Məhkəmə qərarları › İş №2-1(118)-1684/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1684/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1684/2021 30.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətinə qarşı “ünvan 1 ünvanda yerləşən onun mülkiyyətində olan yaşayın evində qeydiyyatda olan X2 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviril hissə: İddiaçı, ünvan 1 ünvanda yerləşən onun mülkiyyətində olan yaşayın evində qeydiyyatda olan X2 qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Bakı şəhəri Maştağa qəsəbəsi Savalan yaşayış massivində ailəsi ilə birlikdə yaşamışdır. Evi satıb Ceyranbatan qəsəbəsinə köçüb ev tikmək üçün özünə torpaq sahəsi almış və evi tikməmişdir. Lakin onun heç yerə qeydiyyatı olmamışdır, yaxın zamanlarda iddiçıaya məlum olmuşdur ki, X4 onun xəbəri və razılığı olmadan mülkiyyətində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsi yeni məhəllə 214 ünvanda yerləşən mənzilə qeydiyyata düşübdür. Məsələyə aydınlıq gətirmək üçün o, " Asan " xidmət mərkəzinə müraciət edərək oradan yaşayış yeri üzrə qeydiyyat haqqında arayış almışdır və həmin arayışda X2 adı yoxdur, lakin şəxsiyyət vəsiqəsində onun qeydiyyat yeri iddiaçının ünvanı göstərilibdir və Daxili İşlər Nazirliyindən alınan MAPS arayışında cavabdehin qeydiyyatı göstərilibdir. Hal - hazırda oğlu Ramizin ailəyə qarşı çox aqresiv münasibəti vardır. Spirtli içki istifadə edərək iddiaçıya və anasına qarşı küçə söyüşləri ilə təhqir edir. Bu səbəbdəndə onu qeydiyyatdan çıxarmaq istəyir. Bununla əlaqədar Abşeron rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə müraciət etmiş, oradan iddiaçıya yazılı cavab vermişdirlər ki, məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir. Buna görədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İntizam Prosessual Məcəlləsinin 2.2.2.- ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia ) baxır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə bildirmişdirlər ki, X4 faktiki olaraq onlarla eyni ünvanda yaşayır. Qonşular ondan narazıdır. Evdə rahat yaşaya bilmirlər. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibətində işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X4 iştirak etmiş, iddia ilə razılaşmayaraq izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. O həmin ünvanda 11-12 kv.m ərazidə yaşayır və kommunal xərcləri odəyir. Onun iddiaçı və ailəsi ilə qərəzi yoxdur. Yaşamağa əlavə yeri yoxdur. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs ilə iddiaçının oğludur və üçüncü şəxs ünvan 1 ünvanda yerləşən yaşayış evində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Eyni zamanda İddiaçı ilə onun oğlu üçüncü şəxs X4 arasında mövcud olan ailə üzvü əlaqəsi əsasında üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq olmamış, inzibati orqanın imtinası əsaslı olmuşdur. Qanunvericiliyin də tələbindən göründüyü kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya izah edilsin ki, üçüncü şəxsin mülkiyyətində olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar