Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1699/2025 25.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”.
2. İddiaçı məxsus M/V seriyalı, 070525 nömrəli “Müharibə veteranı” vəsiqəsi.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 027051 nömrəli arayışından görünür ki, İddiaçı 11 oktyabr 2006-cı il tarixdən 1 noyabr 2007-ci il tarixədək “hərbi xidmət dövründə” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 24 sentyabr 2008-ci il tarixli, 498 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı, 10 sentyabr 1993-cü il tarixdən 6 yanvar 1994-cü il tarixə kimi Sumqayıt şəhəri vərəm əleyhinə dispanserdə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Sağ ağciyərin infiltrativ vərəmi, parçalanma fazasında, BK (+) və 6 may 1994-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik – diaqnoz: “Sağ ağ ciyərin yuxan payının infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində. BK (-)” (Sumqayıt ŞHK-nın 19 sentyabr 2008-ci il tarixli, 4/2368 nömrəli arayışı, MN MHKH-ın terapiya profilli HHK-sı tərəfindən verilmiş 6 may 1994-cü il tarixli, 460 nömrəli xəstəlik haqqında şəhadətnamə, Sumqayıt şəhəri vərəm əleyhinə dispanserdən verilmiş 6 yanvar 1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 614018 nömrəli arayışından görünür ki, İddiaçı 7 noyabr 2008-ci il tarixdən 1 dekabr 2009-cu il tarixədək “Azərbaycan Respublikasının müdafiəsində” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
6. 13 noyabr 2008-ci il tarixli, 171018 nömrəli (əlilliyə dair) vəsiqədən görünür ki, İddiaçı ikini qrup əlildir, əlillik səbəbi “Qarabağ” kimi göstərilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 30 yanvar 2012-ci il tarixli, TSE-02 seriyalı, 254150 nömrəli arayışından görünür ki, İddiaçı “AR müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Stasionar xəstənin tibb kartası”ndan 3204 nömrəli çıxarış.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan 6 may 2023-cü il tarixli çıxarış.
10. 10 aprel 2023-cü il tarixli, 10 oktyabr 2024-cü il, 24 dekabr 2024-cü il tarixli İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizələrindən görünür ki, 30 yanvar 2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemimi Əlillik alt sisteminə daxil edilməsinə köməkdarlıq edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 5 iyul 2024-cü il tarixli, 3-17-1/2-Q-155431/2024 nöməli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 027051 nömrəli arayışı (§3); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 614018 nömrəli arayışı (§5); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 400650 nömrəli arayışından görünür ki, İddiaçı 9 oktyabr 2007-ci il tarixdən 1 noyabr 2008-ci il tarixədək “Hərbi xidmət dövründə” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-01 seriyalı, 813890 nömrəli arayışından görünür ki, İddiaçı 1 noyabr 2009-cu il tarixdən 1 dekabr 2010-cu il tarixədək “AR müdafiəsi ilə” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-02 seriyalı, 040013 nömrəli arayışından görünür ki, İddiaçı 10 dekabr 2010-cu il tarixdən 1 yanvar 2012-ci il tarixədək “AR müdafiəsi ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 30 yanvar 2012-ci il tarixli, TSE-02 seriyalı, 254150 nömrəli arayışı (§7).
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-6256/2025 nömrəli məktubu ilə aşağıdakı sənəd qoşma şəklində göndərilmişdir: - Sumqayıt şəhər 12 saylı TSEK-in qeydyyatı 5 yanvar 2012-ci il tarixdən 7 fevral 2012ci il tarixədək olan “Təkrar əlilliyin təyini üzrə müayinə iclasların protokol kitabı”ndan görünür ki, İddiaçı 568-ci akta əsasən 30 yanvar tarixdə müayinədən keçimişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
13. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, ağır yaralanmışdır, 30 yanvar 2012-ci il tarixdən 2-ci dərəcə müddətsiz müharibə əlillidir. Qeyd edilir ki, iddiaçının əlilliyi haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsıstemındə olmadığı üçün cavabdehə bir çox vaxtlarda ərizə ilə müraciət edərək, xahiş etmişdir ki, 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlil olmağını nəzərə alıb (ərizəyə bütün əlillik sənətləri əlavə etməklə) əlilliyi haqqında məlumatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilsin. Lakin cavabdeh tərəfindən uzun müddət keçməklə müraciətinə biganə cavab verildiyi və müraciəti müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, məhkəmə qaydasında müraciətinin həll edilməsini qanuna müvafiq hesab edir. Əməliyyat olunmalıdır, lakin hara gedir iddiaçıya bildirilir ki, onun əlilliyin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində olmadığı üçün ona müharibə əlilli kimi tibbi xidmət göstərilmir.
15. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddələrinə istinad olunmuşdur.
16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
18. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının inzibati orqana müraciəti olmadığından iddia mümkünsüz hesab olunmalıdır.
19. Etirazın prosessual hüquqi əsası kimi İPM-in 2.2, 12, 13, 34.1-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahatında etirazı müdafiə etmişdir. Həmçinin bildirmişdir ki, müvafiq məlumatların alt sisteminə daxil edilməsi üçün vətəndaş tərəfindən cavabdeh orqana müraciət edilərək, həmin məlumatları təsdiq edən sənədlər təqdim olunur. Təqdim edilən sənədlər orqanların arxiv sənədlərində öz təsdiqi tapdığı təqdirdə, məlumatlar elektron sistemə daxil edilir. Həmçinin bildirmişdir ki, məhkəmənin 11 dekabr 2024-cü il tarixli iclasında cavabdeh tərəfindən təqdim edilmiş “iddiaçının əyani müayinəsinin keçirilməsi üçün müvafiq qərardad qəbul edilməsi”nə dair vəsatət, hazırkı iş üzrə tələbin əlilliyin təyin edilməsi ilə əlaqədar olmadığından və müayinənin keçirilməsinə ehtiyac olmadığı üçün cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən geri götürülmüşdür.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir.
27. Cavabdeh etirazında iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmədiyini bildirərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:
29. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir;
30. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;
31. 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
32. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
33. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
34. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
35. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
36. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)
38. İPM-in 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.
39. Məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana 10 aprel 2023-cü il, daha sonra 10 oktyabr 2024-cü il tarixlərdə müraciətləri olmuşdur. Göründüyü kimi, iddia tələbinə münasibətdə cavabdeh orqanın etirazında qeyd olunmuş etirazın dəlili öz təsdiqini tapmır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
40. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
41. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi ona 30 yanvar 2012-ci il tarixdə müddətsiz əlilliyin təyin edilməsinə istinad edərək, cavabdehə çoxsaylı müraciətlərinə baxmayaraq, cavabdeh tərəfindən müraciətlər cavablandırılmamışdır.
42. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə prosesində həmçinin bildirmişdir ki, hazırkı tələbin icrası üçün iddiaçı tərəfindən əlilliyin təyin edilməsini təsdiq edən müvafiq sənədlər təqdim edilərək, həmin sənədlər arxiv materiallarına öz təsdiqini tapmalıdır. Həmin arxiv sənədlər Dövlət Sosial Müdafiə Fondunun, həmçinin cavabdeh orqanın arxivlərində mövcuddur.
43. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
44. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır.
46. Məhkəmə işin araşdırması məqsədi ilə müvafiq sorğular göndərmişdir. Sorğulara cavab olaraq göndərilmiş sənədlərdən məhkəmə aşağıdakı halları müəyyən etmişdir.
47. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş arxiv materiallarından iddiaçıya 11 oktyabr 2006-cı il tarixdən 1 noyabr 2007-ci il tarixədək, 9 oktyabr 2007-ci il tarixdən 1 noyabr 2008-ci il tarixədək, 7 noyabr 2008-ci il tarixdən 1 dekabr 2009-cu il tarixədək, 1 noyabr 2009-cu il tarixdən 1 dekabr 2010-cu il tarixədək, 10 dekabr 2010-cu il tarixdən 1 yanvar 2012-ci il tarixədək, həmçinin 30 yanvar 2012-ci il tarixdə “Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlillyin təyin edilməsi müəyyən edilmişdir.
48. Eyni zamanda, cavabdeh tərəfindən göndərilmiş qeydiyyat müddəti 5 yanvar 2012ci il tarixdən 7 fevral 2012-ci il tarixədək olan “Təkrar əlilliyin təyini üzrə müayinə iclasların protokol kitabı”ndan da iddiaçının 30 yanvar 2012-ci il tarixdə müayinədən keçməsi öz təsdiqini tapır.
49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;
50. İPM 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının 30 yanvar 2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
52. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 30 yanvar 2012-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik altsistemi”nə daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova