Məhkəmə qərarları › İş №2-1(118)-1664/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1664/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1664/2021 17.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “10.12.1993-cü il təvəllüdlü X1 06.10.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi”-nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “10.12.1993-cü il təvəllüdlü X1 06.10.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi”-nə dair inzibati iş olmuş, iddia 2-1(118)-1101/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadla qeyri-mümkün hesab edilmiş, iddiaçıya izah edilmişdir ki, hüquqi faktın təsdiq edilməsi ilə əlaqədar ümumi məhkəmədə iddia qaldıra bilər. Qərardad qanuni qüvvəsini almışdır. İddiaçı yenidən Sumqayıt İnzibati Məhkəməsinə eyni tələblə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X6 10.12.1993-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. 11.08.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdurlar. Birgə nikahdan 16.07.2012-ci il təvəllüdlü X4 və 26.01.2014-cü il təvəllüdlü X2 adlı iki övladları olmuşdur. Yoldaşım uzun müddətdir ki, zob xəstəliyindən əziyyət çəkirdi. 06.10.2020-ci il tarixdə vəfat etmişdir. Belə ki, iddiaçı , mərhum yoldaşı, 2 övladını və anası Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi,5-ci məhəllə, 1/3 saylı bağ evinə birgə yaşayırdılar. Hadisə olan gün də bütün ailə üzvləri evdə idi. Mərhumun yoldaşının digər otaqda gözlənilmədən, ani yıxılmasından sonra saat 20:30 radələrində Sumqayıt Şəhər Təcili və X5 Stansiyasına çağırış etmişdirlər. Artıq briqada evə çatarkən mərhum yoldaşı vəfat etmişdir. Yoldaşı Quba rayonu Növdün kənd qəbiristanlığında dəfn olunmuşdur. Mərhum ev şəraitində öldüyünə görə ölüm şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qanunla müəyyən olunmuş müraciət etsə də, rədd cavabı almışdır. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin müfaiq qərarından sonra ümumi məhkəməyə müraciət etməli olduğu iah edilmişdir. İddiaçı hüquqi savadının olmadığını, ümumi məhkəmədə onun işinə baxılmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, müharibə iştirakçısı olması faktının müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Bundan başqa iddiaçının Sumqayıt İnzibati Məhkəməsinin icraatında eyni tələblə inzibati işi olmuş, iddia 2-1(118)-1101/2021 saylı, 21.05.2021-ci il tarixli qərardadla qeyrimümkün hesab edilmiş, iddiaçıya izah edilmişdir ki, hüquqi faktın təsdiq edilməsi ilə əlaqədar ümumi məhkəmədə iddia qaldıra bilər. Qərardaddan iddiaçı apellysiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(105)-411/2021 saylı 05.07.2021-ci il tarixli qərardadı ilə apellysiya şikayəti təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 52 saylı 03 iyl 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X5 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu verdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Göründüyü kimi, Təlimat”ın 4-cü bəndinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş verdiyi təqdirdə Təcili və X5 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir və ambulator tibb müəssisəsinin həkiminə təqdim edilməsi üçün təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi”ni doldurur. Ölümün baş vermə səbəbi bəlli olduğu tədqirdə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında ambulator tibb müəssisəsi tərəfindən tibbi şəhadətnaməsi verilir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə şöbəsi TTTYS-nin 12 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 1993-cü il təvəllüdlü X1 adına 8 nömrəli çağırış daxil olmuş və onun meyiti aşkar edilmişdir. Kollegiya qeyd edir ki, ölümün səbəbinin müəyyən edilməsi üçün mütləq şəkildə Məhkəmə Tibbi Ekspertiza və X3 yerli şöbələri tərəfindən meyit yarılmalı və bununla bağlı müvafiq rəy verilməlidir. Göründüyü kimi, hal-hazırda mərhum X1 üzərində ekspertiza tədqiqatının aparılması və ölümün səbəbinin müəyyən edilməsi mümkün deyil. Ölümün səbəbi məlum olmadığı tədqirdə isə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4-cü bəndinə əsasən tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbləri baxımından iddia tələbinə xüsusi icraat qaydasında ərizəçinin yaşadığı yerin məhkəməsi tərəfindən baxılması mümkündür. Qeyd olunan ölüm faktı başqa qaydada öz təsdiqini tapdığı tədqirdə, məsələn təhqiqat və ya istintaq orqanının müvafiq ekspertiza rəyinə əsaslanaraq “cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin bağlamasının rədd edilməsi barədə” qərarı olduğu və buna baxmayaraq qeydiyyat orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmədiyi təqdirdə hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olardı. Bu səbəbdən kollegiya hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasıda yuxarıda qeyd edilən qərardadı ilə iddiaçının hüquq müdafiə vasitəsi olaraq umumi məhkəməyə müraciət etməli olduğunu bildirdiyi halda, iddiaçı təkrarən eyni iddia ilə inzibati məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyrimümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(105)-411/2021 saylı 05.07.2021-ci il tarixli qərardadını əsas götürərək hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar