Məhkəmə qərarları › İş №2-1(118)-1681/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1681/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1681/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialına qarşı “iddiaçının 01.01.1996-cı il tarixdən 06.11.2000-ci il tarixədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı əmək pensiyasının yenidən hesablanması və pensiya fərqinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin həmin orqanın 22 iyul 2021-ci il tarixli **********4 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1956-ci ildə anadan olmuşdur. 30 mart 2021- ci ildə ona elektron qaydada 250.16 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasının məbləğindən narazı olduğu üçün iddiaçı əmək pensiyasıın yenidın hesablanması üçün cavabdeh DSMF 1 saylı regional ərazi filialına müraciət etmişdir. Cavabdehin 22.07.2021-ci il tarixli **********4 saylı cavab məktubunda göstərilmişdir ki, 01.01.1996-cı ildən 06.11.2000-ci ilə qədər "İşgüzar” kooperativdə işlədiyi müddət sosial sığorta stajına əlavə olunmadığı üçün iddiaçının əmək pensiyasının məbləğində dəyişiklik edilməmişdir. Aşağıdakılara görə hesab edir ki, cavabdehin imtinası əsassızdır və 01.01.1996-cı ildən 06.11.2000-ci ilə qədər "İşgüzar” kooperativdə işlədiyi müddət sosial sığorta stajına əlavə edilməklə yenidən hesablanmalı və yaranmış pensiya fərqi ödənilməlidir. Belə ki, "İşgüzar" kooperativi 1990-cı ildə Azərbaycan Boruyayma zavodunun nəzdində yaradılmışdır və Sumqayıt şəhər İcraiyyə Komitəsində qeydiyyata alınmışdır. İddiaçı həmin kooperativin sədri seçilmişdir. Kooperativ, nizamnaməsinə uyğun olaraq Azərbaycan Boruyayma zavodunun poladəritmə sobalarının tüstü borularının rənglənməsi, lutirovkası və təmiri, qismən isə əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. "İşgüzar" kooperativi 1991-ci ildə 1995-ci ilin sonuna qədər Azərbaycan Boruyayma zavodun ərazisində təmir-tikinti işləri yerinə yetirmişdir. Yerinə yetirilmiş işlərin dəyərinə görə zavod kooperativə olan ödənişlərin bir qismini ödəmiş, bir qismi isə ödənilməmiş qalmışdır. Bu müddət ərzində "İşgüzar” kooperativi sosial müdafiə və vergi borclarının hasabatlarını vaxtında vermiş və ödənişləri qismən yerinə yetirmişdir. Əmək haqqı borclarıda qismən ödənilmişdir. 1996-cı ildən 2003cü ilə qədər zavod işləmədiyinə görə "İşgüzar" kooperativə olan borclarını ödəməmişdir. Ona görə də "İşgüzar" kooperativi sosial müdafiə və vergi borclarını tam ödəyə bilməmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "İşgüzar" kooperativi ancaq əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. Bu müddət ərzində sosial müdafiə və vergi hesabatları vaxtında təqdim edilmişdir, ancaq ödəmə olmamışdır. Belə ki, xidmət işlərindən kooperativə daxil olan kiçik həcmli gəlirlər cari və 1995-ci ilə qədər yaranan əmək haqqı borclarının ödənilməsinə yönəldilmişdir. Beləliklə, cavabdeh 1991 -1995-ci illərdə kooperativdə olan iş stajını sosial sığorta stajına əlavə etmiş (qismən ödəniş olduğuna görə). 1996-2000-ci illərdə kooperativdə olan iş stajını isə sosial sığorta stajına əlavə etməmişdir (ödənişlər olmadığına görə). 2000-ci ildən sonra kooperativin heç bir fəaliyyəti olmamışdır ona görə də Sosial Müdafiə Fonduna olan borcları ödəyə bilməmişdir. AR Prezidentinin 06.03.2018-ci il tarixli 1042-VQ saylı sərəncamı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən - Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay. il. işlədiyi peşəsi(vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür:

1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı;

2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. İstinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. 01 iyun 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında'' Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən - əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-ci maddəsinin 1-ci hissəsinə əsasən - iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən - Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normatix hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. AR İnzibati Prossesual Məcəlləsinin 33.1.-ci maddəsinə əsasən - məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən - məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 30 mart 2021ci il tarixdə 250,16 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının məbləğindən narazı qalmış iddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdeh 1 saylı RƏF-ə müraciət etmişdir. Cavabdehin 22 iyul 2021-ci il tarixli **********4 nömrəli imtina məktubuna əsasən, iddiaçının “İşgüzar” kooperativində işlədiyi 01.03.1992-ci il tarixdən 01.01.1996- cı il tarixədək olan dövr (qismən sığorta ödənişlərinin olması səbəbindən) mübahisələndirilməmiş, lakin 01.01.1996-cı il tarixdən 06.11.2000-ci il tarixədək olan dövrün (sosial sığorta haqlarının ümumiyyətlə ödənilməməsi səbəbindən) sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, əmək kitabçasına əsasən iddiaçı 01.03.1992-ci il tarixdən 06.11.2000-ci il tarixədək Azərbaycan Boruyayma Zavodunun nəzdində yaradılmış və Sumqayıt İcraiyyə Komitəsində qeydiyyata alınmış “İşgüzar” kooperativinin sədri vəzifəsində işləmişdir. 1947-ci il tarixdə Sumqayıt şəhərində yaradılmış həmin zavod hazırda X6 şirkətlər qrupunun tərkib hissəsinə daxildir. İddiaçının iddia ərizəsi və məhkəmə iclası zamanı şifahi izahatına əsasən, 1996-cı il tarixdən 2000-ci il tarixədək “İşgüzar” kooperativi yalnız əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. Həmin müddət ərzində İddiaçı kooperativin sədri kimi sığorta və vergi hesabatlarını təqdim etsə də, müvafiq ödənişləri həyata keçirilməmişdir. Belə ki, xidmət işlərindən kooperativə daxil olan kiçik həcmli gəlirlər cari və 1995-ci il tarixə qədər yaranmış əməkhaqqı borclarının ödənilməsinə yönəldilmişdir. 2000-ci il tarixdən sonra isə kooperativin fəaliyyəti tamamilə dayandırıldığından, müvafiq sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən: 1) 01.01.2006-cı il tarixədək olan ümumi iş stajının müddəti 25 il 02 ay 03 gün və 05 il təhsil müddəti nəzərə alınmaqla 30 il 02 ay 03 gün təşkil edir; 2) 01.01.2006-cı il tarixdən sonrakı sosial sığorta stajının müddəti 14 il 03 ay və pensiya kapitalının məbləği isə 16 972 manat təşkil edir. Lakin yuxarıda qeyd olunan dövrlərdən 01.01.1996-ci il tarixdən 06.11.2000-ci il tarixədək olan dövr sosial sığorta haqlarının ödənilməməsi səbəbindən iddiaçının sosial sığorta stajına əlavə edilməmişdir. “İşgüzar” kooperativin iş qovluğundakı 01.03.1992-ci il tarixdən 06.11.2000-ci il tarixədək hesabat məlumatlarının təqdim edilməsi üçün tərəfimizdən 04 oktyabr 2021- ci il tarixli **********3 nömrəli məktubla Fondun 1 saylı regional ərazi filialına müraciət edilmişdir. Müraciətimizə cavab olaraq həmin filial tərəfindən “İşgüzar” kooperativin Fondun vəsaitləri üzrə haqq-hesab cədvəlləri təqdim edilmişdir. Həmin haqq-hesab cədvəllərində qeyd olunmuşdur ki, 1996-1999-cu il tarixlərin müvafiq rüblərində kooperativin işçilərinə əməkhaqqı hesablanmamış və hesablanması nəzərdə tutulmamışdır. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında 12.10.2021-ci il tarixli **********0 nömrəli müracətimiz X3 sədr müavini tərəfindən aşağıda qeyd olunan qaydada cavablandırılmışdır:

1. İddiaçı “İşgüzar” kooperativinin sədri olmuşdur. Onun kooperativ sədri kimi şəxsi imzası ilə rəsmiləşdirilmiş 1996-1999-ci illərdə qeydiyyata alınmış arayışlarda həmin müəssisə tərəfindən işçilərə əməkhaqqı hesablanmadığı və ödənilmədiyi qeyd edilmişdir.

2. Azərbaycan Respublikasının Prezidentinin 06.03.2018-ci il tarixli 1042-VQ nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, Sərəncamda əmək haqqının hesablandığı, lakin ödənilmədiyi halda iş stajına daxil edilməsi nəzərdə tutulur. Lakin yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun əhatə dairəsinə düşmədiyindən, “İşgüzar” kooperativində işlədiyi 01.03.1992-ci il tarixdən 06.11.2000-ci il tarixədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2. -ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci İİ iyulun 1-dək hər il 6 ay artırılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək bildirirlər ki, İddiaçı “İşgüzar” kooperativin sədri vəzifəsində işlədiyi 01.03.1992-ci il tarixdən 06.11.2000-ci il tarixədək olan dövr ərzində işçilərə və şəxsən özünə əməkhaqqı hesablanmadığı və ödənilmədiyi üçün; onun məcburi dövlət sosial sığorta sahəsində borclarının tənzimlənməsi və həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidi. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı işləmədiyi 01.03.1992-ci il tarixdən 06.11.2000-ci il tarixədək olan dövr üzrə əmək haqqı almamış və beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı 01.01.1996-cı il tarixdən 06.11.2000-ci il tarixədək “İşgüzar” kooperativində sədr işlədiyi müddətin iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. Cavabdeh isə iddianı qəbul etmir və imtinasını 01.01.1996-cı il tarixdən 06.11.2000ci il tarixədək olan dövrün sosial sığorta haqlarının ödənilməməsi ilə əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. İddiaçı qeyd edir ki, "İşgüzar" kooperativi 1991-ci ildə 1995-ci ilin sonuna qədər Azərbaycan Boruyayma zavodun ərazisində təmir-tikinti işləri yerinə yetirmişdir. Yerinə yetirilmiş işlərin dəyərinə görə zavod kooperativə olan ödənişlərin bir qismini ödəmiş, bir qismi isə ödənilməmiş qalmışdır. Bu müddət ərzində "İşgüzar” kooperativi sosial müdafiə və vergi borclarının hasabatlarını vaxtında vermiş və ödənişləri qismən yerinə yetirmişdir. Əmək haqqı borclarıda qismən ödənilmişdir. 1996-cı ildən 2003-cü ilə qədər zavod işləmədiyinə görə "İşgüzar" kooperativə olan borclarını ödəməmişdir. Ona görə də "İşgüzar" kooperativi sosial müdafiə və vergi borclarını tam ödəyə bilməmişdir. 1996-cı ildən 2000-ci ilə qədər "İşgüzar" kooperativi ancaq əhaliyə xidmət işləri ilə məşğul olmuşdur. Bu müddət ərzində sosial müdafiə və vergi hesabatları vaxtında təqdim edilmişdir, ancaq ödəmə olmamışdır. Belə ki, xidmət işlərindən kooperativə daxil olan kiçik həcmli gəlirlər cari və 1995-ci ilə qədər yaranan əmək haqqı borclarının ödənilməsinə yönəldilmişdir. Beləliklə, cavabdeh 1991 -1995-ci illərdə kooperativdə olan iş stajını sosial sığorta stajına əlavə etmiş (qismən ödəniş olduğuna görə). 1996-2000-ci illərdə kooperativdə olan iş stajını isə sosial sığorta stajına əlavə etməmişdir (ödənişlər olmadığına görə). 2000-ci ildən sonra kooperativin heç bir fəaliyyəti olmamışdır, ona görə də Sosial Müdafiə Fonduna olan borcları ödəyə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu müddətdə əldə edildiyinə görə, həmin qanunun müddəaları tətbiq olunmalıdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normalar nəzərə alındıqda iddiaçının 01.01.1996-01.11.2000-ci illərdə işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsinihəll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi dövrlərin müəyyən hisəsində “İşgüzar” Kooperativinin fəaliyyətinin olmaması səbəbindən işçilərə əmək haqqının hesablanmayacağı barədə müvafiq hesabatlar inzibati orqana təqdim edilmişdir. Belə ki, cavabdeh tərəfindən İddiaçı sədr vəzifəsində işlədiyi “İşgüzar” Kooperativinin 01.03.1992-06.11.2000-ci illər üzrə hesabatları məhkəməyə təqdim edilmişdir. Hesabata əlavə edilmiş arayışlardan görünür ki, 1996-cı ilin İV rübündə, 1997-ci ilin İİ rübündə, 1998-ci ilin İ və İİİ rüblərində, 1999-cu ildə işçilərə əmək haqqı hesablanmamışdır. Məhkəmə hesab edir ki, bu dövrlər əmək haqqı hesabalanmadığı üçün iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Digər dövrlərin nəzərə alınması tələbi isə yuxarıda qeyd edilənlərə əsasən əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı 1996-2000-ci illər üzrə sədr vəzifəsində işlədiyi “İşgüzar” kooperativinin təqdim etdiyi hesabatlarda əmək haqqı hesablanmış dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyası yenidən hesablanmalı və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialının üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 1996-2000-ci illər üzrə sədr vəzifəsində işlədiyi “İşgüzar” kooperativinin təqdim etdiyi hesabatlarda əmək haqqı hesablanmış dövrlər iddiaçının sosial sığorta stajına əlavə edilməklə əmək pensiyası yenidən hesablansın və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar