Məhkəmə qərarları › İş №2-1(118)-1674/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1674/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1674/2022 25.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2012-ci ildə müraciətinə baxılmadığı üçün 2012-2020-ci il ərzində müharibə veteranlarına verilən pul müavinətinin iddiaçıya verilməsinin təmin edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2012-ci ildə müraciətinə baxılmadığı üçün 2012-2020-ci il ərzində müharibə veteranlarına verilən pul məvacibinin iddiaçıya verilməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə edərək 2012-2020-ci illər ərzində müharibə veteranlarına verilən pul məvacibinin pul müavinəti kimi qəbul edilməsi və həmin pul müavinətinin ona verilməsinin təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildən 1991-ci ilədək Daxili İşlər Nazirliyinin tabeliyində olmuş Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhərində yerləşən 7 saylı Yanğından Mühafizə İdarəsində xidmət etmiş, xidmət etdiyi dövrdə 1988ci ildən 1991-ci ilədək əhalinin erməni hərbi birləşmələrinin basqınlarından müdafiə etmək üçün dəfələrlə Goranboy rayonuna ezam olunmuş, həmin vaxtı erməni hərbi birləşmələrinə qarşı gedən döyüş əməliyyatlarında ayağından yaralanmış və Gəncə şəhər xəstəxanasında müalicə almışdır. Döyüşlərdə fəal iştirak etdiyinə görə o vaxt Sumqayıt şəhər Polis İdarəsinin rəisi olmuş, mərhum polis polkovniki cənab Fətulla Hüseynov tərəfindən 1991-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin post-patrul xidməti taboruna polis nəfəri vəzifəsinə xidmətə qəbul olunmuşdur. Post-patrul xidməti taborunda xidmətə qəbul olunduğu gündən dəfələrlə Qarabağda və Ermənistanla sərhəd olan rayonlarda yaranmış müharibə ilə əlaqədar əhalinin erməni hərbi birləşmələrinin basqınlarından müdafiə etmək üçün Ağdam, Şuşa, Qubadlı, Füzuli rayonlarına ezam olunmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. Sonuncu dəfə xx.xx.1992-ci ildə Şuşa şəhərində çiynindən yaralanmış, Sumqayıt şəhər X3 Xəstəxanasında müalicədə olmuşdur. Hal-hazırda çiynində qəlpələr var və müəyyən çətinliklər yaradır. 1996-cı ildə ailə vəziyyətilə əlaqədar olaraq öz arzusuyla Daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur. Qarabağ müharibəsi Veteranı adı və vəsiqəsi, yaralanmağı barədə sığorta pulu və həmin dövrlər üçün təyin edilmiş pul məvacibini almamışdır. Qarabağ müharibəsi veteranı adı və vəsiqəsi alınması üçün 2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etmiş, həmin müraciət DİN-in X4 İdarəsində araşdırılmış, lakin iddiaçıya müraciətilə bağlı səthi, həqiqətə uyğun olmayan cavab verilmişdir. Belə ki, DİN-in Arxiv uçot şöbəsinin rəisi Arzu Məmmədov cənablarının imzası ilə verilmiş xx.xx.2012-ci il tarixli xx/xx-2050-Ə-73 nömrəli Arxiv arayışında Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.1992-ci il tarixli 243 nömrəli, xx.xx.1992-ci il 329 nömrəli və xx.xx.1994-cü il tarixli 130 nömrəli əmrlərinə əsasən iddiaçının Qarabağda və Ermənistanla sərhəd rayonlarında yaranmış müharibə ilə əlaqədar əhalinin erməni hərbi birləşmələrinin basqınlarından müdafiə etmək üçün dəfələrlə Ağdam rayonuna ezam olunması qeyd olunmuşdur. Dəfələrlə ezamiyyətdə olmasına baxmayaraq, əmrlər tam qeyd edilməmişdir. Yaralanması barədə xəstəlik epikrizini də təqdim etməsinə baxmayaraq, DİN-in X4 İdarəsinin xx.xx.2012-ci il tarixli 23- 15-689-Ə78 saylı cavab məktubunda onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirakının təsdiq edilməsi barədə sənəd DİN-də fəaliyyət göstərən müvafiq komissiyaya təqdim edilmədiyindən və arxiv şəxsi işində döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına görə qaldırdığı məsələnin öz müsbət həllinin tapmaması barədə məlumat qeyd edilmişdir. Həmin ildən dəfələrlə müraciət etməsinə baxmayaraq, DİN-in X4 İdarəsindən müraciətilə bağlı müsbət cavab ala bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Müharibə veteranı” adı verilərək müvafiq vəsiqə ilə təmin edilmiş və “Sol çiyin qurşağının kor güllə yarası və yad cismi”nin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması barədə DİN-in Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 4 saylı qərar verilmişdir. Daxili işlər orqanları əməkdaşları olmuş müharibə veteranlarına pul məvacibinin cavabdeh tərəfindən verilmədiyini nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İşdən göründüyü kimi, iddiaçı müharibə veteranı statusuna malikdir. Müharibə veteranlarına verilən sosial müavinətlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iddia ərizəsində iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinə qarşı iddia qaldıraraq mövcud tələbinin həmin orqan tərəfindən təmin edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı tələb cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Yəni, iddiaçı müvafiq pretenziya qaydalarına riayət etməklə iddiaya cavab verməli orqana qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Beləliklə, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “2012-ci ildə müraciətinə baxılmadığı üçün 2012-2020-ci il ərzində müharibə veteranlarına verilən pul müavinətinin iddiaçıya verilməsinin təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar