Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1695/2022 06.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə "xxxx" MMC-yə ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 101 kv.m olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə "xxxx" MMC-yə ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 101 kv.m olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin 13-cü mikrorayonu ərazisində yerləşən 35 kvadrat metr mövcud kommersiya obyektinə əlavə tikinti-quraşdırılma üçün 65 kvadrat metr, ümumilikdə sahəsi 101 kvadrat metr olan torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmışdır. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinin İnşaat Pasportu hazırlanaraq müəssisəyə təqdim olunmuş, həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanmışdır. Qeyd edilən tarixdən bugünədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq sahəsindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı məbləğləri tərəflərindən Sumqayıt Bələdiyyəsinə ödənilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair sonuncu dəfə 2022-ci ilin əvvəllərində torpaq icarə müqaviləsi bağlanılmış və həmin icarə müqaviləsinin qüvvədə olma müddəti 2070-ci ilin dekabr ayının 31-dək müəyyən edilmişdir. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatı üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq hüququn dövlət qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. Lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə verilmiş 14 mart 2022-ci il tarixli, **********79 saylı cavab məktubunda torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı iclasının qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdehin sözügedən bələdiyyə qərarı qəbul edilərkən müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması barədə bildirdikləri də torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnu dövlət qeydiyyatından keçirməkdən imtina etməsi üçün əsas sayıla bilməz. Belə ki,cavabdeh yalnız qeydiyyat orqanı olduğu halda, öz səlahiyyətindən kənara çıxaraq bələdiyyə qərarlarına inzibati nəzarət orqanının funksiyasını daşıyan orqan kimi çıxış etmişdir. Halbuki sözügedən bələdiyyə qərarı qanuni qüvvədə olan bir qərardır və nə bələdiyyənin özü tərəfindən sonradan ləğv edilməmiş, nə də məhkəmə qaydasında etibarsız sayılmamışdır. Belə olan halda cavabdehin bələdiyyə qərarının qanuniliyini hər hansı şəkildə şübhələndirərək bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququ dövlət qeydiyyatından keçirməkdən imtina üçün əsas göstərməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını da heçə saymışdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan suiistifadə qadağandır. İddiaçı torpağa dair müvafiq hüquq müəyyənedici sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim etsə də, sonuncu əsassız olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Cavabdeh tərəfindən müraciətinizə verilmiş cavab məktubunda bildirilmişdir ki, 2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqlar yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinər. Ancaq cavabdeh 2005-ci ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil eilmədiyini nəzərə almamışdır. Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci ildə bağlanılmış torpaq icarə müqaviləsi tərəflər arasında daha öncə bağlanılmış icarə müqavilələrinin davamı olaraq bələdiyyə ilə torpağın icarəçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Yəni "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində istinad olunan qanun norması da onu özündə ehtiva edir ki, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqa zidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar əvvəlki müraciətdən imtina edilmiş və hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubda aşağıdakı səbəblər qeyd olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdə bir sıra çatışmazlıqlar aşkar olunmuşdur. İlk olaraq qeyd edilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 13-cü mikrorayon ərazisində kommersiya obyekti tikintisi məqsədilə 101 kv.m torpaq sahəsinin ayrılması barədə xx.xx.2005-cı il tarixli 26 nömrəli qərar verilsə də, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq icarəsi müqaviləsi bağlanmamış, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmamışdır. Həmçinin, ərizəyə əlavə olunmuş Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 20 nömrəli xx.xx.2022-ci il tarixli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq hərracdan kənar bağlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 14 mart 2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarının surətindən görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 13-cü mikrorayon ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sahəsi 36 kv.m olan mövcud kommersiya obyektinə əlavə tikinti-quraşdırma üçün 65 kv.m., ümumilikdə 101 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. - 24 dekabr 2010-cu il tarixli, №136 saylı Torpaq İcarəsi müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhər bələdiyyəsi ilə "xxxx" MMC arasında Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli qərarı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.m olan torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. - 05 aprel 2022-ci il tarixli, №20 saylı Torpaq İcarəsi müqaviləsinin surətindən görünür ki, Sumqayıt bələdiyyəsi ilə "xxxx" MMC-nin təsisçisi X3 arasında Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli qərarı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.m olan torpaq sahəsi "xxxx" MMCnin icarəsinə verilmişdir. - A №460288 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 26 saylı qərarı və Azərbaycan Respublikası Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(0620)-4990/2012 saylı qətnaməsi əsasında 100 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 6262 nömrə ilə uçota alınmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 2(060)-4990/12 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində kommersiya obyektinin tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 101 kvadrat metr torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun yaranması faktı müəyyən edilməsi və Sumqayıt şəhəri 13-cü mikrorayonu ərazisində kommersiya obyektinin tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 101 kvadrat metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsünün” hazırlanması vəzifəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 9-cu bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və göstərdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 13-cü mikrorayon ərazisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sahəsi 36 kv.m olan mövcud kommersiya obyektinə əlavə tikinti-quraşdırma üçün 65 kv.m., ümumilikdə 101 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsaslanmaqla iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında 24 dekabr 2010-cu il tarixli, №136 saylı Torpaq İcarəsi müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.m olan torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. Eyni zamanda Sumqayıt şəhər Məhkəməsinin 18 dekabr 2012-ci il tarixli, 2(060)-4990/12 saylı qətnaməsi ilə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində kommersiya obyektinin tikintisi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmış 101 kvadrat metr torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun yaranması faktı müəyyən edilmişdir. İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında 05 aprel 2022-ci il tarixli, №20 saylı Torpaq İcarəsi müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 101 kv.m olan torpaq sahəsi "xxxx" MMCnin icarəsinə verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsas kimi torpaq sahəsinin icarəyə açıq torpaq hərracı və ya müsabiqəsi ilə verilmədiyini əsas göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanılmış 24 dekabr 2010-cu il tarixli, N136 saylı və 05 aprel 2022-ci il tarixli, №20 saylı Torpaq İcarəsi müqavilələri heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə "xxxx" MMC arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 9-cu maddəsinə əsasən həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı ilə "xxxx" MMC-yə ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 101 kv.m olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 27 iyun 2005-ci il tarixli, 26 saylı qərarı ilə "xxxx" MMC-yə ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 101 kv.m olan torpaq sahəsi üzərində "xxxx" MMC-nin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1695/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1695/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver