Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1681/2025 07.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “**********40-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa dəyişiklik edərək iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, **********40-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa dəyişiklik edərək iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində doğulub böyümüşdür və hal hazırdada həmin evdə ailə üzvləri ilə birgə yaşayır. Həmin yaşayış evinin altında yerləşən 0.0697 ha torpaq sahəsi ümumi mülkiyyətdə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 303 nömrəli reyestr kitabının 72 saylı vərəqində iddiaçının, anası X1, X2 və X6 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına baxmayaraq həmin sahənin üzərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə heç bir əsas və səbəb olmadan cavabdeh inzibati orqan tərəfindən yalnız anası X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və nəzərə alınmamışdır ki, həmin fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə F.Cəbrayılovanın da olduğu kimi iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin inzibati orqan bu halları nəzərə almadan fərdi yaşayış evinin altında olan torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnun olmasına baxmayaraq fərdi yaşayış evinə F.Cəbrayılovanın mülkiyyət hüquqlarını taniyarkən iddiaçının həmin yaşayış evinə dair hüquqlarını nəzərə almamış və dövlət qeydiyyatına alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı Cəbrayılova Fəridə ilə eyni statusdadır. Cavabdehin imtinası formal xarakter daşıyır. Cəbrayılova Fəridənin adına texniki pasport olduğuna görə mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdikləri texniki pasportda özləri də etiraf edirlər ki, hüquq subyektləri C.Fəridə və başqalarıdır. Cavabdeh özü də iddiaçının hüququnu etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 16 iyun 2023-cü il tarixli Qərarında da qeyd edilir ki, istənilən tikili yerləşdiyi torpaq sahəsinin mühüm tərkib hissəsi sayılır və onlar birlikdə vahid daşınmaz əşyanı təşkil edirlər...Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88.3-cü maddəsində də qeyd edilir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Fərdi yaşayış evinə hüquqmüəyyənedici sənəd, istismara qəbul aktı və s. təqdim edilməsinə gəldikdə isə tikili artıq Cəbrayılova Fəridənin adına qeydiyyata alınmış və bütün zəruri məsələlər yoxlanılmışdır. İddiaçıya torpaq sahəsi AİK qərarı ilə 1997-ci ildə ayrılmışdır. 2005-2006-cı illərdə tikili tikilmişdir. 1988-ci il tarixli texniki pasporta istinad edilə bilməzdi. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi və bu səbəbdən də daşınmaz əmlaka texniki baxışın keçirilmədiyi müəyyən olunmuşdur. İddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. Ləğv edilməsi xahiş edilmiş **********40-10301 reyestr nömrəli çıxarışla torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı əsasında siyahıda göstərilən 4 nəfərin paylı mülkiyyətinə verilmişdir, fərdi yaşayış evi isə 180 inventar nömrəli texniki pasport əsasında X1 mülkiyyətinə verilmişdir. Sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. 13 fevral 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək izahatında bildirmişdir ki, torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. Cəbrayılova Fəridənin fərdi yaşayış evinə mülkiyyət hüququ texniki pasport əsasında qeydə alınmışdır. 07 mart 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. X5 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirak etmiş, izahatında bildirmişdir ki, ev 1934-cü ildə Cəbrayılova Fəridənin babası tərəfindən tikilmişdir. 1936-cı ildə babasının vəfatından sonra ev nənəsinin, nənəsinin vəfatından sonra 1975-ci ildə anasının, 2001-ci ildə isə Cəbrayılova Fəridənin adına keçmişdir. Torpaq sahəsi isə AİK qərarı ilə ayrılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********40-10301, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə X1, X2, X6, İddiaçı ümumi birgə mülkiyyət hüququ, fərdi yaşayış evinə isə X1 tam şəkildə mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 29 iyul 2024-cü il tarixli məktubu ilə fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı **********40-10301 reyestr nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa dəyişiklik edərək iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi və bu səbəbdən də daşınmaz əmlaka texniki baxışın keçirilmədiyi müəyyən olunmuşdur. İddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. Ləğv edilməsi xahiş edilmiş **********40- 10301 reyestr nömrəli çıxarışla torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı əsasında siyahıda göstərilən 4 nəfərin paylı mülkiyyətinə verilmişdir, fərdi yaşayış evi isə 180 inventar nömrəli texniki pasport əsasında X1 mülkiyyətinə verilmişdir. Sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı qanuni əsaslarla aparılmış və qeydə alma zamanı hər hansı yanlışlığa yol verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, işin hallarından görünür ki, Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli Qərarı ilə X3 və ailə üzvləri X4, X7, İddiaçı 0,07 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 697.17 kv. metr həyətyanı torpaq sahəsinə dair A №110281 saylı torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. Aprel 1988-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ünvanında yerləşən fərdi yaşayış evi X3 məxsus olmuşdur. İddiaçı iddia edir ki, torpaq sahəsi ilə yanaşı fərdi yaşayış evinə onun da mülkiyyət hüququ qeydə alınmalıdır. Lakin məhkəmə qeyd edir ki, torpaq sahəsi Aqrar İslahat Komissiyasının Qərarı ilə ayrıldığı üçün X5 və onun ailə üzvlərinin mülkiyyət hüququ qeydə alınmışdır. Fərdi yaşayış evi isə 1988-ci ildə tərtib edilmiş texniki pasport əsasında X1 adına qeydə alınmışdır. Yəni fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Göründüyü kimi X1 fərdi yaşayış evinə hüququnun qeydə alınması üçün hüquqi əsas mövcud olmuşdur. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1681/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1681/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver