Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1684/2022 22.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1i ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X8 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Xaçmaz şəhəri, Ş.Sultanov küçəsi ev 57-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ünvan 1ində yerləşən 0.209 ha həyətyanı torpaq sahəsi üzərində atası X2 mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən 0.209 ha-dan ibarət həyətyanı torpaq sahəsi üzərində atası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmılakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 0,209 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X2 adına təsərrüfatbaşına kitabda 0.209 ha torpaq sahəsi qeyd edilmişdir. Faktiki isə onun və ailə üzvlərinin istifadəsində 0.60 ha və fərdi yaşayış evi olmuşdur. həmin torpaq sahəsinin 0.17 ha hissəsi Sovet dövründə onların əlindən alınaraq kənd soveti binasına verilmişdir. 0.22 ha onun əmisi qızı və həyat yoldaşı olan X1 vərəsəlik yolu ilə keçmişdir. Həyat yoldaşının vəfatından sonra 0.22 ha iddiaçının mülkiyyətinə keçmiş və sonradan onun tərəfindən qızı X4 bağışlanmışdır. 0.209 ha torpaq sahəsi hüquqi cəhətdənn boşdur və onun istifadəsindədir. O, Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət edərək xx.xx.1945-ci il tarixdə vəfat etmiş X2 vəfatından sonra miras qalmış ünvan 1ində yerləşən torpaq sahəsinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini istəmişdir. Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmadığından notariat hərəkətlərin aparılması mümkün olmamışdır. Bundan sonra ünvan 1ində yerləşən mərhum atası X3 məxsus 0,209 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 17 mart 2022-cil tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh əsasız olaraq onun müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X12 iddianı qəbul etmədi və izah etdi ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş 0,209 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin mülkiyyətində olan fərdi yaşayış evinə dair verilmiş texniki pasportda göstərilən həyətyanı torpaq sahəsinin zəbt hissəsi kimi əks olunan torpaq sahəsidir. Bundan əlavə, ərizəyə əlavə olunmuş Xaçmaz RİHB-n Çarxı kənd İƏD-n nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 61 nömrəli arayışında ünvan 1i üzrə 1995-2000-ci illər üzrə 01 saylı təsərrüfatbaşına kitabın 14 saylı səhifəsində 0,209 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan : - Xaçmaz rayon Çarxı bələdiyyəsi tərəfindən verilmiş, 04 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1i ünvanında Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən mülkiyyətində olan torpaq sahəsinin daxilində sənədləşdirilməmiş 0.21 ha hətyətyanı torpaq sahəsi mövcuddur. - İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinə ünvanlanmış və notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, ona məxsus olan ünvan 1i ünvanındakı torpaq sahəsinin sənəd üzrə 0.60 ha göstərilməsinə baxmayaraq faktiki 0.21 ha olduğu aşkar edilmişdir. Bunları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz rayonu 5 saylı ərazi idarəsi tərəfindən çıxarışın 0.21 ha işlənib verilməsinə etiraz etmir. - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 43 saylı 21 yanvar 2022-ci il tarixli arxiv arayışından görünür ki, zərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan X10 Sovetinin İcraiyyə Komitəsinin 1943-1944-cü illərə aid Çarxı kəndi üzrə 09 saylı təsərrüfatbaşına kitabında mərhum X9 təsərrüfat başçısı olub, təsərrüfatın həyətyanı torpaqların cəmi 1944-cü ildə 0,60 ,o cümlədən tikili yeri 0,01 , onlardan yaşayış tikili yerləri 0,01 ,dirrik yerləri 0,50, bağ yerləri 0,08-sadə qələmlə göstərilmişdir (torpaq ölçüsünü müəyyən edən meyar qeyd olunmamışdır). - Xaçmaz rayon Çarxı kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 61 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 Xaçmaz rayon Çarxı kəndində 1995-2000-ci illər üzrə 01 nömrəli təssərüfatbaşına kitabın 14 saylı səhifəsində 0.209 ha həyətyanı torpaq sahəsi onun adına qeyd edilmişdir. -Çarxı bələdiyyəsi tərəfinfən tərtib edilmiş torpaq sahəsinin cizgisindən görünür ki, həmin sənəd X2 adına olan 0.209 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -ünvan 4 ünvanlanmış 60 saylı 03 fevral 2022-ci il məktubundan görünür ki, ünvan 5t ofisinə xx.xx.1945-ci il tarixdə vəfat etmiş X2 vəfatından sonra miras qalmış ünvan 1i ünvanındakı torpaq sahəsinə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, ünvan 1i ünvanında yaşayan İddiaçı adından ərizə daxil olmuşdur. Lakin ünvan 1i ünvanındakı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyindən həmin notariat hərəkətini aparmaq mümkün deyildir. Vərəsəlik işinin həlli ilə əlaqədar notariat ofisinə təqdim etmək üçün Çıxarış verilməsi xahiş edilmişdir. - AZ-İİ № 245367 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1945-ci ildə vəfat etmişdir. - xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Xaçmaz rayon Çarxı kəndində yerləşən ümumi sahəsi 185.7 kv m olan fərdi yaşayış evini və 0.22 ha torpaq sahəsini qızı X4 bağışlamışdır. - Məhkəmənin sorğusuna əsasən Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyedtrindən çıxarışın verilməsi üçün əsas olmuş sənədlərdən müəyyən edilir ki, ünvan 1ində 0.22 ha torpaq sahəsində yerləşən 185.7 kv m sahəsi olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə vərəsəlik əsasına keçmiş və bağışlama müqaviləsinə əsasən onun tərəfindən qızı X4 bağışlanmışdır. Həmin evin texniki pasportunda zəbt edilmiş torpaq sahəsi kimi 0.225 ha torpaq sahəsi göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən 0.201 ha torpaq sahəsi 1995-2000-ci illərə aid təsərrüfatbaşına kitabında mərhum X2 adına qeydə alınmışdır. Torpaq sahəsi faktiki olaraq ailə üzvlərinin istifadəsindədir. Cavabdeh imtina cavabında yeganə arqument kimi həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportunda zəbt torpaq sahəsi kimi qeyd edilməsinə istinad etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsas hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mərhum atasının adına qeydə alınmış 0.201 ha torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsinin başqa şəxsin, yəni iddiaçının qızının mülkiyyətində olan fərdi yaşayış evinin texniki pasportunda zəbt kimi göstərilməsi iddia tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı atası X3 məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, ünvan 1ində yerləşən 0.201 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1ində yerləşən 0.201 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1684/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1684/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver