Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1700/2022 12.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2000-ci il tarixli, 253 saylı sərəncamı ilə onun mərhum həyat yoldaşı Böyük Vətən müharibəsi iştirakçısı İİ qrup əlil X4 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin avtovağzalı rayonunda kommunal ərazidə ayrılmış sahəsi 80 m2 olan torpaq sahəsində inşa olunmuş avtomobillərə texniki xidmət məntəqəsi üzərində mülkiyyyət hüququnun mərhum həyat yoldaşı X4 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2000-ci il tarixli, 253 saylı sərəncamı ilə onun mərhum həyat yoldaşı Böyük Vətən müharibəsi iştirakçısı İİ qrup əlil X4 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin avtovağzalı rayonunda kommunal ərazidə yerləşən sahəsi 80 kvadrat metr olan torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2003-cü il tarixli, Q-48 saylı məktubla mərhum həyat yoldaşına sözügedən torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. Həmin tikilinin inşası başa çatdıqdan soma “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” 19 mart 2004-cü il tarixli Aktı əsasında tikili istismara qəbul olunmuşdur. Eyni zamanda inşa olunmuş avtomobillərə texniki xidmət məntəqəsinin Texniki Pasportu da Azərbaycan Respublikası keçmiş iqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 05 may 2004-cü il tarixdə hazırlanaraq mərhum X4 təqdim olunmuşdur. X5 08 may 2007-ci il tarixdə vəfat etdikdən sonra adı çəkilən qeyriyaşayış obyekti miras əmlak olaraq onun tərəfindən istifadəyə qəbul edilmiş və bugünədək də istifadə olunmaqdadır. Bir müddət əvvəl iddiaçı sözügedən qeyri-yaşayış obyektinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə DƏDKR-nın 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhərinin avtovağzalı rayonunda kommunal ərazidə yerləşən sahəsi 80 kvadrat metr olan torpaq sahəsində inşa olunmuş avtomobillərə texniki xidmət məntəqəsi üzərində mülkiyyyət hüququnun mərhum həyat yoldaşı X4 məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh onun müraciətindən imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən onun müraciətinə verilmiş 12 aprel 2022-ci il tarixli, **********60 saylı cavab məktubunda “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” 19 mart 2004-cü il tarixli Aktının qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi habelə daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman tikintialtı sahəsi 19,2 kvadrat metr olan əlavə tikintinin inşa edildiyi əsas gətirilərək ərizəmin icrasından imtina olunduğu bildirilmişdir. İddiaçı qeyd edilən qeyri-yaşayış obyekti üzərində mülkiyyyət hüququnun X4 məxsus olması barədə müvafiq arayışın verilməsindən cavabdehin imtinasını tamamilə əsassız və qərəzli sayır. Belə ki, sözügedən istismara qəbul aktı müvafiq dövlət komissiyası tərəfindən tərtib edilərək imzalanmışdır və həmin aktda yol verilmiş hər hansı uyğunsuzluq hüququn qeydiyatından imtinası və müvafiq arayışın verilməməsi üçün əsas sayıla bilməz. Həmçinin, iddiaçı “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” 19 mart 2004-cü il tarixli Aktına əsalanaraq həmin aktda göstərilmiş ölçülərdə tikilinin qeydiyyatının aparılmasını xahiş etmişdir. Artıq tikili həqiqətən də mövcuddursa, cavabdeh həmin tikilini qeydiyyata almaya bilər və iddiaçı da bunu qəbul edir. Bununla bağlı qeyd olunmalıdır ki, qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirildiyi hallarda, qeydiyyata alınması tələb olunmayan sahəyə istinad edərək hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş sahənin qeydiyyatından ümumiyyətlə imtina olunması yolverilməzdir. Bu baxımdan cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərlə nəzərdə tutulmuş sahə üzərində hüququn qeydiyyata almmasmmdan imtina etməkdə haqlı sayıla bilməz. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan suiistifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Cavabdeh publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Cavabdeh publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasım həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütanasiblik prinsipinə,yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,“İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxmımdan zəruri və yararlı olmalıdır. Göründüyü kimi, bütün bu sadalananlardan cavabdehin iddiaçının müraciətindən imtina etməsinin əsaslarının səhv olduğu anlaşılır. Hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən Sumqayıt şəhərinin avtovağzalı rayonunda kommunal ərazidə yerləşən sahəsi 80 kvadrat metr olan torpaq sahəsində inşa olunmuş avtomobillərə texniki xidmət məntəqəsi üzərində mülkiyyyət hüququnun mərhum həyat yoldaşı X4 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən o, cavabdeh tərəfindən pozulmuş hüququnun müdafiəsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mərhum həyat yoldaşı sağlığında sözügedən qeyri-yaşayış obyektinin mülkiyyəti kimi sənədləşmə işlərini başa çatdıra bilmədiyindən, mərhumun vərəsəsi olaraq sənədləşmənin davam etdirilməsini zəruri sayır və qüvvədə olan qanunvericiliyə əsasən hüququnu dövlət qeydiyyatından keçirə bilməyən şəxsin vərəsəsi kimi hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayış təqdim olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2000-ci il tarixli, 253 saylı sərəncamı ilə onun mərhum həyat yoldaşı X4 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin avtovağzalı rayonunda kommunal ərazidə ayrılmış sahəsi 80 m2 olan torpaq sahəsində inşa olunmuş avtomobillərə texniki xidmət məntəqəsi üzərində hüququnun mərhum X4 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, xx.xx.2004-cü il tarixli Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı” qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması göstərilmişdir. Həmçinin, “Tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktf’nda tikilinin göstəriciləri qeyd edilsə də, komissiyanın sədri qeyd edilməmiş və sənəd onun tərəfindən imzalanmamışdır.Həmçinin, istismara qəbul aktı icra hakimiyyəti başçısı tərəfindən təsdiq olunmamışdır. Bundan əlavə bildirilir ki, Nazirlər Kabinetinin ləğv olunmuş xx.xx.2008-ci il tarixli, 272 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.4-cü bəndinə əsasən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş X3 də nümayəndəsi komissiyanın tərkibində iştirak etməlidir. Bununla yanaşı idarənin mütəxəssisi tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman müəyyən olunmuşdur ki, tikintialtı sahəsi 19.2 kv.m olan əlavə tikili inşa edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1 -ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi ərizəyə əlavə olunmalıdır. Tikinti obyektinin istismarına icazə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı və təsdiqlənməli, o cümlədən istismara icazədə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən Qərarında müəyyən edilmiş məlumatlar olmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması mövcud şəhərsalma obyektlərində dəyişiklliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarına əsasən tikilinin inşası üçün tikintiyə icazə alınmalı lahiyəsi tərtib edilməklə təsdiqlənməlidir. Bundan sonra ekspertiza mərkəzinin müsbət rəyi alınmalı, tikilinin inşası başa çatdırıldıqdan sonra icra hakimiyyətinin müvafiq komisiyyasi tərəfindən istimara yararlı olub olmaması yoxlanılmalıdır.Göründüyü kimi, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 12 aprel 2022-ci il tarixli, **********60 nömrəli imtina məktubu, etirazı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2000-ci il tarixli, 253 saylı sərəncamının notarial qaydada təsdiqlənmiş surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2003-cü il tarixli, Q- 48 saylı tikintiyə icazə məktubu, “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” 19 mart 2004-cü il tarixli Aktın notarial qaydada təsdiqlənmiş surəti, qeyri-yaşayış obyektinin texniki pasportun notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum əri X1 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsinin verildiyi gündən yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKR 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 12 aprel 2022-ci il tarixli, **********60 nömrəli nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xızı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir: 1) xx.xx.2004-cü il tarixli Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı” qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması 2) FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş X3 nümayəndəsi komissiyanın tərkibində iştirak etməməsi. 3) Qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 19.2 kv.m olan əlavə tikili inşa edilməsi. Sözügedən dəlillərin əsassızlığı aşağıdakılarla təsdiq olunur. Cavabdeh təşkilatın gətirdiyi arqumentlərə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, mərhumun sahibliyində olması Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin verdiyi 05 may 2004-cü il tarixli texniki pasportu ilə öz təsdiqini tapır. Qeyd olunan texniki pasportda müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin tikinti altı sahəsinin ölçüsü 80 kv.m, ümumi və əsas sahəsi 64.8 kv.m təşkil edir. Nəzərə alınmalıdır ki, qeyd olunan qeyri-yaşayış sahəsi 10 ildən artıq müddətdir ki, fəaliyyyət göstərir və həmin tikinti obyekti inşa edildikdən sonra müvafiq komissiya tərəfindən istismara qəbul edilmişdir. Qeyd olunan aktda komissiya sədrinin imzasının olmaması kolleqial şəkildə qəbul edilən sənədin əsassız olmasına dəlalət edə bilməz. Bundan başqa oda nəzərə alınmalıdır ki, hazır ki, iddia tələbinin predmeti tikili üzərində mərhumun hüquqlarının olması ilə bağlı arayışın verilməsindən ibarətdir. İddiaçının mərhum həyat yoldaşına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2000-ci il tarixli, 253 saylı sərəncamı ilə ayrılmış 80 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş avtomobillərin texniki baxışı məntəqəsinə dair arayışın verilməsi tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya qeyri-yaşayış obyektinə dair arayışın verilməməsi onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Bu səbəbdən də iddiaçının tələbinin təmin edilməməsində cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 14.1-ci madddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas hesab edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərdövləttikinti Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 №-li qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın 6.1-ci bəndinə əsasən tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən obyekt istismara bütövlüklə və yaxud hissələrlə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Qaydaların 6.8-ci bəndinə əsasən dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin və X6 (istehsalat, sosial-məişət və iaşə tə’yinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidir. Göründüyü kimi 19 mart 2004-cü il tarixli istismara qəbul komisiyyasının tərkibinə zaman etibarı ilə qüvvədə olan Qaydaların 6.8-ci bəndinə əsasən mütləq daxil edilməsi subyektlərin (memarlıq şöbəsinin,yanğından mühafizə idarəsinin epidemologiiya və sanitariya mərkəzinin nümayəndələrinin) iştrakı təmin edilmiş və həmin akt onlar tərəfindən imzalanmışdır. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın istismara qəbul aktının natamam olması ilə bağlı gətirdiyi arqument iddia tələbinin təmin edilməməsi üçün əsas sayıla bilməz. İnzibati orqan tərəfindən edilmiş formal xətalar cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDRX-də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 aprel 2000-ci il tarixli, 253 saylı sərəncamı ilə onun mərhum həyat yoldaşı X4 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin avtovağzalı rayonunda kommunal ərazidə ayrılmış sahəsi 80 m2 olan torpaq sahəsində inşa olunmuş avtomobillərə texniki xidmət məntəqəsi üzərində hüququnun mərhum X4 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1700/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1700/2022
12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver