Məhkəmə qərarları › İş №2-1(118)-1666/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1666/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1666/2021 16.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə, Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən və bələdiyyənin qərarı əsasında ona və ailə üzvlərinə ayrılan 1.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə, Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən və bələdiyyənin qərarı əsasında ona və ailə üzvlərinə ayrılan 1.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsinə əsasən iddiaçının iddia tələbi təmin edilməklə ona və 2 övladına Şamaxı rayonu, Mərzəndiyə kənd bələdiyyəsinin ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsulları istehsalı üçün adambaşına 0,42 ha olmaqla 1,26 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə icra olunmuş, Şamaxı rayon Mərzəndiyə kənd bələdiyyəsi qeyd edilən torpaq sahəsini ayıraraq ona təqdim etmiş və bununla bağlı sənədləşmə işləri aparılmış və icraata xitam verilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqlarını təsdiqləyən sənədləri də toplamaqla cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan 15 iyul 2021-ci il tarixli məktubu ilə cavabdeh çıxarış verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya ona ayrılmış 1,26 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür və torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə çıxarış verilə bilməz. İddiaçı cavabdehin bu hərəkəti ilə razılaşmır və bildirmək istəyir ki, 2009-cu ildə ona və ailə üzvlərinə torpaq sahəsi ayrılan zaman cavabdeh təşkilatın nümayəndəsi və bələdiyyə iddiaçıya ayrılmalı olan torpaq sahəsinə baxış keçirmiş, həmin sahənin boş sahə olması müəyyən edildikdən sonra sənədləşmə aparılmışdır. Bununla bağlı cavabdeh təşkilat müvafiq qeydlər aparmışdır. Keçən bu 12 il ərzində iddiaçı torpaq sahəsindən istifadə edir və bu müddət ərzində onu heç kim narahat etməmiş və bu torpaq sahəsinin ona məxsus olduğunu bildirməmişdir. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görsənir ki, iddiaçı narazılığı mahiyyəti etibarı ilə Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərindəndir. Belə ki, Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı X2 və onun övladları-24 dekabr 1991-ci il təvəllüdlü X3 və 29 dekabr 1993-cü ildə doğulmuş X1 Şamaxı rayonu Mərzəndiyyə kənd bələdiyyəsinin ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün adam başına 0.42 ha torpaq payı verilməsi, Qətnamənin 1-ci bəndinin icrasının Şamaxı rayon Aqrar İslahat Komissiyasına, Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinə və DT və XK-nın Şamaxı rayon şöbəsinə tapşırılması qət edilmişdir. Göründüyü kimi iddiaçıya məhkəmə qərarı ilə torpaq sahəsi ayrılmış və qətnamənin icrası eyni zamanda DT və XK-nın Şamaxı rayon şöbəsinə tapşırılması qət edilmişdir. Hazırda isə DT və XK-nın Şamaxı rayon şöbəsinin müvafiq səlahiyyətlərini hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi həyata keçirir. Göründüyü kimi iddia ərizəsində ifadə edilməsədə, iddiaçı mahiyyəti etbirı ilə Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsinin icrası ilə cavabdeh orqanın hərəkətlərindən narazıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi mahiyyəti üzrə artıq baxılmış olduğu üçün hazırki tələb ikinci dəfə məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Bu halda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tələb etmək hüququna malik olur. Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, ərazidən götürülən koordinatları elektron baza xəritəsinə daxil edildikdə JN 76, JN 75 və JN 74 nömrəli dövlət aktları ilə üst-üstə düşür. JN 75 nömrəli dövlət aktına əsasən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Bu isə iddia mümkün olduğu halda belə, iddianın uğurlu olmasını şübhə altına alır. Bu halda üst-üstə düşmə halı müəyyən olunarsa, verilmə əsası nəzərə alınaraq, müvafiq mülkiyyət sənədlərinin və ya onların verilməsinə əsas olmuş inzibati aktların mübahisələndirilməsi daha məqsadəmüvafiq hesab edilə bilər. İddiaçıya izah edilsin ki, o yuxarıda qeyd edilən hüquqi mövqyi nəzərə alaraq, müvafiq hüquq müdafiə vasitəsi seçə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar