Məhkəmə qərarları › İş №2-1(118)-1691/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1691/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1691/2021 02.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayonu, Novxanı kəndində yerləşən. 0.10 ha torpaq sahəsinin daşınmaz əmlaka dair müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayonu, Novxanı kəndində yerləşən. 0.10 ha torpaq sahəsinin daşınmaz əmlaka dair müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X3 adına Novxanı kəndində 0,10 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin mərhum həyat yoldaşına məxsus olmasını təsdiq edən 23 aprel 1992-ci il tarixli “Bağçının üzvlük kitabçası". Abşeron Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Abşeron Rayon Dövlət Arxivi İdarəsinə məxsus 22 iyul 1992-ci il tarixli. 318 №-li arxiv çıxarışı (sərəncam) və torpaq sahəsinin 0,10 ha olmasını təsdiq edən Abşeron Rayon Bələdiyyəsinin Yerquruluşu Planından çıxarışı da mövcuddur. X6 2016-cı ildə dünyasını dəyişmişdir və onun vərəsələri Sumqayıt “ASAN XİDMƏT MƏRKƏZİ”ndə vərəsəlik şəhadətnaməsi ilə həyat yoldaşı İddiaçı və oğlu X4 müəyyən olunmuşdur. Mövcud torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 4 saylı Abşeron Ərazi İdarəsində müvafiq qeydiyyatın aparılmaqla çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi **********52 №-li. 09.07.2021 -ci il tarixli cavab məktubunda iddiaçının Abşeron rayonu, Novxanı kəndində yerləşən mərhum X5 məxsus 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, ərazi idarəsinin mövcud arxiv baza məlumatlarında saxlanılan siyahıda X3 adına Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair 1534 saylı bağ sahəsi aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin bağların baş planından kənarda yerləşdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” əsassız bəhanə gətirərək çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı qeyd edir ki, yuxarıda qeyd etdiyi kimi mərhum M.Məmmədovun adına, onun vərəsəsi kimi edilən müraciətə cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Abşeron Rayon Dövlət Arxivi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış, mövcud torpaq sahəsinin olmasını təsdiq edən 22 iyul 1992-ci il tarixli, 318 №-li arxiv çıxarışı (sərəncam) mövcuddur və bundan əlavə 0.10 sot torpaq sahəsi həmin vaxtdan iddiaçının sərəncamındadır və mərzlənərək uzun illərdir ki. oraya vaqon qoyulmaqla mühafizə olunur. Həmin torpaq sahəsinin onlara məxsus olmasını orada yaşayan sakinlər də təsdiq edə bilərlər. Onu da, qeyd edir ki, torpaq sahələrinin qonşuluğunda olan bütün evlərin və torpaq sahələrinin çıxarışı da vardır. Sual olunur: “Necə olur ki, həmin torpaq sahələri bağların baş planında yerləşir, onlara çıxarış verilir, anıma iddiaçının torpaq sahəsinin həmin torpaq sahələri ilə çox yaxın məsafədə yerləşməsinə rəğmən guya bağların baş planından kənarda yerləşir və çıxarış verməkdən imtina edilir?!....” Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin istinad etdiyi yanaşmalar anlaşıqlı deyil və torpaq sahəsinin qeydiyyata alınmasından imtina verilməsi üçün əsassız bir yanaşmadır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyasının 29. 33 və 60çı maddələrində qeyd olunur ki. hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” AR Qanununun 2 və 8-ei maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınmasına və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra-dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Hazırkı vəziyyətdə o tələb olunan bütün hüquqi sənədləri qanuni olaraq hazırlayaraq müvafiq orqana təqdim etsə də, Ərazi İdarəsi tərəfindən əsassız olaraq, yəni, yuxarıda qeyd olunan Qanunun 15-ci maddəsində “Hüquqların dövlət qeydiyyatından imtina” olunmasını özündə əks etdirən müddəaların məzmumunda göstərilən heç bir əsaslar olmadan mənə imtina olunmuşdur. Məhz bu səbəbdən qanunsuz olaraq mənə imtina olunduğu üçün hüquqlarımın məhkəmə müdafiəsi zərurəti yaranmşdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, ona hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı Abşeron Rayonu, Novxanı kəndində yerləşən. 0.10 ha torpaq sahəsinin daşınmaz əmlaka dair müvafiq qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsini istəyir. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, o da, anası da mərhum X3 vərəsəsi kimi tanınmışdır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının X3 vərəsəsi kimi tanınmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Lakin hərbir halda, məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsaslanaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mövcud hüquqların qeydiyyatı ilə bağlı fərqli tənzimləmələr mövcuddur. Məhkəmə praktikasında “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun olaraq mübahisələrin həlli mövcud olsada, hazırda yuxarı instansiya məhkəmələrində bu çür mübahisələrin həllinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həll edilməli olması mövqeyi formalaşdığına görə, hüquqi müəyyənlik prinsipi baxımından məhkəmə hesab edir ki, bu çür mübahisələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə iş materiallarından görsənir ki, iddiaçı ölmüş şəxsin hüquqlarının qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununla cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqana təkrar müraciət edə bilər, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar