Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1664/2024 12.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Üçüncü şəxs X4 iştirakları ilə (məhkəmə qərarının elanında iştirak etməmişlər), İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı ünvan 1 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64- 10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X5 ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uğun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdeh Xaçmaz şəhəri, F.X.Xoyski küçəsi, ev 17 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə onun adına verilmiş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64- 10301 olan fərdi yaşayış evinin texniki pasportunda düzəlişlər edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin texniki pasportunda “torpaq sahəsinin planı” hissəsində düzəlişlərin edilib, qonşu Beydulla Əliyev ilə torpaq sahələrinin sərhəd xəttinin əvvəlki sənədlərə, yəni X6 adına olmuş, qeyd nömrəsi 1635, inventar nömrəsi 2091 olan sentyabr 1991-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə notariatda təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən iddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini X2 satın almışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə dair 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyat tarixli xx.xx.2015-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********64- 10301, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 4172, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İddiaçı həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair rəsmi alqı-satqı müqaviləsini notariatda təsdiq etdirməmişdən əvvəl həmin evdə dəfələrlə olmuş və torpaq sahəsinin qonşusu Beydulla Əliyev ilə sərhədin düz xətlə olduğu görmüşdür. Evin və həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsindən sonra adına tərtib edilmiş texniki pasportu alandan sonra görmüş ki, həmin sənəddə qonşu Beydulla ilə torpaq sahəsinin sərhədi düzgün əks etdirilməmiş, həyətyanı torpaq sahəsinin bir hissəsi qonşusu Beydulla Əliyev tərəfindən zəbt olunmuş və texniki pasportunda iki qonşu arasında keçən sərhəd xətti əvvəlki sənədlərdən fərqli olaraq ziqzaq formasında göstərilmişdir. Belə ki, həmin evin və həyətyanı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X6 adına tərtib edilmiş sentyabr 1991-ci il tarixli, 2091 inventar nömrəli, 1635 qeyd nömrəli texniki pasportunda göstərilən evin həyətyanı torpaq sahəsi ilə qonşusunun torpaq sahəsi arasında olan sərhəd xətti düz xətlə işarələnmişdir. Lakin ona məlum olmayan səbəbdən həmin evin həyətyanı torpaq sahəsinə adına verilmiş texniki pasportunda torpaq sahəsilə qonşu Beydulla Əliyevin torpaq sahəsi arasından keçən sərhəd xətti düz xətlə deyil, ziqzaq formasında göstərilmişdir. Ona görə də ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli texniki pasportunda düzəliş edilərək qonşu Beydulla Əliyev ilə torpaq sahələrinin sərhəd xəttinin əvvəlki sənədlərə uyğun və düz xətlə göstərilməsini xahiş etmiş,5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-34/2-H-0279-8/2023 nömrəli məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “ərizənizdə qeyd olunmuş Xaçmaz rayonu Xaçmaz şəhəri ərazisində yerləşən ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 30.07.215-ci ildə 4172 nömrəli inventar nömrəsi ilə qeydə alınmış texniki pasportun ləğv olunmasına və ya texniki düzəliş aparılmasına əsas yoxdur”. Məhkəmənin xx.xx.2024-cü il tarixli prosesində iştirak edən üçüncü şəxs X7 iddia tələbinə qarşı bildirmişdir ki, mərhum atası tərəfindən inşa edilmiş fərdi-yaşayış evi onlara məxsus olan torpaq sahəsinin üzərində inşa edilmiş və onlar qonşunun torpaq sahəsini zəbt etməmişlər. Dövlət təşkilatının hər hansı bir sənədi səhv verməsi nəticəsində onun təqsiri yoxdur və özünə məxsus texniki sənədlərin hüdudları daxilində fərdi yaşayış evi inşa etmişdir.İddiaçı onun həmin ərazidən çıxarılması ilə bağlı Xaçmaz Rayon Məhkəməsində iddia tələbi qaldırıb və hal-hazırda həmin işə baxılır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-H-0279-8/2023 nömrəli imtina məktubu, etirazı, 1991-ci il tarixli, 2091 inventar nömrəli, 1635 qeyd nömrəli texniki pasportun surəti, iddiaçıya məxsus xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportun surəti, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-34/2-2701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi, X3 məxsus fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixli, 1728 invertar nömrəli, **********83-10301 reyestr nömrəli texniki pasportun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/2-H-0279-8/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2015-ci ildə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini X2 alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********64-10301, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 4172, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasport ilə mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Evin və həyətyanı torpaq sahəsinin alqısatqı müqaviləsindən sonra onun adına tərtib edilmiş texniki pasportunda torpaq sahəsinin sərhədi düzgün əks etdirilməmişdir. Belə ki, həmin evin və həyətyanı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X6 adına tərtib edilmiş sentyabr 1991-ci il tarixli, 2091 inventar nömrəli, 1635 qeyd nömrəli texniki pasportunda göstərilən evin həyətyanı torpaq sahəsi ilə qonşusunun torpaq sahəsi arasında olan sərhəd xətti düz xətlə işarələnmişdir. Lakin ona məlum olmayan səbəbdən həmin evin həyətyanı torpaq sahəsinə adına verilmiş texniki pasportunda torpaq sahəsilə qonşu X1 torpaq sahəsi arasından keçən sərhəd xətti düz xətlə deyil, ziqzaq formasında göstərilmişdir. Mövcud anlaşılmazlığın aradan qaldırılması üçün cavabdehə müraciət edilməsinə baxmayaraq, onun müraciəti müsbət həll edilməmişdir.Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqument texniki pasportda düzəliş edilməsinə əsasın olmaması bildirilmişdir. Mövcud anlaşılmazlığın aradan qaldırılması məqsədilə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-34/2- 2701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində, Xaçmaz şəhəri, F.X.Xoyski küçəsi, ev 17 ünvanda yerləşən, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş torpaq sahəsinin (zəbt hissəsi çıxılmaqla) 0.0539 ha təşkil edir. İnventar nömrəsi 2091, qeyd nömrəsi 1635 olan Texniki pasportda göstərilən torpaq sahəsinin m 1500 planı ilə inventar nömrəsi 4172, qeyd nömrəsi xx.xx.2015-ci tarixində olan Texniki pasportda göstərilən torpaq sahəsinin m 1:500 planı eynilik təşkil etmir. Olan fərqin nədən ibarət olması sxemdə əks olunur. Mütəxəssis və ekpert rəyi ilə də müəyyən edilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsi üzrə satılmış 0,06 ha torpaq sahəsinin ölçüsü 0,0539 ha təşkil edir, yəni torpaq sahəsinin ölçüsündə çatışmamazlıq var. Halbuki, qeyd olunan torpaq sahəsinin ilkin plan və ölçü sənədində torpaq sahəsinin sərhədlərinin düz xətlə çəkilməsi və alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra verilmiş texniki pasportda sərhəd xəttin ziqzaqvari formada olması açıq aydın görünür. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən edilmiş yalnışlıq aradan qaldırılmalıdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir.Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Məhkəmə cavabdehin idarənin imtinasınsına gətirdiyi arqumenti əsassız hesab edərək, qeyd etməyi zəruri billir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Göründüyü kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin , Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Beləliklə qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Xaçmaz şəhəri, F.X.Xoyski küçəsi, ev 17 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X5 ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uğun qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1664/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1664/2024
12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver