Məhkəmə qərarları › İş №2-1(118)-167/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-167/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-167/2025 15.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin iddiaçıdan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022- ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin iddiaçıdan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022- ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə 126,22 manat borc məbləğinin ondan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi qərara alınmışdır. Qərar aşağıdakılarla əsaslandırılmışdır: 1) Vergi ödəyicisi olan fiziki şəxsin, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə, torpaq vergisinin ödənilməsi üçün ən son tarixli tədiyyə bildirişi ünvana göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən 110,00 kv.m əmlak, 120 kv.m torpaq sahəsinə görə cari il üçün 24 manat əmlak, 0,6 manat torpaq sahəsinə görə, o cümlədən 2020-ci ildən başlayaraq ötən dövrlər üzrə 12,42 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilkdə 126,22 manat ümumi borcu ödəməmişdir. Xırdalan bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, borc silinməlidir. Əvvəla qeyd edilir ki, iddiaçı həmin torpaq sahəsini 2005-ci ildə əldə edərək, həmin dövrdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsi və ev qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməmişdir. Xırdalan bələdiyyəsinin mülkiyyətinə isə 2010-cu ildə torpaq sahəsi verilmişdir. Yəni bələdiyyə mülkiyyətinə torpaq verilənə qədər torpağı və fərdi yaşayış evini əldə etmişdir. Xırdalan bələdiyyəsi həmin torpaq sahəsinə onun ilə icarə müqaviləsi bağlamamışdır. Öhdəlik yaranmadığı halda bələdiyyə ondan vergi və ya digər ödəmələr tələb edə bilməz. Onun istifadəsində olan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyil. İcarə müqaviləsi bağlandığı halda əmlak vergisi ödəmək öhdəliyi yaranır. Bələdiyyənin göstərdiyi kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyicisidir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Göründüyü kimi bələdiyyə tərəfindən qərarda tətbiq edilən normalar ona şamil edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində sözügedən torpaq sahəsini 2005-ci ildə əldə etdiyini və orada fərdi yaşayış evi tikdiyini, həmin torpaq sahəsinin isə 2010-cu ildə Abşeron rayonunun Xırdalan bələdiyyəsinin mülkiyyətinə verildiyini bildirmişdir. Onun sözlərinə görə bələdiyyə mülkiyyətinə torpaq verilənədək sözügedən torpaq sahəsini və fərdi yaşayış evini əldə etmişdir. O, qeyd etmişdir ki, Abşeron rayonunun Xırdalan bələdiyyəsi onunla həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmamış, bununla da bələdiyyə ilə arasında öhdəlik yaranmadığı üçün ondan vergi və digər ödəmələr tələb edilə bilməz. Bələdiyyə əməkdaşları tərəfindən ərazi inventarlaşdırılan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən, iddiaçıya məxsus torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evi iddiaçı tərəfindən xüsusi mülkiyyət kimi təqdim edildiyi üçün sözügədən torpaq sahəsi və fərdi yaşayış evi X1 Sistemində mülkiyyət olaraq qeyd edilmiş, ona əmlak və torpaq vergisi hesablanmışdır. İddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinin sənədsiz olması ilə bağlı iddiası tərəflərindən əsassız hesab edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Cavabdeh bələdiyyə tərəfindən iddiaçı barəsində mübahisə predmeti olan qərarı xx.xx.2022-ci il tarixdə qəbul etmişdir. Cavabdeh tərəfindən həmin qərar icraya yönəldilmiş, müvafiq icra şöbəsi tərəfindən həmin qərar əsasında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın göndərilməsi barədə və icra sənədi üzrə tələbin könüllü icrası barədə müvafiq bildiriş xx.xx.2023-cü il tarixdə elektron imza vasitəsilə imzalanmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-32/2- 2463/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı adına Abşeron rayonu üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Xırdalan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 01 saylı protokolunun 06 nömrəli Qərarına əsasən vergi ödəyicisi olan İddiaçı mülkiyyətində olan əmlak və torpaq vergisinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətlərində olan torpq sahəsinə görə torpaq vergisinin ödənilməsi üçün ən son 2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində 110.00 kv.m əmlak, 120.00 kv.m torpaq sahəsinə görə cari il üçün, cari il üçün 24 manat əmlak, 0.6 manat torpaq sahəsinə görə, o cümlədən, 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 49.2 manat, faiz üzrə 12.42 manat maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə isə 126.22 manat ümumi borc ödəməmişdir. İddiaçı Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin iddiaçıdan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022- ci il tarixli qərarının ləğv edilməsi və həmin borcun silinməsini istəyir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsini 2005-ci ildə əldə edərək, həmin dövrdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsi və ev qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməmişdir. Xırdalan bələdiyyəsinin mülkiyyətinə isə 2010-cu ildə torpaq sahəsi verilmişdir. Yəni bələdiyyə mülkiyyətinə torpaq verilənə qədər torpağı və fərdi yaşayış evini əldə etmişdir. Xırdalan bələdiyyəsi həmin torpaq sahəsinə onun ilə icarə müqaviləsi bağlamamışdır. Öhdəlik yaranmadığı halda bələdiyyə ondan vergi və ya digər ödəmələr tələb edə bilməz. Cavabdeh isə qeyd edir ki, Bələdiyyə əməkdaşları tərəfindən ərazi inventarlaşdırılan zaman Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən, iddiaçıya məxsus torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evi iddiaçı tərəfindən xüsusi mülkiyyət kimi təqdim edildiyi üçün sözügədən torpaq sahəsi və fərdi yaşayış evi X1 Sistemində mülkiyyət olaraq qeyd edilmiş, ona əmlak və torpaq vergisi hesablanmışdır. İddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədzadə ünvanında yerləşən torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinin sənədsiz olması ilə bağlı iddiası tərəflərindən əsassız hesab edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh tərəfindən həmin qərar icraya yönəldilmiş, müvafiq icra şöbəsi tərəfindən həmin qərar əsasında xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın göndərilməsi barədə və icra sənədi üzrə tələbin könüllü icrası barədə müvafiq bildiriş xx.xx.2023-cü il tarixdə elektron imza vasitəsilə imzalanmışdır. Həmin qərar və bildirişin iddiaçı tərəfindən hansı tarixdə təhvil alması halının da iş materialları əsasında müəyyən edilməsi mümkün olmamışdır. İndiki halda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərar barəsində məhz icra məmuru tərəfindən ona bildirişin göndərilməsi, bu barədə məlumat verildikdən sonra məlumatlı olması və həmin vaxtda da iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi halına istinad etmişdir. “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə Bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Həmin əsasnamənin tələblərinə əsasən: 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. 5.2. Bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hallarda dövlət vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamasında iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinə müvafiq yoxlamanın keçirilməsində iştirakı barədə bələdiyyənin qərarı verilməlidir. Qərar bələdiyyənin sədri (yaxud onun müavini) tərəfindən imzalanır. Qərarda dövlət vergi orqanının, səyyar vergi yoxlaması keçirilən obyektin adı, yoxlamada iştirakın məqsədi, müddətləri (bu müddət dövlət vergi orqanının keçirdiyi yoxlamanın müddəti həddində olmalıdır), yoxlamada iştirak edən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsinin (şəxslərinin) adı, soyadı, atasının adı göstərilməlidir. 5.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. 5.4. Ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. 5.5. Ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. 5.6. Bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. 5.7. Ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. 5.8. Bələdiyyənin qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 5.9. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonrakı gün təqdim edilmiş hesab edilir. 5.10. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. 5.11. Yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. 5.12. Məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Lakin cavabdeh yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparmamış, nəticədə iddiaçı üçün əlverişsiz qanunsuz inzibati akt qəbul etmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş vergilərin hesablanması və tələb edilməsi cavabdeh inzibati orqanın vəzifəsidir. Lakin bununla bağlı qanunvericiliyə uyğun inzibati icraat aparılmalı, vergi öhdəliyi yaradan mülkiyyət sənədləri müəyyən edilməli, vergi hesablanması üçün əsasları araşdırmalı, inzibati icraat haqqında qanunvericiliyin və vergi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməlidir. İddiaçının sözügedən əmlak üzərində hüququ qeydə alımadığı halda, bələdiyyə tərəfindən həmin əmlaka münasibətdə vergilərin tutulması qənaətinə gəlinmişdir. Bununla da, bələdiyyə tərəfindən vergitutma obyekti düzgün müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisələndirilən qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fiziki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin iddiaçıdan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022- ci il tarixli qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin qərarı qanunsuzdur, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 22 fevral 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 126,22 manat borc məbləğinin iddiaçıdan tutularaq Xırdalan bələdiyyəsinə ödənilməsi barədə 22 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və həmin borcun silinməsi öhdəliyi Abşeron rayonu Xırdalan Bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar