Məhkəmə qərarları › İş №2-1(118)-1697/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1697/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1697/2023 12.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə qismən səfərbərliklə hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissədə baş kəşfiyyatçı vəzifəsində hərbi xidmətdə olmuşdur. 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə “Sülh dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir, aldığı yaralanma ilə əlaqədar sağlamlığını itirmiş və ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanıııda TSEK-in xx.xx.2021-ci il tarixli müayinə aktı ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı istiqamətində gedən döyüşlərdə yaralandığıma görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2022-ci il tarixli 15/2980 №-Н məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddiasının təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsində göstərilənlərdən əlavə olaraq iddiaçı izah etmişdir ki, o, 2012- 2018-ci illərdə Xüsusi Təyinatlı bölmədə müddətdən artıq xidmət edən hərbu qulluqçu, o cümlədən son illərdə baş kəşfiyyatçı kimi xidmə etmişdir, “Hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinni “e” bəndinə əsasən təxris olunmuşdur. 2020-ci ilin sentyabr ayında qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, araşdırma ilə bağlı SHXÇDX-nin Abşeron rayon şöbəsinə müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq iddiaçının xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlara müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində cəlb olunduğu məlum olmuşdur. İddiaçı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmədiyindən onun müraciətinin icrasından imtina edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayənəsi X2 iddianı qəbul etməyərək etirazın dəlillərinə uyğun olaraq izahat verərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan : - N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 282 saylı əmrindən görünür ki, hərbi qulluqçular, o cümlədən kiçik çavuş İddiaçı düşmən fəaliyyətinin qarşısının alınması kəşfiyyat və döyüş fəaliyyətlərinin yerinə yetirilməsi üçün xx.xx.2020-ci il tarixdən N və N nömrəli hərbi hissələrin müdafiə zolağında hesab edilmişdir. -SHÇDX-nin Abşeron rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 247 saylı arayışından görünür ki, İddiaçı qismən səfərbərliklə hərbi xidmətə çağırılmış ,xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə baş kəşfiyyatçı vəzifəsində hərbi xidmət etmişdir. -xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır,Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. -ƏƏSMN tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik təyin edilmişdir. - SHÇDX-nin Abşeron rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 247 saylı arayışından görünür ki, ehtiyatda olan kiçik çavuş İddiaçı xx.xx.2020-ci il tarixdə qismən səfərbərliklə hərbi xidmətə göndərilmiş, müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi hərbi xidmət etməmiş və xx.xx.2021-ci il tarixdə səfərbərlik üzrə xidmətdən ehtiyata buraxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından aydın olur ki, İddiaçı 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayarkən qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış və xx.xx.2021-ci il tarixədək baş kəşfiyyatçı kimi xidmət etmişdir. Hazırda iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını tələb edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 28.1 Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Azərbaycan Resppublikası Prezidentinin 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilı təsdiq edilmiş “Hərbi xidmət keçmə haaqqında” Əsasnamə:

9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılmış və 4 aya yaxın müddət ərzində baş kəşfiyyatçı kimi xidmət etmişdir. Lakin onun hərbi xidməti müddətdnə artıq həqiqi hərbi xidmət hesab edilmədiyindən cavabdehin bununla bağlı imtina cavabı qanunvericiliklə ziddyyət təşkil etmir. Belə ki, Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi iddiaçının tələb etdiyi müavinəti alması üçün onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olması gərəkdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu normada istisna təşkil edir. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” “Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar