Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-168/2021 22.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət edən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Müharibə veteranı adının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırımışdır ki, iddiaçı 01.19.1974-cü ildə anadan olmuşdur. 22.09.1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Xidmətini Sərhəd Qoşunlarında keçmişdir. Bu müddət ərzində döyüş zonasına yerləşən zastavalarda hərbi xidmətini davam etmişdir. 1992-1994-cü illər ərzində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. X12 xidmətinə göndərdiyi sorğulardan məlum olur ki, onun döyüşlərdə iştirakı barədə heç bir məlumat yoxdur. Belə ki, döyüşdə olan əsgərlər barədə əmrlərdə onun adı yoxdur. Onunla xidmət və döyüşdə bir yerdə olan əsgərlər döyüşdə olmağını təsdiq edə bilərlər. Belə ki, X10 və X8 ilə birlikdə döyüşlərdə iştirak etmişdir. 1992-1994-cü illərdə o, Zənqilan Cəbrayıl və Fizuli rayonlarında döyüşlərdə iştirak etmişdir. Dövlət Sərhəd xidmətinə ünvanladığı məktubda toplanmış arxiv sənədlərinə əsasən xidmət keçdiyi dövrdə döyüş əməliyyatlarında iştirakı təsdiq olunmamışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X7 oölu iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, sabiq hərbi qulluqçu X2 iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, vətəndaş S.İmaməliyevin müraciətinə əsasən müvafiq arxiv sənədləri toplanılmış və məlum olmuşdur ki, iddiaçı S.X.X9 Xidməti Sərhəd Qoşunlarının hal-hazırkı N nömrəli hərbi hissə komandirinin (əvvəlki Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N nömrəli hərbi hissə) 16.10.1992-ci il tarixli 3-a nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilmiş, 06.11.1996-cı il tarixli 300 nömrəli əmri ilə isə şəxsi heyətin siyahısından və bütün təminatlardan çıxarılmışdır. S.X.İmaməliyev tərəfindən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciət əsasında müvafiq arxiv sənədləri toplanmış və 18.02.2020-ci il tarixdə «Müharibə veteranı» və «Silahlı Qüvvələr veteranı» adının və vəsiqəsinin verilməsi komissiyasında baxılmışdır. İddiaçı X2 döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından «Müharibə veteranı» vəsiqəsinin verilməsinin mümkün olmaması barədə onun ünvanına 27.02.2020-ci il tarixdə 4/17-254 nömrəli məktub göndərilmişdir. «Veteranlar haqqında» 28.06.1994-cü il tarixli 841 nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə 28.09.2018-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi yalnız döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş zonasına ezamiyyətə göndərilmiş və ezamiyyətdən geri qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış şəxslərə (hərbi qulluqçulara) verilir. İddiaçı X2 döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından ona «Müharibə veteranı» vəsiqəsinin verilməsi mümkün olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan : -AZE 0******* saylı şəxsiyyət vəsiqəsidən görünür ki, X7 oğlu xx.xx.1974-cü il təvəllüdlüdür. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin 27.02.2020-ci il tarixli, 4/17-294 saylı imtina məktubundan görünür ki, iddiaçının Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciəti əsasında müvafiq arxiv sorğuları toplanılaraq Dövlət Sərhəd Xidmətinin «Müharibə Veteranı» vəsiqəsinin verilməsi komissiyasına təqdim edilmiş və baxılmışdır. Toplanmış müvafiq arxiv sənədlərinə əsasən xidmət keçdiyi dövrlərdə birbaşa döyüş əməliyyatlarında iştirakı, yəni döyüş əməliyyatlarında iştirak etmək üçün döyüş bölgəsinə ezam olunma və ezamiyyətdən qaytarılma müvafiq əmrlərlə təsdiq olunmadığından ona müharibə veteranı vəsiqəsinin verilməsi mümkün olmamışdır. -Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin 2007№-li hərbi hissənin komandirinin 16.10.1992-ci il tarixli 3-a №-li Əmrin çıxarışından görünür ki, Ağsu RHK-dan çağırılmış, sıravi X7 oğlu 4-cü SZ-na atıcı vəzifəsinə təyin edilmiş, şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilmişdir. - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhər Qoşunları İdarəsinin 2007№-li hərbi hissənin komandirinin 06.11.1996-cı il tarixli 300 №-li Əmrin çıxarışından görünür ki, X4 hərbi qulluqçuların qismən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29.06.1996-cı il tarixli Fərmanına əsasən 06.11.1996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla Sərhəd Qoşunlarında xidmətdən Silahlı Qüvvələrin ehtiyyatına buraxılmış və hərbi uçota götürülmək üçün müvafiq RHK-ya göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə və bu Əsasənaməyə 28.09.2018-ci il tarixli 422 nğmrəli Qərarlr edilmiş dəyişikliklərin tələblərinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının qanuni surətdə hərbi xidmətə qəbul edilməsi və təxris edilməsi barədə əmrlər mövcud olsa da, onun döyüş zonasına ezam olunması barədə əmrlər aşkar edilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-168/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-168/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver