Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1663/2025 26.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə götürülməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 18 iyul 2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması (28 sentyabr 2020-ci il). Sağ baldırın travmatik qopması, biricli cərrahı işləmədən sonrakı vəziyyət. Diz və aşıq baldır oynaqları arası səviyyədə travmatik amputasiya. Sağ baldırın aşağı 1/9 hissəsi səviyyəsindən amputasiyası (28 sentyabr 2020-ci il) cərrahı əməliyyatdan sonrakı güdül” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 13 iyun 2024-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, İddiaçı 8 fevral 2024-cü il tarixdən Sumqayıt şəhəri, X2 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 7, mənzil 59 ünvanında qeydiyyatdadır.
3. Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının aparatının 22 aprel 2024-cü il tarixli, 5- 6/2-843/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2021-ci il tarixli, 20 saylı sərəncamı ilə mənzil uçotuna alınmışdır. 8 fevral 2024-cü il tarixdə yaşayış yerini dəyişərək ünvan 5 ünvana qeydiyyata düşdüyü səbəbdən 2 aprel 2024-cü il tarixli, 46 saylı sərəncam əsasında mənzil uçotundan çıxarılmışdır. Bildirilmişdir ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq mənzil uçotuna götürülür. Eyni zamanda ünvan 6çotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti tamam olduqdan sonra vətəndaşlar yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülə bilərlər. Qeyd edilənlər və Azərbaycan Respublikası Mənzil Məcəlləsində vətəndaşların mənzil uçotunu yaşayış yeri üzrə köçürülməsi nəzərdə tutulmadığı səbəblərdən xahişinin müsbət həlli mümkün olmamışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Neftçala Rayon İcra Hakimiyyətinin 26 dekabr 2025-ci il tarixli, 5-67/2-1529/2025 nömrəli sərəncamı məktubu ilə İddiaçı Neftçala Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsinə əsas olmuş sənədlər qoşma şəklində göndərilmişdir.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 19 dekabr 2025-ci il tarixli, 18/2-36706 nömrəli məktubundan görünür ki, İddiaçı 8 fevral 2024-cü il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qoşma şəklində aşağıdakı sənədlərin surəti təqdim edilmişdir: - 8 fevral 2024-cü il tarixli ərizədən görünür ki, İsmayılov Hüseyn İsmayıl oğlu ünvan 5 ünvanına İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 24 may 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 İddiaçı xüsusi mülkiyyətindədir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
6. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və 3cü qrup əlildir. Neftçala Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2021-ci il tarixli, 20 saylı sərəncamı ilə 2021-ci il tarixdə mənzil uçotuna alınmışdır. 8 fevral 2024-cü il tarixdə yaşayış yerini dəyişərək ünvan 5 ünvana qeydiyyata düşdüyü səbəbdən 2 aprel 2024-cü il tarixli, 46 saylı sərəncam əsasında mənzil uçotundan çıxarılmışdır. İddiaçı hal-hazırda Sumqayıt şəhərində yaşayır, Sumqayıt şəhəri, X2 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 7, mənzil 59-da qeydiyyatdadır. Cavabdehin imtinası qanunsuzdur, iddiaçının hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 2.2.2, 4.1, 12.1, 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.
9. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri
11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, etirazı imtina məktubunda göstərilmiş dəlillərə (§3) əsaslandırmışdır.
Tərəflərin iştirakı və izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
14. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
15. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
16. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
17. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
19. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı
31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir; Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. (-)
25. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
27. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
c) Məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəflərin mövqelərini, məhkəmə prosesində iddiaçı tərəfin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
29. İddiaçı tərəfin mövqeyinə görə, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, 3-cü qrup əlildir və imtiyazlı şəxs qismində Neftçala Rayon İcra Hakimiyyəti başçısının 19 mart 2021-ci il tarixli, 20 saylı sərəncamı ilə 2021-ci il tarixdə mənzil uçotuna alındığına baxmayaraq, yaşayış yeri üzrə qeydiyyatı Sumqayıt şəhərinə keçdiyi üçün həmin rayonda mənzil uçotundan çıxarılmış, lakin cavabdeh tərəfindən mənzil növbəsinə götürülməsindən imtina edilmişdir.
30. Cavabdeh tərəfin mövqeyinə görə isə, iddiaçı ünvan 5 ünvanına 8 fevral 2024-cü il tarixdə qeydiyyata düşmüş, bununla da, ünvan 6çotuna alınmanın əsaslarından biri olan 5 il daimi qeydiyyat müddəti ilə bağlı tələb ödənilmədiyindən, tələb təmin edilməməlidir.
31. İPM-in 12-ci maddəsinin tələbinə əsasən, iddiaçının Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasının, faktiki yaşaması halının araşdırılması məqsədilə məhkəmə tərəfindən müvafiq sorğular göndərilmişdir.
32. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin təqdim etdiyi məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata 8 fevral 2024-cü il tarixdə götürülmüşdür.
33. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin təqdim etdiyi məlumata əsasən iddiaçının və onun ailə üzvlərinin Neftçala rayonu, Boyat kəndində yerləşən 3,49 və 0,19 ha torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyata alınması müəyyən edilmişdir.
34. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə iclasında izahat vermiş iddiaçı Sumqayıt şəhərinə yaşayış yeri üzrə qeydiyyata düşməmişdən əvvəl atasının xidməti yeri ilə əlaqədar Neftçala rayonunda yaşadığını bildirmişdir.
35. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bildirir ki, iddiaçı tərəfindən Sumqayıt şəhəriərazisində 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olması və yaşaması halı sübuta yetirilməmişdir.
36. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı olduğundan, hazırkı iddia tələbi təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
37. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova