Məhkəmə qərarları › İş №2-1(118)-167/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-167/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-167/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin fevral ayında “veteran” statusunun verilməsi üçün komissiyaya müraciət etmişdir.Belə ki, o, döyüş zonasını təhlükəli və strateji olan yanacaq məhsulları ilə təmin etmişdir. Ozü 1956-cı ildə Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndində anadan olmuşdur. Keçmiş SSRİ hərbi hissələrində xidmətdən sonra Azərbaycan Respublikasının müxtəlif dövrlərdə 225, 226, 112, N saylı hərbi hissələrində xidmət etmişdir. Hal-hazırda xəstəliyi ilə əlaqədar tərxis olunmuşdur. Sənədlərdə göstərildiyi kimi xx.xx.1992-ci ildə Qubdalı rayonuna, xx.xx.1992-ci ildə Füzuli rayonuna, xx.xx.1992-ci ildə Zəngilan rayonuna ezam olunması təsdiq olunur. Həmin illər vəziyyətin çox gərgin vaxtında “oddan təhlükəli” yanacaq materiallarının döyüş zonasına aparılması nə qədər qorxulu və çətin olduğu bilinməlidir. Hər hansı bir təxribatın olması mümkün idi. Belə ki, iddiaçıdan əvvəl gedən maşınlardan biri təxribat nəticəsində partlamışdır. Nətcədə şəxsi heyət külə dönmüşdür. Bu hadisə iddiaçının başına gələ bilərdi. Lakin indi ona “veteran” adını layiq bilmirlər. Müdafiə Nazirliyinin cavab məktubunda deyilir ki, iddiaçı döyüş tapşırığını yerinə yetirməmişdir. İddiaçı hərbi hissəni texnikanın işləməsi üçün yanacaq məhsulları ilə təmin etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı iddia tələbinə uyğub izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində müxtəlif dövrlərdə 223, 226, 112, N saylı hərbi hissələrdə xidmət etdiyini, xəstəliyi ilə əlaqədar tərxis olunduğunu, xx.xx.1992-ci ildə Qubadlı rayonuna, xx.xx.1992-ci ildə Füzuli rayonuna, xx.xx.1992-ci ildə Zəngilan rayonuna ezam olunduğunun təsdiq olunduğunu göstərir, məhkəmədən müharibədə iştirakını nəzərə alaraq ona “veteran” statusunun verilməsinin təmin olunmasını xahiş edir. Cavabdehə ancaq iddia ərizəsi təqdim olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət MühafizəXidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının iddia ərizəsində hərbi xidmətdə olduğunu göstərdiyi hərbi hissələr döyüş əməliyyatları aparmamışdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması araşdırılmalıdır. Qeyd olunanlara əsasən cavabdeh məhkəmədən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul etməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı 1992-1993-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına ezam olunması barədə 46, 56, 60,71,37 nömrəli əmrlərin surətləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu, iddiaçıya aid Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qərarın təsviri hissəsində qeyd olunmuş arayışlarla, əmrlərlə və hərbi bileti ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında ezam olunması öz təsdiqini tapır. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştrak etməməsi və ya ezam olunması məsələsinin araşdırılmasının labüd olduğunu bildirmişdir. Müdafiə Nazirliyinin qeyd olunan yanaşması əsassızdır və məhkəmə hesab edir ki, iş materiallarında olan iddiaçının döyüş əməliyyatlarının olduğu ərazilərə ezam olunması barədə hərbi hissə komandirinin müvafiq əmrləri ilə öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı həqiqətən də N saylı hərbi hissə komandirinin 46, 56, 60, 71, 37 nömrəli əmrləri ilə döyüş əməliyatları gedən bölgələrə (1992-1993-cü illərdə Qubadlı, Cəbrayıl və Füzuli rayonlarına ezam olunması) ezam olunmuşdur. Məhkəmə cavabdehin gətirdiyi iddiaçının qulluq etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştrak etməməsi ilə bağlı arqumentini İddiaçı münasibətdə də əsassız hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən döyüş əməliyyatları gedən zonalara ezam olunmuş hərbi qulluqçulara müharibə veteranı statusunun verilməsi üçün əsasdır. Göründüyü kimi İddiaçı döyüş əməliyyatları gedən zonalara ezam olunmuş hərbi qulluqçu kimi yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə uyğundur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində İddiaçı hərbi xidmətdən ezam olunması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz. Halbuki Azərbaycan Respublikası X1 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar