Məhkəmə qərarları › İş №2-1(118)-1658/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1658/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1658/2021 30.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə ona doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 29 iyul 2021-ci il tarixli 05/Q-700/15 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 15.10.1967-ci il tarixdə Qobustan rayonunun Şıxzahırlı kəndində anadan olmuşdur. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şamaxı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin sonuncu onun ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından ona Şamaxı rayon qeydiyyat şöbəsində 24.07.1980-ci ildə 36 nömrə ilə qeydə alınmış təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə verirlər. Bu Məcəllənin 160.1-cı maddəsində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 22 və 12-ci bəndlərində qeyd olunur ki, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsindən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə düşən inzibati aktın qəbulu edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmələr baxırlar. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Şamaxı rayon qeydiyyat şöbəsinə İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.7-ci bəndinə əsasən “yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğum haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.” “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1 -ci maddəsinə əsasən “Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.” İddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi (olmaması səbəbindən) üçün Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Eyni zamanda vətəndaşa hüquqi yardım göstərilərək tərəflərindən iddia ərizəsi hazırlanmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Doğruluğu Şıxzahırlı kənd sakini X2, X3, Mirzəliyev Yüzbaşı Məhəmməd oğlu tərəfindən təsdiq edilmiş 27 sentyabr 2021-ci il tarixli Akta əsasən akta əlavə edilmiş şəkildəki şəxsin 15.10.1967-ci il təvəllüdlü İddiaçı olması təsdiq edilmişdir. Həmin sənəd Qobustan rayon İHB-nin Şıxzahırlı kənd İƏD üzrə nümayəndəsi Q.Xəlilov tərəfindən imza və möhürlə təsdiq edilmişdir. 24 iyun 1980-ci il tarixli, 36 saylı Doğum haqqında bərpa akt qeydinə əsasən İddiaçı 15.10.1967-ci il tarixdə Qobustan rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Əsasnamənin 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İş marerialları ilə müəyyən olunur ki, 24 iyun 1980-ci il tarixli, 36 saylı Doğum haqqında bərpa akt qeydinə əsasən İddiaçı 15.10.1967-ci il tarixdə Qobustan rayonunun Şıxzərli kəndində anadan olmuşdur. İddiaçı şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğruluğu Şıxzahırlı kənd sakini X2, X3, Mirzəliyev Yüzbaşı Məhəmməd oğlu tərəfindən təsdiq edilmiş 27 sentyabr 2021-ci il tarixli Akta əsasən akta əlavə edilmiş şəkildəki şəxsin 15.10.1967-ci il təvəllüdlü İddiaçı olması təsdiq edilmişdir. Həmin sənəd Qobustan rayon İHB-nin Şıxzahırlı kənd İƏD üzrə nümayəndəsi Q.Xəlilov tərəfindən imza və möhürlə təsdiq edilmişdir. Habelə iddiaçının doğum haqqında bərpa akt qeydi mövcuddur. Həmin akt qeydindən görünür ki, İddiaçı 15.10.1967-ci il tarixdə Qobustan rayonunun Şıxzərlı kəndində anadan olmuşdur. Ata adı Xanat, ana da Gülzardır. Beləliklə, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcuddur. Göründüyü kimi İddiaçı şəxsiyyətini müəyyən edən məlumatlar adıçəkilən sənədlərdə öz əksini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şəxsiyyət vəsiqəsi olmadığı üçün İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Şəxsiyyət vəsiqəsi olmadığı üçün İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Şamaxı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar