Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1691/2025 09.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: əlavə dəyər vergisinin geri qaytarılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) inşa olunan 6-ci bina, 7-ci mərtəbə, 47 (mərtəbə 7, mənzil 5) №-li, 2 otaqlı (55.30 kv.m)-da yerləşən həmin daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDVnin 30%-inin (3825.075 manat) geri qaytarılması və 90 gün müddətin bərpa olunmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) inşa olunan 6-ci bina, 7-ci mərtəbə, 47 (mərtəbə 7, mənzil 5) №-li, 2 otaqlı (55.30 kv.m)-da yerləşən həmin daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDV-nin 30%-inin (3825.075 manat) geri qaytarılması və 90 gün müddətin bərpa olunmasını istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, X2 xx.xx.2022-ci il tarixində "xxxx" ASC-in “Park Yasamal” layihəsindən Azərbaycan Beynəlxalq Bankı (kredit müqaviləsi: xx.xx.2022) vasitəsilə nağdsız qaydada məbləğin tam ödənilməsi yolu ilə mənzil almaq üçün alqı-satqı müqaviləsi bağlamışdır. (Alqı-satqı müqaviləsi № **********40804; Bakı şəh, Yasamal r-nu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal qərb hissəsi) inşa olunan kompleks 6-ci bina, 7-ci mərtəbə, 47 (mərtəbə 7, mənzil 5) 2 otaqlı - 55.30 kv m). Müqavilənin ümumi dəyəri ƏDV daxil 83585 (əsas məbləğ: 70834.75, ƏDV məbləğ: 12750.25) manat məbləğində vəsait təşkil edir.. İddiaçıya məxsus həmin daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDV vasitəsi ilə geri qaytarıldığını bildikdən sonra xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024 -cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ƏDV-nin qaytarılması ilə əlaqədar müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən hər 3 müracitə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 25 may 2022-ci il tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” barədə Fərmanla təsdiq edilmiş Qaydalara əsasən, 01 yanvar 2020-ci ildən etibarən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin vətəndaşlara qaytarılması nəzərdə tutulmuşdur. Bu prosesin icrası ilə bağlı əsas iki tələb, yəni, satıcı şirkət tərəfindən elektron qaimə fakturanın tərtib olunaraq portala yerləşdirilməsi - Əsas məbləğini satıcının bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına köçürülməsini tələb olunur. ikinci tələb isə alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir; 21 noyabr 2022-ci il tarixə kimi Vergi orqanı tərəfindən portal sistemi istifadəyə verilmədiyindən təbii ki, Fərmanın icrasını həyata keçirmək mümkün olmamışdır. İddiaçı və onun kimi yüzlərlə vətəndaş xx.xx.2022-ci il tarixə kimi "xxxx" ASC-dən nağdsız qaydada ödəniş etməklə mənzil sahibi olmuşdur. Dövlət orqanlarına və təşkilatlarına etmiş olduğu şifahi və yazılı müraciətlərə baxmayaraq, əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ya imtina qərarları, ya da araşdırma müddətinin uzadılması ilə bağlı rəsmi cavablar almışdır. Birmənalı şəkildə təqdim edilmiş imtina qərarlarının məzmununda 90 gün müddəti ötürməyi səbəbindən əlavə dəyər vergisinin ödənilməyəcəyi qeyd edilmişdir. Vətəndaşların müddəti gecikdirmə məsələsinə hüquqi qiymət verən Vergi orqanı hansı səbəbdən cənab Prezidentin imzalamış olduğu Fərmandan irəli gələn tələbləri pozmuş və bugünki gündə yüzlərlə vətəndaşın haqlı narahatçılığına səbəb olmuşdur ?!. İlk səbəb Portal sisteminin vaxtında yaradılmaması, ikinci səbəb portal sisteminin istifadəyə verildiyi müddətə kimi nağdsız qaydada ödəniş etməklə mənzil sahibi olanlara əlavə dəyər vergisinin qaytarılması ilə bağlı bir mexanizmin yaradılmaması, üçüncü səbəb elektron qaimə fakturalarının vətəndaşlara təqdim edilməməsi, dördüncü səbəb cənab Prezidentin imzalamış olduğu Fərmanın ictimaiyyət arasında yayılması məqsədilə maarifləndirici addımların atılmaması və bu kimi çoxlu haqlı səbəblər. Dəfələrlə sakinlər tərəfindən Kristal Abşeronun baş ofisinə ziyarət edilib görüşlər keçirilib lakin hər dəfə müəyyən bəhanələr gətirərək bu məsələdən yayındırıblar. 61 nəfərin siyahısı Dövlət Vergi Xidmətindən gəlib ki, sizlərə ƏDV məbləği qaytarılmır. Səbəb əgər 90 günü ötürməkdirsə niyə xx.xx.2022-ci ildən sonra mənzil alıb 90 günü ötürənlər ƏDV məbləğini alıblar, 61 nəfərə isə imtina cavabı gəlir? Onlarla eyni statusda olan (90 günü ötürmüş), "xxxx" ASC- in “Park Yasamal” layihəsindən mənzil əldə etmiş bəzi alıcı vətəndaşların ƏDV-si şirkət ilə Dövlət Vergi Xidməti arasında gedən hansısa anlaşma əsasında qaytarılmışdır. Bu vətəndaşlar arasında ayrı seçkilik, konstitusiyon hüquqların məhdudlaşdırılması və pozulmasıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və QaydasTnın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri- yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.Belə ki, vətəndaşın təqdim etdiyi xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən mənzilin dəyərinin nağd qaydada ödənildiyi müəyyən edilmişdir. Qaydaların 5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, izahatında Ali Məhkəmənin formalaşmış mövqeyinə istinad edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. "xxxx" MTK məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (satıcı Kristal Bakı Açıq Səhmdar Cəmiyyəti, alıcı İddiaçı) "satıcı" Bakı şəhər, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında inşa olunan mənzili tikib "alıcı"nın mülkiyyətinə verməyi, "alıcı" mənzil üzrə tələb olunan bütün ödənişləri "satıcı"ya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil 83585 (əsas məbləğ: 70834.75, ƏDV məbləğ: 12750.25) manat məbləğində vəsait təşkil edir. xx.xx.2022-ci il tarixli, seriya ƏXZ/2, №083167 kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, 17000 manat İddiaçı tərəfindən Kristal Bakı ASC-nin kassasına mədaxil edilmişdir. (nağd qaydada) xx.xx.2022-ci il tarixli №BPM**********23 mədaxil qəbzinin surətindən görünür ki, 13015.0 manat "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 53570 manat "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. 13 iyun 2023-cü il tarixli **********754600 saylı Qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti təmin edilməmişdir. İddiaçı tərəfindən Kristal Bakı ASC-nin Park Yasamal-2 layihəsindən mənzil alan, 90 gün müddəti ötürməklə ƏDV məbləğini ƏDV depozit hesabına ödəməyən, lakin ƏDV-ni geri alan sakinlərin siyahısı məhkəməyə təqdim edilmişdir. Kristal Bakı Açıq Səhmdar Cəmiyyətinin 19 oktyabr 2024-cü il tarixli 295 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Park Yasamal-2 layihəsində ödənişin bir hissəsini nağd qaydada ödəməklə mənzil alan və nəzərdə tutulmuş 90 (doxsan) gün müddəti ötürməklə ƏDV-nin geri qaytarılması faktı mövcud olmamışdır. Hazırda ƏDV-i qaytarılmayan mülkiyyətçilərə mərhələli şəkildə ƏDV-nin qaytarılması ilə bağlı tədbirlər görülür. X3ma ƏDV-nin qaytarılması ilə bağlı "xxxx" ASC tərəfindən vergi orqanına müraciət olunaraq köməklik göstərilməsi xahiş olunacaqdır. X1 ilə "xxxx" ASC arasında alqı - satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmış və ASC tərəfindən həmin mənzilin vergisi ümumi qaydada ödənilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır (çünki qəbul edilmiş qərarın ləğv edilməsi nəticəsində məlumatların müvəkkil banka ötürülməsi baş vermir, beləliklə də iddiaçının hüquqi marağı təmin olunmur), iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı daşınmaz əmlakın alınmasında ödənilmiş məbləğin 18% ƏDV-nin 30%-inin (3825.075 manat) geri qaytarılması və 90 gün müddətin bərpa olunmasını istəyir. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanına istinad edərək qeyd edir ki, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İddiaçı sözügedən yaşayış sahəsini xx.xx.2022-ci tarixli alqı-satqı müqaviləsi ilə əldə etdiyindən iddiaçının tələbinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 26 may 2022-ci il tarixdən qüvvədə olan “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” tətbiq edilməlidir. Həmin Qaydaların 5.1-ci bəndində isə qeyd edilmişdir ki, alıcı yaşayış və qeyri yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və zəruri sənədləri skan edərək portala göndərir. Qeyd edilən bənddə qeyri-yaşayış sahəsinin dəyərinin nağdsız qaydada tam ödənilməsi birmənalı olaraq qeyd edilmiş və imperativ norma kimi çıxış etmişdir. Lakin iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən 17000 manat nağd qaydada Kristal Bakı ASC-nin kassasına mədaxil edilmişdir. İddiaçı məhkəmə iclasında izahatında qeyd edilən halı təsdiq etmiş və Qaydalardan məlumatsız olduğundan ödənişin bir hissəsini nağd şəkildə ödədiyini bildirmişdir. Məhkəmə analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2259/2024 saylı Qərarına istinadən qeyd edir ki, mənzilin dəyərinin ödənişi tam deyil, bir hissəsi nağdsız qaydada həyata keçirildiyindən cavabdeh inzibati orqanın qeyd edilən mənzilin dəyərinin nağdsız qaydada ödənilmiş hissəsinə münasibətdə ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır. Həmin Qərarda qeyd edilmişdir ki, “31. Göründüyü kimi, istinad edilən normada nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərinin və qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunması təsbit edilmişdir. Ödənişin qismən nağdsız ödənildiyi hallara bu normanın tətbiq edilməsinin mümkünlüyünü müəyyən etmək üçün təfsir aparılarkən, yaşayış və qeyri yaşayış sahəsi “nağdsız qaydada alınmışdırmı?” sualına “bəli” və ya “yox” şəklində qəti cavab tapılmalıdır. Qismən nağdsız ödəmə hallarında verilən cavab mənfi hesab ediləcək və sözügedən normanın tətbiqi mümkün olmayacaqdır.
32. Nəzərə alınmalıdır ki, qanunvericinin VM-nin 165.6-cı maddəsində ifadə edilmiş iradəsi nağdsız hesablaşmaların təşviqi ilə bağlı dövlət siyasətindən irəli gəlir. Bu halda, nağd ödəmələrlə bağlı ƏDV-nin qaytarılması istisna edilir.
33. Belə yanaşmanın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 26 may 2022-ci il tarixdən qüvvədə olan “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində də qeyd olunmuşdur ki, alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və zəruri sənədləri skan edərək portala göndərir.
34. Qaydaların bu bəndində bəhs olunan “nağdsız qaydada tam” ödənilməsi ifadəsi, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişin birmənalı olaraq tamamının nağdsız ödənilməsini ehtiva edir.
35. Qaydanın 6-cı bəndi, yəni keçid müddəaları ilə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən istinad edilən Qaydanın qüvvəyə mindiyi 2022-ci il mayın 26-dək olan dövrdə yaranmış münasibətlərin tənzimlənməsi qaydasını müəyyən edir. Bu, istinad edilən Qaydanın zaman etibarilə daha gec qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri (məsələn, ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə bağlı və sair) onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
36. İddiaçı tərəfindən sözügedən yaşayış sahəsi həmin dövrdə əldə edildiyindən hazırkı mübahisəyə münasibətdə istinad edilən Qaydanın keçid müddəaları şamil edilməlidir.
37. Həmin Qaydanın 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
38. Göründüyü kimi, istinad edilən Qaydanın keçid müddəalarına əsasən, 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 26-dək olan dövrdə yaşayış sahəsinin əldə edildiyini və ödənişin tam həyata keçirdiyini təsdiq edən sənədləri – yəni yaşayış sahəsinin dəyərinin (hissə-hissə ödənilmiş olsa belə, onun bir hissənin deyil) nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim edən alıcıya ödənilmiş ƏDV-nin 30 faizinin qaytarıldığı müəyyən edilmişdir. Başqa sözlə, qeyd edilən normada da yaşayış sahəsinin dəyərinin ödənişinin nağdsız qaydada tam həyata keçirildiyi təqdirdə alıcıya ödənilmiş ƏDV-nin 30 faizinin qaytarıldığı nəzərdə tutulmuşdur.
39. Hazırkı işin müəyyən edilmiş hallarından isə, sözügedən yaşayış sahəsinin dəyərinin ödənişinin tam deyil, bir hissəsinin nağdsız qaydada həyata keçirildiyi görünür. Belə olan halda isə, cavabdehin sözügedən yaşayış sahəsinin dəyərinin nağdsız qaydada ödənilmiş hissəsinin ƏDV məbləğinin 30 faizinin qaytarılması öhdəliyi yaranmır və bu baxımdan iddiaçı iddia tələbində haqlı sayıla bilməz.” Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək və Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyinə əsasən belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova