Məhkəmə qərarları › İş №2-1(118)-1694/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1694/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1694/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən rayon Beşdam bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli, 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi mərhum X3 ayrılmış və həyat yoldaşı-vərəsəsi İddiaçı hazırda faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Siyəzən rayon Beşdam bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli, 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi mərhum X3 ayrılmış və həyat yoldaşı-vərəsəsi İddiaçı hazırda faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Siyəzən Rayon Beşdam Bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli 34-1 nömrəli qərarına əsasən, tikinti məqsədilə 1.0 ha torpaq sahəsi mərhum X3 ayrılmış, istifadə və sahibliyinə verilmişdir (torpağa mülkiyyət hüququna dair JN- 0750, KOD 30508018 nömrəli Dövlət aktı). Torpaq sahəsi mərhum X2 həyat yoldaşı - vərəsəsi İddiaçı istifadəsindədir. X5 15 fevral 2023- cü ildə vəfat etmişdir. İddiaçı, X2 vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə vərəsəsidir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunsa da, inzibati orqan tərəfindən 21 may 2024-cü il tarixli cavab məktubu ilə imtina edilmişdir. İmtina məktubunda müraciət olunan 1.0 ha torpaq faktiki torpaq sahəsi ilə JN-0750 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı sənədində göstərilən koordinatlar arasında 143 metr fərq olduğunu və torpaq sahəsi meşə fondu kateqoriyalı torpaq sahələrinə aid olması” qeyd edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər və digər hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Siyəzən rayonu, Beşdam kəndi ərazisində yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın texniki inventralaşdırılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi ilə JN-0750 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində göstərilən koordinatlar arasında 143 metr fərq mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi meşə fondu kateqoriyalı torpaq sahələrinə aiddir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş JN 0750 KOD 30508018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Siyəzən rayon Beşdam bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli 34-1 nömrəli qərarı ilə tikinti məqsədilə X3 1.00 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin xx.xx.2005-ci il tarixli 607 saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğu, alqı-satqı predmeti olduğu, örüş torpaqlarına aid olmaqla satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Siyəzən rayon Beşdam bələdiyyəsinin xx.xx.2005-ci il tarixli Qərarının, alqı-satqı aktının surəti, torpaq sahəsinin yerquruluşu planından çıxarışların surətləri və s. iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-1813/2024 saylı məktubu ilə JN 0750 KOD 30508018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 3032/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, -Siyəzən rayon Beşdam Bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli, 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum X3 ayrılmış 1.0 ha torpaq sahəsinin kategoriyası meşə fondu kimi göstərilmişdir, yararlılıq dərəcəsi (az yararlı və ya yararsız vəziyyəti) barədə aidiyyəti üzrə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilməsi tövsiyə olunur. Torpaq sahəsinə dair müayinə aktı və ortofoto görüntülərini qoşma faylda təqdim edilmişdir. -Vahid elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsi **********08 reyestr nömrəli və JN 120 nömrəli dövlət aktı ilə üst üstə düşür. -Siyəzən rayon Beşdam Bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli, 34-1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum X3 ayrılmış 1.0 ha torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və onların verilməsinə əsas olan sənədlərin, ortofoto görüntülərin qoşma faylda məhkəməyə təqdim edilmişdir. -Həmin 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında 143 metr fərq mövcuddur və əlavə olunmuş ortofoto görüntüsündə göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 3537/2024 saylı məktubunda qeyd edilmişdir ki, 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında 143 metr fərq mövcuddur və faktiki yerləşmə üzrə üst-üstə düşmə halı yoxdur. Eyni zamanda, 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları, müqayisəli və rəngli ortofoto görüntüsü təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14- 27/2-510/2024 saylı məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş 1.X-349915 Y- 4541148, 2.X-349766 Y-4541282, 3.X-349795 Y-4541323, 4.X-349944 Y-4541190 (faktiki istifadəyə görə) koordinatlar aidiyyatı üzrə 4 saylı X6 Mərkəzinin Siyəzən meşəbəyliyinin meşə quruluşu xəritəsi ilə tutuşdurularaq araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş koordinatlar Siyəzən meşəbəyliyinin 15- ci kvartalının xidməti ərazisi olmaqla meşə fonduna aiddir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Siyəzən rayon Beşdam bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli, 34- 1 nömrəli qərarına əsasən tikinti məqsədilə 1.0 ha torpaq sahəsi mərhum X3 ayrılmış və həyat yoldaşı-vərəsəsi İddiaçı hazırda faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-sxeminin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Daşınmaz əmlakın texniki inventralaşdırılması zamanı müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi ilə JN-0750 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədində göstərilən koordinatlar arasında 143 metr fərq mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi meşə fondu kateqoriyalı torpaq sahələrinə aiddir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyindən və müayinə aktından görünür ki, Siyəzən rayon Beşdam Bələdiyyəsinin 27 oktyabr 2005-ci il tarixli, 34- 1 nömrəli qərarına əsasən tikinti məqsədilə mərhum X3 ayrılmış 1.0 ha torpaq sahəsinin kategoriyası meşə fondu kimi göstərilmişdir, vahid elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsi **********08 reyestr nömrəli və JN 120 nömrəli dövlət aktı ilə üst üstə düşür. Həmin 1.0 ha torpaq sahəsinin faktiki və sənəd üzrə koordinatları arasında 143 metr fərq mövcuddur. Məhkəmə araşdırması zamanı əldə edilmiş torpaq sahəsinin koordinatları əsasında müəyyən edilmişdir ki, təqdim olunmuş koordinatlar Siyəzən meşəbəyliyinin 15- ci kvartalının xidməti ərazisi olmaqla meşə fonduna aiddir. Azərbaycan Respublikasının Meşə Məcəlləsinə əsasən: Maddə 11. Meşə fondu üzərində mülkiyyət Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Maddə 12. Fiziki və hüquqi şəxslərin yaşıllıqlar üzərində mülkiyyət hüquqları Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: müqavilələr; məhkəmə qərarları; bu Məcəllə ilə yol verilən digər əsaslar. Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir. Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir. Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər. Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər. Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlar. (-). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Qanunvericiliyin tələblərindən görünür ki, meşə fondu torpaqları dövlətin müstəsna mülkiyyətindədir və meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi imperativ qaydada qadağan edilir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar