Məhkəmə qərarları › İş №2-1(118)-1668/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1668/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1668/2025 07.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X2 xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X2 xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1960-cı ildə Quba rayonu Əlik kəndində anadan olmuşdur. 08 oktyabr 1984-cü ildə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı X5 02 may 1979-cu ildən 31 may 1981-ci ilə qədər hərbi xidmətdə olmuş, 20 iyun 1981-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müddətlər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilmişdir. Eyni zamanda о, İ Qarabağ müharibəsində iştirak edərək müharibə veteranı olmuşdur. Həyat yoldaşı Fərrux Cabbarov 16 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı hal hazırda qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdığından ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələb olunan sənədlərini də toplayaraq cavabdeh təşkilata müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından verilən imtina cavabına əsasən iddiaçıya bildirilmişdir ki, guya iddiaçının mərhum həyat yoldaşı X2 hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sosial sığorta stajı 11 il 2 ay 27 gün təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan müddətdən (13 il 4 ay) azdır. Eyni zamanda məktubda qeyd edilmişdir ki, X2 əmək kitabçasında göstərilmiş 18 mart 1991-ci il tarixdən 01 noyabr 1995-ci il tarixinədək Quba rayonu, Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi dövrlərin araşdırılması zərurəti yaranmış, araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialı ilə Dövlət Arxivinin birgə tərtib etdiyi 25 04.2024-cü il tarixli akta əsasən Quba rayonu, Qonaqkənd Kooperativ Cəmiyyəti ləğv olunduğundan, həmçinin sənədlər X10 rayon filialına təhvil verilmədiyindən sözügedən dövr üzrə əmək fəaliyətinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmadığı, əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən, xx.xx.1995-ci il tarixə qədər olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1991-ci il tarixində işə daxil olma qeydi kiril qrafikalı əlifba ilə yazılıb latın qrafikalı möhürlə təsdiqləndiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmədiyi əsas gətirilərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı qeyd edilən imtina cavabı ilə razılaşmır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi mərhum əri X2 13 il 4 aydan çox sığorta stajı olduğu iddia etməklə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə ərizə ilə Mərkəzi Filiala müraciət etmiş, inzibati icraatın nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-105498/2024 nömrəli imtina məktubu ünvanlamışdır. Bundan sonra iddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. AR İPM-nin 47.2-ci maddəsinə əsasən, iş üzrə iddia tələbinə qarşı etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirlər. • işin faktiki halları: xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-105498/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının mərhum əri F.Cabbarova məxsus sənədlərin surəti əsasən, əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək sığorta stajı 11 il 2 ay 27 gün təşkil etməklə qanunvericiliklə nəzərdə tutulmuş sığorta stajından (13 il 4 ay) az olduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin məktubla mərhum F.Cabbarova məxsus əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində əmək fəaliyyəti dövrünün araşdırılması zərurətinin yarandığı qeyd edilmişdir. Aparılmış araşdırma nəticəsində Fondun 1 saylı Quba-Xaçmaz regional filialı ilə X10 filialının birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyəti ləğv olunduğu, həmçinin sözügedən müəssisənin sənədlərinin X10 rayon filialına təhvil verilmədiyi müəyyən olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu xx.xx.1991-ci il tarixdə işə daxilolma qeydi kiril qrafikalı əlifba ilə yazılıb, latın qrafikalı möhürlə təsdiqləndiyi məlum olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən səbəblərdən müvafiq dövrlər iddiaçının mərhum əri F.Cabbarovun sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq, İddiaçı adına aktiv əmək müqaviləsi (işəgötürən: "Ran Fruit” MMC) olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsinin də qanunvericiliklə mümkün hesab edilmədiyi qeyd edilmişdir. • tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq Ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında,, Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 14.1.2 vəfat edən şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61- 80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi" qaydaları: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. 4.1 xx.xx.2006-cı il tarixədək olan sığrota stajı “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydaları 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. • əsaslandırma İddiaçı iddia ərizəsində mərhum ərinin sığorta stajına daxil edilməsini tələb etdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilərək iddiaçıya ailə başçısını itirməyə görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyil. Belə ki, iddiaçı mərhum əri F.Cabbarovun xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi iddia edir. Fondun 1 saylı Quba-Xaçmaz regional filialı ilə X10 filialının birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktdan məlum olur ki, Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyəti ləğv edilmiş, həmçinin, Cəmiyyətə aid sənədlər X10 filialına təhvil verilməmişdir. Bu səbəbdən qarşılıqlı yoxlama aktı nəticəsində F.Cabbarovun həmin müəssisədə işlədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, F.Cabbarovun sözügedən Cəmiyyətdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin əsaslılığı şübhə altındadır. Belə ki, Azərbaycan Respublikasında latın qrafikalı əlifba xx.xx.1992-ci il tarixdə bərpa olunaraq istifadə edilməyə başlanılsa da, F.Cabbarovun əmək kitabçasında onun Qonaqkənd Kooperativ Cəmiyyətində işə daxil olduğu xx.xx.1991-ci il tarixinə dair qeyd kiril qrafikalı əlifba ilə yazılmış, möhürün üzərindəki yazılar isə latın qrafikası ilə qeyd olunmuşdur. Həmçinin, iddiaçının mərhum ərinin həmin cəmiyyətdən işdən azad olunmasına dair xx.xx.1995-ci il tarixli qeyd də eyni qaydada kiril qrafikası ilə yazılmış, üzərinə vurulmuş möhürdə isə latın qrafikasından istifadə edilmişdir. Göründüyü kimi, əmək kitabçasında müvafiq Cəmiyyətdə xx.xx.1991-ci il tarixli işə daxilolma qeydi latın qrafikalı əlifbaya keçid edilməzdən əvvələ aid olduğu halda, möhürdə latın qrafikalı əlifbadan istifadə edilmişdir. xx.xx.1995-ci il tarixli işdən azad olunma barədə qeyd isə latın qrafikalı əlifbanın tətbiq edildiyi dövrə aid olsa da, yazılmış qeydlərdə kiril qrafikalı əlifbadan istifadə edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarrnın tələbləri kobud surətdə pozulmuşdur, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən, xx.xx.2006-cı ilədək vətəndaşın sığorta stajının müəyyən edilməsi əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi tərtib edilən akta əsasən müəyyən edilir. Göründüyü kimi, F.Cabbarovun əmək kitabçasının doldurulma qaydaları pozulduğu üçün, həmin əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə altında qalır. Bu səbəbdən də yuxarıda göstərilən normada qeyd olunduğu kimi, müvafiq dövrün F.Cabbarovun sığorta stajına daxil edilməsi dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həyata keçirilməli idi. Lakin, üzləşdirmə nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan da məlum olur ki, müəssisə ləğv edilmiş və hər hansı bir sənəd arxivə təhvil verilməmiş, bunun nəticəsində də F.X1 Cəmiyyətində işləməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının mərhum əri F.Cabbarovun Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyini müəyyən etmək mümkün olmadığı üçün, həmçinin həmin dövrə dair qeydlərdə əmək kitabçasının doldurulma qaydalarının pozulması səbəbindən müvafiq dövrün F.Cabbarovun sığorta stajına daxil edərək İddiaçı ailəbaşçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, İddiaçı iddia tələbi təmin edilməməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AZ-İ № 704572 saylı “Ölüm haqqında şəhaətnamə”nin surəti; ИT-0964340 saylı əmək kitabçası; iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2-ci maddəsinə uyğun olaraq vəfat etmiş, yaxud həlak olmuş ailə başçısının ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Eyni zamanda həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının həyat yoldaşı mərhum X2 əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydasının pozulduğunu - xx.xx.1991-ci il tarixdə işə daxilolma qeydi kiril qrafikalı əlifba ilə yazılıb, latın qrafikalı möhürlə təsdiqləndiyini göstərmişdir. Hazırki iş üzrə iddiaçının 02 may 1979-cu il tarixindən 31 may 1981-ci il tarixinədək hərbi xidmətdə olması, 20 iyun 1981-ci il tarixdən 30 dekabr 1982-ci il tarxinədək, 30 mart 1983-cü il tarixindən 24 sentyabr 1983-cü il tarixinədək, 24 noyabr 1983-cü il tarixdən 06 sentyabr 1985-ci il tarixinədək, 01 oktyabr 1985-ci il tarixindən 11 sentyabr 1986-cı il tarixinədək, 25 sentyabr 1986-cı il tarixindən 16 may 1988-ci il tarixədək, 13 iyun 1988-ci il tarixdən 14 mart 1991-ci il tarixə, 18 mart 1991-ci il tarixdən 01 dekabr 1995-ci il tarixədək, əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT-0964340 saylı əmək kitabçası və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan mərhum X9 digər şəxsə (X8) aid pensiya işindən məlum olur ki, hazırki mübahisə üzrə cavabdehin mübahisələndirdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrlər (eyni möhürlə təsdiqlənmişdir) həmin şəxsə pensiya təyin edilərkən iş stajına daxil edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, əmək kitabçasında qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X2 18 03.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixdə vəfat etmiş əri X2 18 03.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Quba rayonu Qonaqkənd Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək 18 mart 2024-cü il tarixdən İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar