Məhkəmə qərarları › İş №2-1(118)-1696/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1696/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1696/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2, zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35, 36 nömrəli qərarlarının ləğv olunması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunvericiliyin müddəalarına uyğun olaraq Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunda göstərilən bələdiyyə aktlarına (qərarlarına) inzibati nəzarət icraatı qaydasında baxılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə iclasının 14, 15, 16, 31, 32, 33, 34, 35, 36 nömrəli aktları ilə (qərarları ilə) torpaq sahələrinin mülkiyyətə verilməsi barədə qərar qəbul edilmişdir. Lakin bələdiyyə tərəfindən bu zaman bazar qiymətinin nəzərə alınıb-alınmaması qərarda qeyd olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin “Torpaq bazarı haqqında” Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə görə torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Bazar qiyməti isə torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. Həmin Məcəllənin 96-cı maddəsinin 5-ci bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin (ipoteka predmeti olan torpaq sahələri istisna olmaqla) hərrac və müsabiqə vasitəsilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət) bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-ci maddəsinə uyğun olaraq Sumqayıt bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclasının gündəlikdə duran torpaq sahələrinin mülkiyyətə ayrılması barədə 14, 15, 16, 31, 32, 33, 34, 35, 36 nömrəli qərarlarının müzakirəyə çıxarılaraq ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 05/446 saylı məktubla müraciət edilmişdir. Buna baxmayaraq Sumqayıt bələdiyyəsi xx.xx.2022-ci il tarixli, 04 saylı iclas protoklunun 5-ci qərarı ilə ləğv təklifini təmin etməmişdir. Əsas kimi həmin torpaq sahələrinin dəyərinin ödənilməsini göstərmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbinin əsasını o hal təşkil edir ki, guya Suqmayıt Bələdiyyəsi tərəfindən müvafiq bələdiyyə qərarları qəbul edilərkən bir sıra qanunsuzluqlara, o cümlədən torpaq sahələrinin real bazar dəyərindən aşağı qiymətə satılmasına yol verilmişdir. İddiaçı bu nəticəyə gələrkən DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən torpaq sahələrinin bazar qiyməti ilə bağlı verdiyi qiymətləndirmə arayışlarına istinad etmişdir. Halbuki, sözügedən arayışlar qeyd olunan dövrdə bilavasitə və hərrac yolu ilə özgəninkiləşdirilmiş torpaq sahələrinin real bazar qiymətlərini əks etdirməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. İddiaçı tərəfindən mübahisələndirilən bələdiyyə qərarları əsasında Sumqayıt Bələdiyyəsinin özgəninkiləşdirdiyi torpaq sahələrinin real qiyməti barədə hesablamalar düzgün aparılmamış, qanunvericiliyin müvafiq normaları təhrif edilməklə həqiqətə uyğun olmayan nəticəyə gəlinərək bələdiyyə qarşısında əsassız tələblər irəli sürülmüşdür. Nəzərə alınsa ki, Sumnqayıt Bələdiyyənin ərazisində bugünədək yüzlərlə torpaq sahəsi ilə bağlı müvafiq torpaq hərrac və müsabiqələri keçirilmiş, torpaq sahələrinin hərrac qiymətləri formalaşmışdır, belə olan halda iddiaçının DƏDKR-in 2 saylı Ərazi İdraəsi tərəfindən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bazar qiymətləri ilə bağlı verdiyi qiymətləndirmə arayışlarındakı qiymətlərin mübahisələndirilən bələdiyyə qərarları ilə özgəninkiləşdirilmiş torpaq sahələrinin real qiyməti kimi göstərilməsi tamamilə əsassızdır və qanunvericiliyə də ziddir. Onu da qeyd etmək lazımdır ki, bugünədək eyni qiymətlərlə özgəninkiləşdirilmiş bələdiyyə torpaqları ilə bağlı qəbul edilmiş qərarlara iddiaçı tərəfindən hər hansı irad bildirilmədiyi halda,sözügedən bələdiyyə qərarlarına fərqli münasibət sərgilənmişdir ki,bu da özü-özlüyündə çoxlu suallar doğurmaqdadır. Həmçinin, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə sözügedən iddia tələblərini irəli sürmüşdür. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir, əmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə,o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. İddia ərizəsində qeyd edildiyi kimi, iddiaçı 09 mart 2022-ci il tarixli, 05/446 saylı məktubla Sumqayıt Bələdiyyəsinə müraciət edərək sözügedən bələdiyyə qərarlarının ləğvini tələb etmişdir. Belə olan halda iddiçı tərəfindən bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində, yəni 09 mart 2022-ci ildən sonrakı 15 iş günü ərzində 30 mart 2022-ci il tarixədək məhkəməyə müraciət etməli idi. Ancaq iddia ərizəsindən də görünür ki, iddiaçı 15 aprel 2022-ci il tarixli, 05/599 saylı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bu halın özü qeyd edilən iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin vicdanlı alıcısıdır. Qeyd olunan ərazidə iddiaçı tərəfindən arqument kimi gətirilən məbləğ yüksəkdir və həmin ərazidə olan torpaq sahələrinin dəyərinin düzgünlüyün əhatə etmir. Qeyd olunanlara əsasən zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3-cü şəxs X5 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının 05/446 nömrəli, xx.xx.2022-ci il tarixli pretenziya məktubu, Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarlarının surəti, Sumqayıt Bələdiyyəsinin 06 nömrəli, 17 may 2022-ci il tarixli qərarının surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********05 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun inzibati nəzarət funksiyasının həyata keçirdiyi bələdiyyə olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2022ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarlarının qəbul edildiyi vaxtdan yaranmışdır. Sumqayıt Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Sumqayıt Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, iddiaçı sözügedən qərarın qanunvericiliyin tələblərinin pozulması qənaətinə cavabdehin regional ədliyyə idarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubundan sonra məlumatlanmışdır. Bununla bağlı cavabdehə xx.xx.2022-ci ildə pretenziya məktubu göndərilmiş, Bələdiyyə tərəfindən məktub nəzərə alınmaqla, təklif edilən məsələlər yenidən müzakirə edilmiş və xx.xx.2022-ci ildə çıxarılmış bələdiyyə qərarı (xx.xx.2022-ci ildə İddiaçı dəftərxanasına daxil olmuş və sözügedən bələdiyyə qərarı 15 iş günü ərzində iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir) ilə Sumqayıt Bələdiyyəsi müvafiq qərarı ləğv etmədiyindən, iddiaçı həmin qərarın ləğv edilməsi üçün xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 8.3-8.5-ci maddələrinin tələblərinə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Sumqayıt Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarları əsasında vətəndaşlara həyətyanı torpaq sahələri satılmışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin ayrılmasının qanunvericiliyə uyğun olmadığı qənaətinə (torpağın dəyərinin bazar qiymətindən aşağı qiymətə satılması) gələrək müvafiq tədbirlərin görülməsi barədə müraciət etmişdi. Lakin, iddiaçının tələbi Sumqayıt bələdiyyəsi tərəfindən təmin edilməmiş (bələdiyyənin xx.xx.2022-ci il tarixli, 04 nömrəli iclas protokolunda) və bu səbəbdən də məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35,36 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin müddətin ötürülməsi ilə bağlı arqumentinə məhkəmə qərarın mümkünlük şərtlərində hüquqi qiymət verilmişdir. Sumqayıt Bələdiyyəsinin 36 saylı qərarı özü tərəfindən 17 may 2022-ci il tarixli 06 saylı protokol ilə ləğv edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 3.1-ci maddələrinə və həmin Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 922 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bələdiyyələrin, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına, Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinentinin qərarlarına riayət edilməsinə inzibati nəzarəti həyata keçirir. Hənin qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1 -ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Qanunun 8-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, 15 gün ərzində məhkəməyə müraciət edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Həmin Məcəllənin 95-ci maddəsinin 1 -ci bəndinə əsasən torpağın normativ qiyməti torpaq sahəsinin təbii və iqtisadi potensialına ekvivalent götürülən dəyər göstəricisidir. Həmin Məcəllənin 96-cı maddəsinin 1 -ci bəndinə əsasən torpağın bazar qiyməti torpaq əqdlərinin növlərindən, satışın formalarından, satış obyektinin təyinatından, torpaqların hüquqi statusundan, rejimindən və normativ qiymətindən, habelə tələb və təklifdən asılı olaraq formalaşır. qiyməti (qiyməti) normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü bəndinə görə bələdiyyə və xüsusi mülkiyyətdə olan,torpaq sahələrinin hərrac və müsabiqə vasitəsi ilə satışında ilkin qiymət (müsabiqədə isə qiymət), bazar məzənnəsini nəzərə almaqla, mülkiyyətçi ilə satışın təşkilatçıları arasında razılaşma əsasında torpağın normativ qiymətindən az olmamaq şərti ilə müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü bəndinə görə də bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Həmin Əsasnamənin 23-cü bəndinin tələbinə görə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı- satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətinə verilir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş **********05 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Sumqayıt şəhəri ərazisində yerləşən Sumqayıt bələdiyyəsinin qərarında qeyd olunan torpaq sahələrinin xx.xx.2022-ci il tarixə bazar qiyməti bələdiyyə tərəfindən satılan torpaq sahələri torpaq bazarı dəyərindən dəfələrlə çox təşkil edir. Bu onu deməyə əsas verir ki, Sumqayıt Bələdiyəsi tərəfindən torpaq sahəsi satılarkən onun dəyəri qanunvericilikdə nəzərdə tutulmuş miqdardan aşağı qiymətə satılmışdır. Göründüyü kimi, Sumqayıt Bələdiyəsi yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almadan sahibliyində olan həyətyanı torpaq sahəsini vətəndaşlara satarkən qanunvericiliyin tələblərini gözləməmişdir. Bu isə Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarlarının qanunsuz olmasına dəlalət edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsinə əsasən, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarları qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı iclas protokolunun 14, 15, 16, 31, 32, 33, 34, 35 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar