Məhkəmə qərarları › İş №2-1(118)-1683/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1683/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1683/2024 18.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0.08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında 0.08 ha sahədən ibarət torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair alqısatqı aktı tərtib edilmiş,yerqurluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması ilə bağlı Qobu Bələdiyyəsinin hesabına 05 oktyabr 2015-ci il tarixdə 800 manat məbləğində pul köçürmüşdür. Qeyd olunmalıdır ki, ayrılmış torpaq sahəsi onlara eyni ərazidə, ailə üzvləri olduğundan bitişik olaraq ayrılmış, həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı kubik daşlar və digər materiallar alınmışdır və bununla bağlı xeyli vəsait sərf etmişdir . Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə hasar çəkilməsinə icazə verilmişdir.Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə məlum oldu ki, bələdiyyə tərəfindən ona verilmiş qərarlar saxtadır , belə ki, bu torpaq sahəsinə əvvəllər başqa şəxslərə qərarlar verilmişdir . Onlar torpaq sahəsində tikinti işləri aparmış, torpaq sahəsinə hasar çəkdirmişlər . Bir müddət sonra bu hasar uçurulmuşdur, belə ki, bu torpaq sahəsi əvvəllər başqa şəxsə ayrılmışdır . Onlar maddi zərərə məruz qalmışlar.Qeyd olunmalıdır ki, hasar çəkilməsi ilə bağlı olaraq bönövrə xəndəyinin ekskavatorla qazılmasına, hasarın mişar daşı ilə tikintisinə, hörgü üçün mişar daşma (Güzdək standartı), hörgü üçün sementə, hörgü üçün quma və su ilə bağlı, əlavə işlərə cəmi 1656 manat 70 qəpik pul xərcləmişdir.Onlara vurulmuş maddi ziyanın müəyyən edilməsi ilə bağlı digər sifariş verilmişdir və "xxxx" MMC tərəfindən qiymətləndirmə işləri aparılmışdır və 05 may 2022-ci il tarixdə mütəxəssis rəyi verilmişdir.Göründüyü kimi o maddi ziyana məruz qalmış, normal qaydada torpaq sahəsi əldə etməkdən məhrum edilmiş və saxtakarlığın qurbanına çevrilmişdir. Qobu Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavabda Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı torpaq ayrıma qərarlarının xx.xx.2018-ci il tarixdə ləğv edilməsi göstərilmişdir. Qobu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin əvəzi olaraq başqa yerdə torpaq sahəsi təklif edilir, torpaq sahəsinin yalnız miqyası göstərilməklə planı verilir,həmin planın ona aid olması göstərilməmiş, digər sənədləşmə işləri isə aparılmır. Halbuki, təklif edilən torpaq sahəsinin ayrılması barədə qərar, alqı-satqısına dair akt, müqavilə və s. barədə sənədləşmə işləri aparılmalıdır. Ona əvvəllər verilmiş torpaq sahəsindən məhrum olmuş və əvəzi də qanunvericiliyə uyğun olaraq ayrılaraq verilməlidir.Qobu Bələdiyyəsinə ərizə ilə müraciət edərək ayrılmış torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi barədə tədbir görülməsini xahiş etmiş, ərizə poçt vasitəsilə xx.xx.2023cü il tarixdə göndərilmiş, lakin tədbir görülməmiş və cavab verilməmişdir. Cavabdeh tərəf heç bir tədbir görməməklə hərəkətsizliyə yol vermişdir. Ona görə də ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı münasibət bildirməmişdir. Lakin, məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarı məhkəmənin müvafiq qərarına əsasən ləğv edilib. Belə ki, keçmiş bələdiyyə tərəfindən iddiaçıya ayrılan yer kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğundan və Qanunun tələbləri baxımından fiziki şəxslərin mülkiyyətinə verilə bilməyən torpaq sahəsi olduğundan həmin torpaq vətəndaşdan geri alınıb. Torpağın dəyəri olaraq ödənilmiş pulun bələdiyədən tələb edilməsi ilə bağlı Abşeron Məhkəməsində iddia tələbi qaldırılıb və pul müəyyən hissəsi iddiaçıya geri ödənilib. Hal-hazırkı bələdiyyə sədri tərəfindən formal olaraq iddiaçıya torpaq sahəsi verilib, lakin həmin torpağın iddiaçının adına rəsmiləşdirilməsi hərrac vasitəsi ilə mümkündür. İddiaçı isə həmin torpağı hərracsız almaq niyyətindədir. Bu səbəbdən iddia tələbi mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə göndərilmiş pretenziya məktubun surəti, Abşeron rayon Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının surəti, bələdiyyənin yerquruluşu planından çıxarışların surəti, rəyin surəti, Abşeron rayon Dövlət Arxivinin məktubu, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli inzibati işin materiallarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarının qəbul edildiyi vaxtdan yaranmış olur. Abşeron rayon Qobu Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Bələdiyyə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının əldə etmək istədiyi olan torpaq sahəsi Abşeron rayon Qobu Bələdiyyəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə torpaq sahəsinin ayrılması səlahiyyəti Qobu Bələdiyyəsinə aiddir. Belə olduğu tədqirdə Abşeron rayon Qobu Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Abşeron rayon Qobu Bələdiyyəsinə müraciət etmiş və inzibati orqanın iddiaçının müraciətinə rəsmi münasibət bildirməmişdir. Cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının məhkəmədə iddia qaldırmaq hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə məlum olmuş ki, bələdiyyə tərəfindən ona verilmiş qərarlar ləğv edilmişdir. İddiaçı Qobu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin əvəzi olaraq ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi barədə tədbir görülməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh torpaq sahəsinin ona verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsassızdır.Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair bələdiyyə qərarı Sumqayıt Regional Ədliyyə İdarəsinin məhkəməyə müraciəti əsasında ləğv edilmişdir. Həmin qərarın ləğvinə əsas olmuş hal mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kateqoriyasına aid olmasıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli inzibati işin materiallarına əlavə edilmiş Qobu Bələdiyyəsinin 08 nömrəli, xx.xx.2018-ci il Protokolundan görünür ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin 05/199 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu nəzərə alınaraq İddiaçı ayrılmış 0.08 ha torpaq sahələrinin qərarlarının ləğv edilməsi üçün verilmiş təklif həmin torpaq sahələri ilə bağlı bələdiyyə büdcəsinə ödənilmiş rüsumun vətəndaşa geri qaytarılmasının hal-hazırda mümkün olmaması və bələdiyyənin maliyyə imkanları məhdud olduğuna görə mümkünsüz hesab edilmişdir. Həmçinin, adları qeyd olunan vətəndaşlarla bağlı fərdi söhbətin aparılması, həmin vətəndaşlara yaxın vaxtlarda torpaq sahələri ilə bağlı kateqoriyanın dəyişdiriləcəyi və qanunvericilikdən irəli gələn məsələlərin izah edilməsi qərara alınmışdır. Göründüyü kimi, bələdiyyənin müvafiq protokol qərarında iddiaçıya hər hansı torpaq sahəsinin bələdiyyənin ərazi hüdudlarında ayrılması nəzərdə tutulmadığından, iddiaçının hazırkı tələbi qanunsuzdur. Nəzərə alınmalıdır ki, iddiaçıya dəymiş ziyanının kompensasiyası üçün cavabdehə müraciət edilməsi hüquq istisna edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0.08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar