Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1659/2024 18.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli 13 nömrəli qərarına əsasən Qusar rayonunun Kirig kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli, 13 nömrəli qərarına əsasən Qusar rayonunun Kirig kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün ona satılmış 0,15 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Qusar rayonu Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli 13 nömrəli qərarına əsasən Qusar rayonunun Kirig kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün ona satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli, 13 nömrəli qərarına əsasən iddiaçıya Qusar rayonunun Kirig kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün 0,15 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi 20 iyul 2001-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçıya yerində təhkim edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində qeydə alınmışdır. Həmin torpaq sahəsi artıq 22 ildir ki, iddiaçının qanuni istifadəsində və sahibliyindədir. 2009-cu ildən Qusar rayonu Kirig bələdiyyəsi Qusar rayonu Həzrə bələdiyyəsinə birləşdirilmişdir. Bu yaxınlarda iddiaçı həmin torpaq sahəsinə öz adına mülkiyyət hüququnu qeydə aldırıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh 05 sentyabr 2023-cü il tarixdə iddiaçıya yazılı cavab verməklə həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaqdan və iddiaçıya həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası zamanı müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuşş Kirig bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 13 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahələrinin qəsəbə və kəndlərdə adambaşına düşən miqdarı 0,12 hektaradəkdir. Cavabdeh iddiiaçıya verilmiş 16 fevral 2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, ərizəyə əlavə olunmuş Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 168 nömrəli arxiv çıxarışında bələdiyyə qərarının ili yazılmamışdır. Qusar rayonu Kirig bələdiyyəsinin qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda qeydiyyata alınma tarixi tərtib edilmə tarixindən əvvəlki tarixə təsadüf edir. İş materiallarında olan : - Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışından görünür ki, İddiaçı Qusar rayon Kirig bələdiyyəsinin 13 saylı 13 mart tarixli qərarı ilə “Parnik içi” adlanan sahədən 0,15 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Qusar rayonu Kirig bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 13 saylı qərarına əsasən Kirig bələdiyyəsi İddiaçı 0,15 ha torpaq sahəsi satmışdır, həmin akt Qusar rayon Torpaq şöbəsində 14 mart 2001-ci il tarixdə qeydə alınmışdır. - DT və XK-nin Qusar rayon Torpaq şöbəsi tərəfindən təsdiq edilmiş arayışdan görünür ki, İddiaçı ayrılmış 0,15 ha torpaq sahəsinin planı və sərhədləri müəyyən edilmişdir. - Qusar rayonu Kirig kəndinin yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 02,15 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Qusar rayon Həzrə bələdiyyəsinin 21 sentyabr 2023-cü il tarixli, 241/2023 nömrəli məktubundan görünür ki, Qusar rayonu Kirig bələdiyyəsi tərəfindən İddiaçı 13 mart 2001-ci il tarixli, 13 nömrəli qərarı ilə satılmış 0,15 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə etirazları yoxdur. - Məhkəmənin sorğusuna əsasən Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Qusar rayon Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli 13 saylı protokolundan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 168 nömrəli arxiv çıxarışında bələdiyyə qərarının ilinin yazılmamaması cavabdehin imtinası üçün mötəbər əsas deyildir. Belə ki, torpaqların alqı-satqısı aktı, torpaqın dəyərinin ödənilməsinə dair qəbz və s.sənədlərdə 2001-ci il qeyd olunduğuna və arxiv araşdırmasının xx.xx.2000-xx.xx.2005-ci illər arasındakı dövr üzrə aparıldığı nəzərə alındıqda torpaq sahəsinin iddiaçıya həqiqətən də 2001-ci ildə ayrılması qənatəinə gəlmək olur. Bundan başqa həmin səndlərin, o cümlədən torpaqların alqı-satqısı aktının tərtib edilməsi iddiaçının vəzifələrinə aid olmamışdır, həmin aktın qanunvericilyin tələblərinə uyğun tərtib edilməməsi üzündən ona imtina cavabı verilə bilməz. İddiaçı tərəfindən bələdiyyənin hesabına müəyyən olunmuş məbləğdə vəsaitin ödənilməsi ilə alqı-satqı aktının məqsədlərinə nail olunmuşdur və iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısı baş tutmuş sayılmalıdır. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş normaya uyğunluğunun təmin olunması həmin sahəni ayırmış inzibati orqanın, eləcə də bununla bağlı müvafiq rəyləri vermiş və ayırmaya etiraz etməmiş səlahiyyətli orqanların məsuliyyət sferasına aiddir. Cavabdehin torpaq sahəsinin ölçüləri ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair təqdim etdiyi ərizədə 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsinin qanuna zidd olmadığını nəzərə alaraq ərizəni icraata qəbul etmiş və araşdırmanı bu istiqamətdə aparmışdır. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Qusar rayonu Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli, 13 nömrəli qərarına əsasən Qusar rayonunun Kirig kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün satılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayonu Kirig bələdiyyəsinin 13 mart 2001-ci il tarixli, 13 nömrəli qərarına əsasən Qusar rayonunun Kirig kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədləri üçün satılmış 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1659/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1659/2024
18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver