Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1668/2023 05.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 24 noyabr 2022-ci il tarixli, **********3 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazrıki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin 23 avqust 2022ci il tarixli, 1(029)-60/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 23 avqust 2022-ci il tarixdə məhkəmə iclas zalından həbsə alınmışdır. Qusar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(029)-60/2022 saylı hökmündən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(105)-469/2022 saylı qərarına əsasən Qusar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(029)-60/2022 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə ona təyin edilmiş 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1(bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və həbsdən azad edilmişdir. Qusar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(029)-60/2022 saylı hökmünə əsasən 23 avqust 2022-ci il tarixindən 20 oktyabr 2022-ci il tarixinədək, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(105)-469/2022 saylı qərarı qəbul edilənədək həbsdə olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir. 20 oktyabr 2022-ci il tarixdə həbsdən azad olunduğu zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanası tərəfindən ona 23 avqust 2022-ci il tarixindən 20 oktyabr 2022-ci il tarixinədək həmin cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməyi barədə 20 oktyabr 2022-ci il tarixli, Seriya AZ-2 43№-li arayış (FORMA-B arayışı) verilmişdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən üvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. Qanunun həmin müddəalarına uyğun olaraq azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən azad olunmuş şəxs kimi minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Quba- Xaçmaz regional Filialna ərizə ilə müraciət etmişdir. Lakin həmin ərizəyə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial 24 noyabr 2022-ci ildə cavab verərək “Penitensiar müəssisələrlə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti ödəməkdən imtina etmişdir. Cavabdeh imtinanı belə əsaslandırmışdır: “həmin Qanunun 1.0.1-ci maddəsində penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər-qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin maddələrdən “azadlığn məhdudlaşdırılması” sözləri çıxarıldığı üçün mən guya həmin Qanunun 1.0.2-ci maddəsi ilə müəyyən edilmiş şəxslər kateqoriyasına aid deyiləm. Buna etiraz olaraq bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022ci il tarixli, 1(105)-469/2022 saylı qərarına əsasən o, “azadlıqdan məhrumetmə” növündə cəzadan azad edilmişdir. Əgər Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 1(105)-469/2022 saylı qərarına əsasən o, “azadlığın məhdudlaşdırılması” cəzasını çəkməkdən azad edilmiş olsaydı heç minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti barəsində cavabdehə müraciət də etməzdi. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, l(105)-469/2022 saylı qərarına əsasən iddiaçının “azadlıqdan məhrumetmə” növündə cəzadan azad edilməyi iddia ərizəsinə əlavə elədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanası tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, Seriya AZ-2 43№-li arayışla (FORMA-B arayışı) tam təsdiq olunur. Ona görə də cavabdehin müavinət təyin etməkdən imtina etməsi əsassızdır. Onu da qeyd edir ki, ailə vəziyyəti çox ağırdır. Himayəsində 2 azyaşlı uşağı vardır. Özünə iş tapa bilmir, hazırda heç yerdə işləmir və cavabdehin ona əsassız olaraq ödəmədiyi həmin müavinətə ailənin son dərəcə böyük ehtiyacı vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********3 nömrəli “sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubu qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Bu Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik müavinət ödənilir. Sözügedən Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Bu Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçının ərizəsinə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(105)-469/2022 nömrəli qərarına əsasən İddiaçı 1 il müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdən həbsdə olduğu 1 ay 28 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 3 ay 26 gün cəzadan çıxılaraq iddiaçıya 8 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə həbsdən azad edilmişdir. xx.xx.2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci və 1.0.2-ci maddələrindən “azadlığın məhdudlaşdırılması” sözləri çıxarılmışdır. Qeyd olunanlara və Qanunda edilmiş dəyişikliyə əsasən İddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin müəyyən etdiyi şəxslər kateqoriyasına aid edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.38-ci maddəsinə əsasən qətimkan tədbiri təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Həmin Məcəllənin 7.0.40-cı maddəsində qeyd edilmişdir ki, həbs qətimkan tədbiri təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən məhkəmə qərarı ilə həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Beləliklə, həbs qətimkan tədbiri cəza növü olmadığından və İddiaçı istintaq təcridxanasında saxlanıldığından, iddiaçı ona təyin edilməsini xahiş etdiyi müavinətin hüquqi əsaslarının müəyyən edildiyi “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə aid deyil. Qanun məhz penitensiar müəssisədə cəza çəkmiş və sonra həmin cəzanı çəkməkdən azad edilmiş şəxlərin sosial adaptasiya məsələlərini tənzimləyir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)- 469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından aydın olur ki İddiaçı azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzasından çıxılmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, xx.xx.2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci və 1.0.2-ci maddələrindən “azadlığın məhdudlaşdırılması” sözləri və müvafiq olaraq cəza növü çıxarılmışdır. Beləliklə, iddiaçı Qanunun 1.0.1 maddəsində anlayışı verilmiş hər hansı penitensiar müəssisədə - cəzaçəkmə müəssisəsində cəza çəkmədiyindən və qanunun 1.0.1-ci və 1.0.2-ci edilmiş dəyişikliyə əsasən sözügedən müavinətin təyin edilməsi nəzərdə tutulan şəxslərin kateqoriyasına aid deyil. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Çünki nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. Beləliklə, iddiaçıya Mərkəzi Filial tərəfindən azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməyi ilə əlaqədar həmin müavinətin təyin edilərək ödənilməsi yuxarıda qeyd olunan səbəblərə görə mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Beləki, iddiaçı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə iddiaçıya azadlıqdan məhrumetmə cəzası verilməməsi əsası ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Qusar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(029)-60/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutularaq 26 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət hazırkı hökmlə ona təyn olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməsi, cəzaçəkmə müddətinin əvvəli Qusar Rayon Məhkəməsi tərəfindən həbs edildiyi 23 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 1(105)-469/2022 saylı Qərarı ilə Qusar Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 1(029)-60/2022 saylı hökmü dəyişdirilmiş, İddiaçı Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azalıqdan məhrumetmə cəzası 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Eyni zamanda həmin qərar ilə İddiaçı tutulduğu 1 (bir gün) və həbsdə saxlanıldığı 1 (bir) ay 27 (iyirmi yeddi) gün, ümumilikdə 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablanmaqla, yəni 3 (üç) ay 26 (iyirmi altı) gün müddəti ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırması cəzasından çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Eyni zamanda cəza çəkdiyi müddət ərzində İddiaçı üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Qusar şəhəri Yeni Massivdəki evindən çıxmamaq, günün qalan hissəsini yaşadığı Qusar şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlamaq vəzifəsi qoyulmuş, qərarın icrası Qusar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Eyni zamanda həmin qərar ilə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı Penitensiar Xidmətin Həbsxanasından həbsdən azad edilmişdir. Məhkəmə aktlarından göründüyü kimi iddiaçı yekun olaraq azadlıqdan məhrumetmə cəzasına deyil, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən : 1.0.1. penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. 1.0.2. penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərqanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslər. 14.1. Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. 15 noyabr 2011-ci il tarixli 232-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 dekabr 2011-ci il, № 270, “Azərbaycan” qəzeti 15 dekabr 2011-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1088) ilə 1.0.1-ci və 1.0.2-ci maddələrindən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılmışdır. Göründüyü kimi 15 noyabr 2011-ci il tarixdən azadlığı məhdudlaşdırılmış şəxslərə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları şamil edilmir və bu isə cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1668/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1668/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver