Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1689/2025 31.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “mərhum əri X2 hüquqnun yarandığı xx.xx.2022-ci il tarixindən, öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan yaşa görə əmək pensiyasının və vəfatı ilə əlaqədar olaraq ailəsinə ödənilməli olan dəfn müavinətinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə 18 iyul 1979-cu il tarixdə nikaha daxil olmuş, həyat yoldaşı, xx.xx.1957-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum əri xx.xx.2009-cu il tarixindən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası alırdı, yaşı tamam olanda yaşa görə əmək pensiyası alacağına ümid edirdi. Çünki buna tam hüququ çatırdı. Ərinin qanunvericiliklə kişilər üçün müəyyən edilmiş yaş həddi - 65 yaşı 12 avqust 2022-ci il tarixdə tamam olduğu üçün avtomatlaşdırılmış qaydada ona yaşa görə əmək pensiyasının təyin olunacağını gözləyirdi. Lakin bu baş vermədikdə cavabdehə şifahi qaydada müraciət edən zaman ona bildirmişdilər ki, məcburi sosial sığorta haqları üzrə ödənilmiş məbləğ sistemdə görsənmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. Yoldaşı apardığı araşdırmadan sonra məcburi sosial sığortası üzrə ödənişin adına sistemə işləndiyi məlum olmuşdur. O, yenidən bir neçə dəfə də müxtəlif tarixlərdə cavabdehə müraciət edərək sistemin yenidən yoxlanması, ödənişin sistemdə görünməməsində onun heç bir təqsirinin olmamasını və yaşa görə ona əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, müraciətinə müsbət cavab verilməmişdir. Daha sonra səhhətində ağırlaşma olan həyat yoldaşı almağa hüququ olduğu əmək pensiyasını almadan ölmüşdür. Bundan sonra cavabdehə müraciət edərək, mərhum ərinə əmək pensiyasının təyin edilməsi, onun ölümünə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dəfn müavinətinin ona ödənilməsi və ona ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024cü il tarixli, 3-17-1/2-2-116251/2024-cü il tarixli imtina məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir.Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Lakin, iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “...“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra- Qanun) 33-cü maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Həmçinin bildiririk ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın (bundan sonra-Qayda) 2.2-cı yarımbəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1 -ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır.Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, mərhum X4 xx.xx.2021-ci il tarixinədək əlilliyə görə əmək pensiyası alan şəxs olduğu üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməmişdir. Həmçinin Qaydanın 2.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti olmadığı üçün ona əmək pensiyası, əmək pensiyaçısı olmadığı üçün isə onun vəfatı ilə əlaqədar dəfn üçün müavinət təyin olunmamışdır. Qanunun 14.1.2-ci maddəsinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Bildiririk ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qadınlar üçün pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. Qaydanın 2.2.6-cı yarımbəndinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq ailə başçısının dul arvadının (ərinin) yeni nikaha daxil olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arayışı təqdim edilir.Məlumat üçün bildiririk ki, mərhum X1 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası hüququnuza baxılması üçün qeyd olunan zəruri sənədləri təqdim etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Məhkəmə icraatı zamanı ərizə təqdim edən cavabdeh təşkilat bildirmişdir ki, xx.xx.2024-cü il tarixli əmək pensiyasının təyin edilməsi barədə qərara əsasən İddiaçı əmək pensiyası hüququ yarandığı xx.xx.2024-cü il tarixdən aylıq 370,36 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənləri nəzərə alaraq icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-2-116251/2024-cü il tarixli məktubu, cavabdehin ərizəsi, iddiaçıya aid pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum ərinin yaşa görə əmək pensiya yaşının tamam olduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-2-116251/2024-cü il tarixli məktubunu qəbul etdikdən sonra məhkəməyə vaxtında müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının hüquqi marağı mərhum əri X2 hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan yaşa görə əmək pensiyasının ona ödənilməsi və mərhumun vəfatı ilə əlaqədar olaraq ailəsinə ödənilməli olan dəfn müavinətinin hesablanaraq İddiaçı ödənilməsini niyyətindədir.Bununla bağlı cavabdeh təşkilata müraciət etsə də onun müraciəti müsbət həll edilməmişdir. Cavabdeh təşkilat da öz növbəsində iddiaçının tələbini təmin etdiyi qənaətinə gələrək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, tələbdən də görünür ki, iddiaçı onun mərhum ərinə təyin edilməmiş yaşa görə əmək pensiyasının təlin edilməsi və hüququ olduğu üçün dəfn müavinətinin ona ödənilməsindən ibarətdir. Ona görə də cavabdehin məhkəmyə təqdim etdiyi ərizə təmin edilə bilməz. Belə ki, işin mübahisəsiz halı cavabdeh tərəfindən iddiaçıya ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsidir. Təqdim edilən iddiaçının mərhum ərinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, mərhum xx.xx.1976-cı il tarixdən xx.xx.2024cü il tarixinədək işləmiş, bu barədə əmək kitabçasında qeydlər olmaqla yanaşı, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, bu barədə hesabatın DSMF-nin müəyyən etdiyi quruma təqdim edilməsi də həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və və ödənilməsi Qaydası”nın (bundan sonra -Qayda) 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi ilə bağlı sənədlər (məlumatlar) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsisteminə (bundan sonra - PAS) daxil edilir və ya bildirişlər PAS vasitəsilə göndərilir. Qaydanın 2.1-ci bəndinə əsasən Qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. Qaydanın 2.2-ci bəndində müəyyən edilmişdir ki, bu Qaydanın 2.1 -ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra - “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9- cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur. Göründüyü kimi mərhum Nizami Zəkiyev məhz Qaydanın 2.1-ci bəndində qeyd olunan “fərdi şəxsi hesabının sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunan” olduğu üçün ondan Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra - “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında müraciət edilməsinin tələb edilməsi tamamilə qanuna zidd olan bir haldır. Qaydanın 2.2-ci bəndi əlilliyə görə əmək pensiyası alan şəxsi avtomatlaşdırılmış qaydada pensiya təyin oluna bilməyən şəxslər siyahısına daxil etməmişdir. Beləliklə, inzibati orqan vaxtında öz öhdəsinə düşən hərəkləri etmədiyi üçün mərhum Nizami Zəkiyevə yaşa görə əmək pensiyası almaq hüququndan məhrum edilmiş və nəticədə ailə onun ölümünə görə dəfn müavinətini almaq hüququndan da məhrum olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının mərhum əri X2 hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən, öldüyü xx.xx.2024-cü il tarixədək ödənilməli olan yaşa görə əmək pensiyasının və vəfatı ilə əlaqədar olaraq ailəsinə ödənilməli olan dəfn müavinətinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2-1(118)-1689/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1689/2025
31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver