Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1679/2023 23.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İdidaçı İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli 60 saylı əmri ilə ayrılmış Xaçmaz rayonu Mursalıqışlaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinə bitişik faktiki istifadəsində olan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtina cavabının qanunsuz hesab edilməsi və Xaçmaz rayonu Mursalıqışlaq kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayon “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli 60 saylı əmri ilə ayrılmış Xaçmaz rayonu, Mursalıqışlaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinə bitişik faktiki istifadəmdə olan 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 52 saylı protokol-qərarına və Xaçmaz rayon “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli 60 saylı əmrinə əsasən Xaçmaz rayonu, Mursalıqışlaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılmasına dair aktına əsasən 0.06 ha torpaq sahəsinin ona ayrılması təsdiq edilmiş və bu fakt Hülovlü İƏV-nin xx.xx.1995-ci il tarixli 34 saylı sərəncamı ilə təsdiq edilmişdir. 1997-ci ildə torpaq islahatı aparılanzaman onun istifadəsində 0.11 ha olması aşkar edilmişdir. Belə ki, 0.06 ha torpaq sahəsinə bitişik 0.05 ha torpaq sahəsi də onun istifadəsində olmuşdurr. O, 0.11 ha torpaq sahəsinə görə torpaq vergisi ödəmişdir. Lakin mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqan imtina cavabı vermişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,11 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, Xaçmaz rayonu “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli 60 saylı əmri əsasında həyətyanı məqsədi üçün iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin 0,06 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və 0,05 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizənizə əlavə olunmamışdır. İş materiallarında olan : - Xaçmaz rayonu “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli 60 saylı əmrindən görünür ki, həyətyanı məqsədi üçün İddiaçı 0,06 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.1994-cü il tarixli aktdan görünür ki, Xaçmaz rayonu “Şəfəq” sovxozunun xx.xx.1995ci il tarixli 60 saylı əmri əsasında həyətyanı məqsədi üçün İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi ona təhkim edilmişdir. -Xaçmaz rayon Dövlət Arxivinin 28 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli 52 saylı pıotokoluna əsasən aşağıda adları qeyd olunmuş vətəndaşlara göstərilən ölçüdə həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. Siyahıda 66-cı Mustafayeva Mədinə Cəmaləddİn qızı 0,06 ha –Mursalıqışlaq kəndi qeyd edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Hülövlü İƏV- nin xx.xx.1995-ci il tarixli 34 saylı sərəncamının və Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 52 saylı protokolundan '‘Rayonun sovxozlarında həyətyanı torpaq fondunun ayrılması” barədə qərara aid hissənin təsdiqlənmiş arxiv surətləri məhkəməyə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon “Şəfəq” sovxozu üzrə 25 avqust 1995-ci il tarixli 60 saylı əmrin və adlı siyahının surəti məhkəməyə təqdim edilmişdir (siyahıda 66-cı X1) ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İş materiallarından görünür ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 52 saylı protokolu ilə rayonun Nizami, Ş.Qurbanov, H.Z.Tağıyev adına, “Şəfəq” Bakı, Müşkür və .... sair sovxozlarında və Qusarçay kəndində həyətyanı torpaq fodunun təsdiq edilməsi və həmin sovxozlara və Qusarçay inzibati ərazi vahdinə həyətyanı torpaq fondunun ayrılmasıda dair məktubların göndərilməsi qərara alınmışdır. Bundan sonra “Şəfəq” sovxozunun 25 avqust 1995-ci il tarixli 60 saylı əmri ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin əmr Xaçmaz rayonu Hülovlü İƏV-nin xx.xx.1995-ci il tarixli əmri ilə təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İddiaçıya torpaq sahəsi ayrılan vaxt, yəni 1999-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07 iyul 1995-ci il tarixli 52 saylı protokoluna əsasən bir sıra sovxozlara, o cümlədən iddiaçıya torpaq sahəsini ayıran “Şəfəq”sovxozuna torpaq fondu ayrılmışdır və daha sonra həmin sovxozun torpaq sahəsinin ayrılmasına dair əmri Xaçmaz rayon Hülövlü İƏV-nin sərəncamı ilə təsdiq edilmişdir. Bundan başqa 0,06 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərar (əmr) qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. Cavabdeh inzibati orqana isə həmin əmri məhkəmədə mübahisələndirmək hüququ qanunvericiliklə verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahıda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ..... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən, 0.06 ha torpaq sahəsinə dair hissədə təmin olunmalıdır, qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon “Şəfəq” sovxozunun xx.xx.1995-ci il tarixli 60 saylı əmrinə əsasən ayrılmış Xaçmaz rayonu, Mursalıqışlaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1679/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1679/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver