Məhkəmə qərarları › İş №2-1(118)-170/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-170/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-170/2020 05.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, Cavabdehin nümayəndəsi X2 iştrakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, mənzil 11 üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, cv 12/3, mənzil 11 üzərində mülkiyyət ıüququmun dövlət qeydiyyatına alınması ilə bağlı ərizə və ərizəyə əlavə olunmuş sənədlərlə 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, 2 saylı Sumqayıt Ərazi idarəsindən **********76 nömrəli “08” avqust 2019-cu il tarixli məktubla dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin məktub onun şərti qeydiyyat ünvanına göndərilmiş və orada yaşamadığına görə cavabdehə geri qaytarılmışdır. Həmin məktubu o cavadehin yerləşdiyi ünvandan imza etməklə 10 sentyabr 2019-cu ildə almışdır. Hesab edir ki, cavabdehin gəldiyi bu nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmaq olmaz. Əvvəla, o “Şəhid ailəsi” statusuna malik olmaqla güzəştli və imtiyazlı şəxslər kateqoriyasına aid şəxs kimi, artıq 24.02.1994-cu ildən yaşayış yeri üzrə mövcud olan mənzil növbəsinə götürülmüşdür. O faktiki olaraq 1994-cü ildən etibarən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil uçotuna dayanmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən: “Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailələrinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli şəkildə, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının yaşayış sahəsinin verilməsi və kirayə müqaviləsinin bağlanması barədə 27.11.2015-ci il tarixli 248 nömrəli sərəncamı ilə ona həmin mənzil verilmiş və o mənzil növbəsindən çıxarılmışdırş Hal-hazırda mənzil onun faktiki istifadəsindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati mübahisəyə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Məmməd Muxtar oğlu Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, mənzil 11 üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyat alınmasına dair 30 iyul 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Məmmədov Məmməd Muxtar oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Sumqayıt şəhər İcra hakimiyyəti başçısının yaşayış sahəsinin verilməsi və kirayə müqaviləsinin bağlanması barədə 248 nömrəli sərəncamı 27 noyabr 2015-ci il tarixdə verildiyindən onun əsasında sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququ deyil, yalnız istifadə hüququnun qeydiyyatlı aparıla bilər. Lakin İddiaçı sözügedən mənzil üzərində özünün istifadə hüququnun qeydiyyata alınmasından imtina edərək, mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, ərizənin icrasını təmin etmək mümkün olmamışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müvaqiləsi mənzil üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993–cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, manzil 11 üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə onun etibarnamə üzrə nümayəndəsi Məmmədov Məmməd Muxtar oğluna 08 avqust 2019–cu il tarixli **********76 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi ldarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1–ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 08.08.2019-cu il tarixli **********76 nömrəli imtina məktubu, 16.10.2019-cu il tarixli **********90 nömrəli etirazı, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli, 2-(105)-1308/2018 saylı qətnaməsinin surəti, Ali Məhkəmənin 12.12.2018-ci il tarixli, 2(102)-7786/2018 saylı qərarın surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 248 saylı Sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2- ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina bildirişində göstərdiyi həmin mənzilə istifadə hüququna dair arqument məhkəmədə öz təstiqini tapmadı. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27.11.2015-ci il tarixli 248 saylı sərəncamdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, 11 saylı mənzil İddiaçı sosial kirayə müqaviləsi əsasında verilmiş və şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxarılmışdır. Həmçinin iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli, 2-(105)-1308/2018 saylı qətnamənin surətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin cavabdehlər X3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 5ci mikrorayon, ev 12/3, 11 saylı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilmiş və həmin qətnamə Ali Məhkəmənin 12.12.2018-ci il tarixli, 2(102)-7786/2018 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. Qeyd olunan qərarlardan sonra mübahisə predmeti olan mənzilin Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansında olmasına dair şübhələr aradan qaldırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, 11 saylı mənzil ilə bağlı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı sərəncamın 27 noyabr 2015-ci ildə verilərək iddiaçının sahibliyinə həmin tarixdən də verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/3, 11 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar