli, 93 nömrəli arxiv çıxarışına əsasən Şamaxı rayon X27 və emalı müəssisəsinin 31 yanvar 1994-cü il tarixli, 1 nömrəli protokolu ilə şəxsi həyətyanı torpaq sahəsinə ehtiyacı olan X12 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 15 mart 2010-cu il tarixli, A seriyalı, 225897 nömrəli plan və ölçü sənədi hazırlanmış, hazırda mərhum X9 vərəsəsi olan iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüquqlarını təsdiq edən arayışın verilməsini tələb edir. Bundan əlavə, mübahisə predmeti olan torpaq sahəsinə dair üçüncü şəxs tərəfindən təqdim edilmiş Milli Arxiv İdarəsi Dövlət X23 25 fevral tarixli, 44 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli, 76 nömrəli əmri ilə həyətyanı torpaq sahəsinə ehtiyacı olan üçüncü şəxsə 0,08 ha torpaq sahəsi verilmişdir. Buna əsasən də üçüncü şəxs torpaq sahəsi üzərində hüquqların mövcud olduğunu bildirir.
55. Məhkəmə araşdırması zamanı göndərilmiş sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim edilən mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, elektron məlumat bazasında və arxivində Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 nömrəli qərarına əsasən X12 ayrılmış Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 1.682,38 kv.m torpaq sahəsinə dair hər hansı bir məlumat və ya hüquq müəyyənedici sənəd, DWJ və DBF vahid elektron baza məlumatlarında heç bir məlumat aşkar olunmamış, torpaq sahəsi bələdiyyə mülkiyyətinə, yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir, üzərindən yüksək gərginlikli elektrik və digər kommunikasiya xətləri çəkilməmişdir və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir, naturada elektron məlumat bazasına əsasən hər hansı şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, lakin mübahisəlidir, torpaq sahəsinin kənarına dəmir tor çəkilmiş və əraziyə başqa şəxs tərəfindən mişar daşı tökülmüşdür.
56. Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş məlumata əsasən mübahisələndirilən əraziyə mişar daşının üçüncü şəxs tərəfindən tökülməsi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə iclasında iştirak edən üçüncü şəxs mübahisə predmeti olan torpaq sahəsinin onun istifadəsində olduğunu bildirmişdir.
57. Məhkəmə yaranmış mübahisəli halın araşdırılması və torpaq sahəsinin ayrılmasına dair sənədlərin müəyyən edilməsi məqsədi ilə arxiv idarələrinə müvafiq sorğular göndərmiş, nəticədə məhkəməyə cavab olaraq təqdim edilmiş arxiv arayışlarını proses iştirakçılarının təqdim etdiyi arxiv çıxarışları ilə birlikdə tədqiq etmiş, aşağıdakıları müəyyən etmişdir: - Milli Arxiv İdarəsi Dövlət X23 11 fevral 2019-cu il tarixli, 93 nömrəli arxiv çıxarışına əsasən Şamaxı rayon X27 və emalı müəssisəsinin 31 yanvar 1994-cü il tarixli, 1 nömrəli protokolu ilə X12 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir; - Milli Arxiv İdarəsi Dövlət X23 25 fevral tarixli, 44 nömrəli arxiv çıxarışına əsasən Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli, 76 nömrəli əmri ilə üçüncü şəxsə 0,08 ha torpaq sahəsi verilmişdir. - Milli Arxiv İdarəsi Dövlət X23 7 may 2025-ci il tarixli, 3-48-DA-11F/2-107-39-25 nömrəli məktubuna əsasən Göylər kənd İcra nümayəndəliyinin 1991-1995-ci illərin təsərrüfatbaşına kitablarında X9 adına həyətyanı torpaq sahəsi aşkar olunmamışdır. - məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən X9 adına verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə dair idarənin arxivində hüquqmüəyyənedici sənədlərin verilməsi barədə məlumat aşkar edilməmişdir. - məhkəmə sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Dövlət X23 14 avqust 2024-cü il tarixli, 3-48-DA-11F/2-203-39-24 nömrəli məktubu ilə Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 saylı protokolunun və X33 İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 3 saylı protokolunun təsdiqlənmiş surəti göndərilmiş, lakin qeyd edilən protokollarda mərhum X9 və ya üçüncü şəxsin adları qeyd edilməmiş, torpaq sahələrinin ayrılması haqqında adlı siyahı protokola əlavə edilməmişdir. - məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən təqdim edilmiş məlumata əsasən üçüncü şəxsə 0,08 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair Şamaxı rayonu Engels adına sovxozun 29 iyun 1996-cı il tarixli, 76 nömrəli əmri aşkar edilməmişdir. Eyni zamanda, təqdim edilmiş Şamaxı rayon Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarından çıxarışlarda mərhum X9 və ya üçüncü şəxsin adları qeyd edilməmişdir. Bundan əlavə, təqdim edilmiş Şamaxı rayonu, Dağ Göylər kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin əlyazma və elektron siyahılarında iddiaçının, onun ailə üzvlərinin və üçüncü şəxsin adları qeyd olunsa da, həmin siyahıların hansı əraziyə dair aparılması müəyyən edilmir. Qeyd olunmalıdır ki, məhkəmə iclasında iştirak edən üçüncü şəxs onlara ayrılmış digər torpaq sahələrin də mövcud olduğunu və həmin siyahının digər ərazilərə dair aparılmasını bildirmişdir.
58. Bundan əlavə, məhkəmə proses iştirakçılarına təqdim edilmiş arxiv çıxarışların verilməsi əsaslarını müəyyən edilməsi üçün Milli Arxiv İdarəsi X31 Filialına müvafiq soğru göndərmiş, tərəfindən verilmiş X12 0,12 ha torpaq sahəsinin ayrılmasını təsdiq edən 11 fevral 2019-cu il tarixli, 93 saylı arxiv çıxarışında göstərilən 31 yanvar 1994-cü il tarixli, 01 saylı protokolun qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətinin və üçüncü şəxsə torpaq sahəsinə ehtiyacları nəzərə alınması ilə həyətyanı 0,08 ha torpaq sahəsinin ayrılmasına dair 29 iyun 1996-cı il tarixli, 76 saylı əmrin özünün qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunmuş surətinin verilməsi xahiş edilsə də, arxiv idarəsi tərəfindən qeyd edilən sənədlər təqdim edilməmişdir.
59. Eyni zamanda iş materialı ilə müəyyən olunur ki, iddiaçının X15 və X20 ondan 1.300 manat pul almalarını və həmin pulun müqabilində ona saxta kadastr torpaq sənədləri vermələrini göstərmiş və qeyd edilən müraciət aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmiş müraciətin edilməsi, daha sonra isə ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı heç bir şikayət və tələbinin olmadığını, eləcə də ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir.
60. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin ayrılmasına dair müvafiq arxiv çıxarışın əsası öz təsdiqini tapmamış, bununla da torpaq sahəsinin ayrılması halı müəyyən edilməmişdir.
61. Bu səbəbdən də, Şamaxı rayonu, Göylər kəndi ərazisində yerləşən 1.682,38 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X12 məxsus olması haqqında arayışın verilməsi hazırkı halda mümkün deyil.
62. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
63. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
64. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
NƏTİCƏVİ HİSSƏ
65. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova