Məhkəmə qərarları › İş №2-1(118)-167/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-167/2022

01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-167/2022 01.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “onun mərhum həyat yoldaşı X2 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və X8 verilmiş xx.xx.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhrum həyat yoldaşı X2 21 noyabr 2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin, həmin Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları digər şəxsə məxsus olan və ona xx.xx.2006-cı il tarixdə verilmiş dövlət aktında da öz əksini tapmışdır. Halbuki, bu torpaq sahələri naturada üstüstə düşmür, yəni tamam ayrı, bir-biri ilə əlaqəsi olmayan torpaq sahələrdir. Göründüyü kimi, cavabdeh tərəfindən səhvə yol verilərək X2 verilmiş 21 noyabr 2002-ci il tarixli Dövlət Aktında göstərilən torpaq koordinatları X8 xx.xx.2006-cı il tarixdə verilmiş Dövlət Aktında göstərilmişdir. Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı ona 21 noyabr 2012-ci il tarixli JN 0530 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(105)-754/2019 nömrəli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmni qərardadda göstərilmişdir ki, iddiaçı ilk öncə koordinatların uyğunlaşdırılınası tələbi ilə cavabdehə müraciət edərək mövcud uyğunsuzluğun aradan qaldırılmasını tələb etməli, cavabdeh imtina etdikdə isə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmalıdır. Bundan sonra iddiaçı cavabdehə rəsmi qaydada müraciət edərək, sözügedən dövlət aktlarında göstərilmiş koordinatları ilə bağlı uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdehin 12 dekabr 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Ona görə də məhkəmyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək mərhum X2 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında və X8 verilmiş xx.xx.2006-cı il tarixli JN- 716 nömrəli dövlət aktında və 12.10.199-cu il tarixli, JN-114 nömrəli dövlət Aaktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Aleksandrovanın mərhum həyat yoldaşı X2 ləğv olunmuş DTXK tərəfindən xx.xx.2002-cı il tarixdə verilmiş JN -0530 ( kod ********) nömrəli dövlət aktında qeyd olunan sahə, X9 xx.xx.2006-cı il tarixdə verilmiş JN - 716 ( kod ********) nömrəli dövlət aktında da öz əksini tapmışdır və M.A.Aydınov Şamaxı rayon DNK-da təsdiq olunmuş xx.xx.2008-ci il tarixli 4Ə-2/379 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.0 ha sahəni alqı-satqı etmiş, yerdə qalan hissələrə, o cümlədən həmin sahəyə xx.xx.2008-ci ildə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi mübahisəli, yəni başqa şəxsin mülkiyyətində olduğuna görə ərizənin icrası qeyri-mümkün olmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 izahat verərək bildirdi ki, o, torpaq sahəsini 2004-cü ildə X5 alqı-satqı yolu ilə almış və 2008-ci ildə başqa şəxsə satmışdır. Sözügedən torpaq sahəsi ilə bağlı heç kimlə mübahisəsi yaranmamışdır. Torpaq sahələri bir-biri ilə həmsərhəd deyillər. Onun torpaq sahəsinin həmin mübahisəli torpağa aidiyyəti yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdehin **********81 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubu, etiraz ərizəsi, alğı-satqı müqaviləsinin surəti, 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti, **********70 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, çıxarışların surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mərhum həyat yoldaşı X2 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verildiyi və həmin torpaq sahəsinin vərəsəlik qaydasında qəbulu ilə bağlı notariat kontoruna müraciət etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Nilufər Məhərrəmova DƏDRX-in 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********81 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şamaxı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilir ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməyə əsasən daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək (3.0.6), mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9), inzibati ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədi ilə onların sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, xəritələri hazırlamaq və təsdiq etmək (3.0.20), bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) həmin Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə tərəfindən torpaq sahələri arasında uyğunsuzluğun olub-olması ilə əlaqədar müvafiq mütəxəssis rəyi alınmış və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 08/0051 saylı xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mərhum X2 JN-0530 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə verilmiş 0,72 ha torpaq sahəsi naturada mövcuddur, lakin konfiqurasiya və sahə fərqi var. X10 tərəfindən faktiki istifadəsində olan torpaq sahəsinin harada yerləşməsinin göstərilməməsinə əsaslanan inzibati orqan məhkəmə tərəfindən mütəxəssis rəyinin verilməsi ilə bağlı qoyulmuş suala cavab verməmişdir. Ona görədə bu hissədə məhkəmə X7 mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq başqa ərazidə yerləşməsi haqqında verdiyi izahatını həmin sualın cavabı kimi qəbul edir. Nəzərə alınmalıdır ki, cavabdeh təşkilat tərəfindən verilmiş mütəxəssis rəyindən məlum olmuşdur ki, mərhum X1 faktiki istifadəsində olan torpaq sahəsi onun adına verilmiş dövlət aktında göstərilmiş torpaq sahəsi ilə eynidir. V.N.Svixnişin adına verilmiş və JN 0530 saylı dövlət aktında göstərilmiş torpaq sahəsi onun faktiki istifadəsində olmuş torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi, X7 mülkiyyətində olan torpaq sahəsinin iddiaçının sahibliyində olan JN-0530 dövlət aktında göstərilən torpaq sahəsi ilə üst üstə düşməsi, lakin X7 faktiki istifadəsində olan torpaq sahəsinin digər yerdə yerləşməsi sənəd üzrə olan koordinatlar arasında uyğunsuzluğun olması kimi qəbul edilməlidir. Bundan başqa oda nəzərə alınmalıdır ki, X10 mülkiyyətində olan torpaq sahəsi X3 JN 0631 saylı dövlət aktının əsasında 06 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir və X6 öz növbəsində həmin torpaq sahəsini X4 kimi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. X10 isə hal hazırda mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarışı 2008-cı ildə rəsmiləşdirdiyi alqı-satqı müqaviləsindən sonra yerdə qalan hissəyə mülkiyyət hüququnu əldə edib. Qeyd olunan alqı-satqı müqavilələri eyni tarixli olsada fərqli nömrə ilə reyester kitabına işlənib. Bu isə bir daha qeyd olunan torpaq sahələrinin müxtəlif olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, göstərilən dövlət aktları arasında yaranmış uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək üçün iddiaçının subyektiv hüququ yaranmışdır. Torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının ərindən miras qalmış həmin torpaqdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 verilmiş 21 noyabr 2002-ci il tarixli JN 0530 (Kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında, X8 verilmiş xx.xx.2006-cı il tarixli JN-716 nömrəli dövlət aktında və 12.10.199-cu il tarixli, JN-114 nömrəli dövlət aktında göstərilən koordinatlar arasında mövcüd olan uyğunsuqluqların aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar