Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1670/2022 13.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “İddiaçının adına köhnə kadastrın ləğv edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə göstəriş verilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “onun adına olan keçmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, A No.403753 saylı (**********2301) torpaq sahəsinin plan və ölçüsü üzrə köhnə kadastrın ləğv edilməsi və Məmmədli bələdiyyəsi tərəfindən ona ayrılmış yeni torpaq sahəsinin sənədlərinin işlənib verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3.1 maddəsinin müddəalarını nəzərə alaraq iddiaçının adına köhnə kadastrın ləğv edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə göstəriş verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Naxçıvan MR-nın Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur. Uzun illərdir ki, Bakı şəhərində kirayələrdə yaşayır, ona görə də ev tikmək üçün Abşeron rayonu Məmmədli bələdiyyəsindən 24 noyabr 2004-cü il tarixdə 12/47 saylı qərar əsasında 0,05 ha (beş sot) torpaq sahəsi almışdır, lakin bir müddətdən sonra həmin ərazidən magistral qaz xəttinin keçməsi səbəbindən bu torpaq sahəsində yaşayış evi tikə bilməmişdir. 2011-ci ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin Məmmədli kəndi ərazisində digər bir yerlə əvəzləşdirmək üçün vəzifə kimi Məmmədli bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011ci il tarixli Qərarı ilə 0,05 ha torpaq sahəsinin kəndin başqa bir yerində dəyişdirilməsi öhdəliyi Abşeron rayonu Məmmədli bələdiyyəsinin üzərinə vəzifə kimi qoyulmuşdur. Lakin, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(8d)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarı Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən icrası zamanı ona 0,05 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin ərazinin yerinin göl olduğunu, doldurularaq onun kimi adamlara verildiyini öyrənmiş və həmin ərazidən imtina etmişdir. Həmin torpaq sahəsinin başqa torpaq sahəsi ilə əvəzlənməsi üçün 2019-cu ildə Məmmədli bələdiyyəsinə müraciət etmişdir. Həmin bələdiyyənin müvafiq qərarı ilə xahişi təmin edilmiş, lakin sənədləşmə zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsindən ona bildirilmişdir ki, iddiaçının adına keçmiş torpağın kadastr planı var, bu da keçmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin Abşeron şöbəsi tərəfindən verilmiş A No.403753 saylı (**********2301) “Torpaq sahəsinin plan və ölçüsü” ləğv edilməmişdir. 4 saylı Ərazi İdarəsinə etdiyi müraciətdə də həmin yerquruluşu planının əslini təqdim etməyi tələb olunmuşdur. Uzun sürən sənədləşmələr zamanı bunun harada itirilməsi yadında deyil. A №403753 saylı (**********2301) “Torpaq sahəsinin plan və ölçüsü" itirildiyinə görə “Türküstan" qəzetinin 25-ci buraxılışında elan verilmiş və polis orqanlarından müvafiq arayış alınaraq 4 saylı Ərazi İdarəsinə təqdim edilsə də, onun adına işlənilmiş köhnə kadastr planını ləğv etməmişlər. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məktubla müraciət etmişdir ki, iddiaçının adına olan köhnə kadastrı ləğv etsin, lakin həmin qurumdan bildirilmişdir ki, “sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsi tərəfindən verilmiş A No.403753 saylı (**********2301) torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğvi məsələsinə məhkəmə qaydasında baxıla bilər.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60.1-ci maddəsinə əsasən isə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarıdı, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla bağqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati icraat haqqında Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanla tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, izahatında bildirmişdir ki, A4033753 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi Azərbaycan Respublikası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(85)- 1885/2021 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmişdir. İddiaçının tələbinın tərəflərindən təmin edilməsi mümkün deyildir. Üçüncü şəxs Abşeron rayon Məmmədli Bələdiyyəsi iddiaya münasibətində qeyd etmişdir ki, İddiaçı ayrılmış 0.05 ha torpaq sahəsinin Sumqayıt İnzibati-İqtsadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(85)-1855/2011 nömrəli qətnamə ilə digər sahə ilə əvəzlənməsi Məmmədli bələdiyyəsinin üzərinə qoyulmuş və 2021-ci il 23 iyul tarixdə AN403753 nömrəli plan və ölçü hazırlanaraq əvəzlənmişdir. Lakin sonradan ayrılmış torpaq sahəsində su tutarlı olduğundan həmin sahənidə Bələdiyyə mülkiyyətində olan digər 0.05 ha torpaq sahəsi ilə əvəzlənib sənədlər toplusunu vətəndaşa təhvil verilmişdir. İştirakları olmadan ilkin AN403753 nömrəli plan və ölçüsünün ləğv edilməsinə, yeni əvəzlənmiş torpaq sahəsinin Reystrdən Çıxarışla rəsmiləşdirilməsinə etiraz etmirlər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A4033753 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarı ilə Abşeron rayon Məmmədlii bələdiyyəsinin 24 noyabr 2004-cü il tarixli, 12/47 saylı qərarı əsasında iddiaçı X2 Məmmədli kənd ərazisində ayrılmış 0.05 ha torpaq sahəsinin həmin ərazidə başqa torpaq sahəsi ilə dəyişdirilməsi öhdəliyi Abşeron rayon Məmmədli bələdiyyəsinin üzərinə qoyulmuşdur. Həmin iş üzrə məhkəmə qərarının icraya yönəldilməsi ilə bağlı ilə bağlı Məmmədli Bələdiyyəsinin 03 aprel 2012-ci il tarixli 160 nömrəli məktubu 23 aprel 2012-ci ildə məhkəməyə daxil olmuşdur. İş materilları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)- 1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarı əsasında 0.05 ha torpaq sahəsinin A №403753 saylı, 23 iyul 2012-ci il tarixli plan və ölçü sənədi hazırlanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsidə yararsız olduğuna görə Məmmədli bələdiyyəsi tərəfindən Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarı ilə Abşeron rayon Məmmədli bələdiyyəsinin 24 noyabr 2004-cü il tarixli, 12/47 saylı qərarı əsasında iddiaçı X2 Məmmədli kənd ərazisində ayrılmış 0.05 ha torpaq sahəsinin həmin ərazidə başqa torpaq sahəsi ilə dəyişdirilməsi üçün yeni torpaq sahəsi ayrılması proseduruna başlanılmışdır. X3 iddiaya münasibətindən və həmin ərizəyə əlavə edilmiş sənədlərdən görsənir ki, həmin bələdiyyə Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)- 1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarının icrası ilə bağlı 26 avqust 2021-ci iltarixli 330 nömrəli məktubla Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, Abşeron rayon İcra Hakimiyyətinin 08 sentyabr 2021-ci il tarixli 6/x/1372 saylı rəyi ilə Məmmədli bələdiyyəsinin müraciəti əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.05 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. Göründüyü kimi Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarı tam olaraq icra edilməmiş və hazırda mübahisələndirilən sənəd Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarının icra edilməsinə mane olur və iddiaçı hazırda əvvəlki torpaq sahəsinin A №403753 saylı plan-ölçü sənədi ləğv olunmadığından yeni ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına nail ola bilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, A №403753 saylı planölçü sənədinin ləğv edilməməsi iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur və Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarı icra edilməli və iddiaçıya ayrılmış yeni torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı zəruri hərəkətlər edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 saylı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsini və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına köhnə kadastrın (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011ci il tarixli, 2(85)-1885/2021 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A4033753 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi) ləğv edilməsi (elektron sistemdə müvafiq düzəlişlər edilməklə) öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1670/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1670/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver