Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1700/2024 29.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Nağarana kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 may 2002-ci il tarixdə iddiaçının adına yazılmış, JN-447A nömrəli, 41011018 kod olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və Şamaxı rayonu, Nağarana kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kirovka (hazırda Nağaraxana) inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 03 saylı protokolundan çıxarışa əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 145 nömrəli əsasnaməsinə uyğun olaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 29.05 1997-ci il tarixli 88 saylı Sərəncamı ilə Kirovka kəndinin gələcək inkişaf planı üçün ayrılmış 15 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısının aparılması, həyətyanı sahənin verilməsində mühəndis texniki qaydalara əməl edilməsi göstərilmişdir. İddiaçı 27 may 1999-cu ildə alqı-satqı yolu ilə Şamaxı rayonu, Kirovka (hazırkı Nağaraxana) kəndində yerləşən 0 15 ha torpaq sahəsini 710000 (yeddi yüz on min manata) almışdır. Həmin müddətdən hazıradək (24 ildir) bu torpaq sahəsi iddiaçının istifadəsində olub və həmin 0.15 ha torpaq sahəsi üçün hər il bələdiyyəyə vergi ödəmişdir. xx.xx.2003-cü il tarixdə həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinə Şamaxı rayon Texniki inventarlaşdırma və MHQİ tərəfindən 886 nömrəli qeydiyyat vəsiqəsi və 353 inventar nömrəli texniki pasport almışdır. Texniki pasportda torpaq sahəsinin cizgisi çəkilmiş və sənəd üzrə 1500.0 kv.m göstərilmişdir. 2005-ci ilədək olan müddətdə torpaq sahəsi barədə məlumatlar qeydiyyat vəsiqəsində göstərilmirdi, yalnız evin texniki pasportunda bu barədə qeyd yazılırdı və bu da kifayət edirdi. xx.xx.2023-cü il tarixdə həmin ünvana yeni çıxarış almaq üçün müraciət edərkən 14 saylı Şamaxı Ərazi İdarəsi 0.15 ha həyətyanı torpaq sahəsinə çıxarış verməkdən imtina etdi və bildirdi ki, X5 Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə ləğv edilmiş DT və XK tərəfindən 0.12 ha torpaq sahəsinə JN- 447A 41011018 kodla xx.xx.2002-ci il tarixdə torpağın mülkiyyətə verilmiəsinə dair şəhadətnamə mövcuddur. X5 Komissiyası kənd camaatına kütləvi qaydada şəhadətnamə verərkən səhvən iddiaçıya da onlarla birlikdə 0.12 ha torpaq sahəsinə şəhadətnamə vermiş və beləliklə, mülkiyyəti olan 0.03 ha torpaq sahəsindən məhrum olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 24 iyul 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şamaxı rayonu, Nağarana kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən fərdi yaşayış evinin 0,15 ha həyətyanı torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 20 may 1998-ci il tarixli 08 saylı qərarı ilə yalnız 0,12 ha ölçüdə mülkiyyətinə verilmişdir. Ləğv edilmiş DT və XK tərəfindən həmin torpaq sahəsinə JN-447A, kod 41011018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Torpaq islahatı zamanı mülkiyyətə yalnız 0,12 ha torpaq sahəsi verildiyi üçün fərdi yaşayış evinin həyətyanı sahəsinin 0,15 ha ölçüdə qeydiyyata alınması mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 886 nömrəli X3 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli protokolu ilə iddiaçıya satılmış torpaq sahəsində inşa edilmiş birmərtəbəli, 3 yaşayış otaqlı, ümumi sahəsi 114,2 kv.metr olan yaşayış sahəsinə dair təqdim edilmişdir. • İşə əlavə edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən mübahisəli torpaq sahəsinin 0,15 ha ölçüdə olduğu müəyyən edilmişdir. • “Torpağın alğı-satqısına dair” akta əsasən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kirovka (hazırda Nağaraxana) inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.1999cu il tarixli 03 saylı qərarı ilə iddiaçıya 0,15 ha torpaq sahəsi satılmışdır. • Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən (JN - 447A KOD ********) iddiaçıya Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmış və 1326 nömrə ilə kitabda qeydə alınmışdır. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məktubuna qoşma kimi əlavə edilmiş vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair Cədvəldən görünür ki, iddiaçıya satılmış torpaq sahəsi 0,15 ha ölçüdədir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Şamaxı Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 08 saylı protokolunda iddiaçının adına rast gəlinməmişdir. • Məhkəmə sorğusu nəticəsində cavabdeh orqan tərəfindən mütəxəssis rəyi, DWG məlumatlarından çıxarılmış sxem, ortofoto görüntü, DBF siyahısından çıxarış məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Şamaxı rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı tərəf cavabdeh orqana müraciətlər etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciəti təmin olunmamışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Şamaxı rayonu olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.8-ci maddə: Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 145 nömrəli əsasnaməsinə uyğun olaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 29.05 1997-ci il tarixli 88 saylı Sərəncamı ilə Kirovka kəndinin gələcək inkişaf planı üçün ayrılmış 15 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısı aparılmışdır. Bunun nəticəsində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kirovka (hazırkı Nağaraxana) inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 03 saylı protokolundan çıxarışa əsasən iddiaçıya 0,15 ha torpaq sahəsinin normativ qiymətlərə uyğun olaraq satılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın əldə edilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən təqdim edilən etirazda iddiaçıya Şamaxı rayon Aqrar İslahat Komissiyasının 20 may 1998ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin ayrılması və bunun əsasında JN - 447A KOD 41011018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğu üçün 0,15 ha ölçüdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edildiyi qeyd edilmişdir. Məhkəmə cavabdeh orqanın etirazını əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı qanuni əsaslarla Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kirovka (hazırkı Nağaraxana) inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli 03 saylı protokolundan çıxarışa əsasən torpaqların alqı-satqı əsasında 0,15 ha torpaq sahəsini 710.000 (yeddi yüz on min) manata (köhnə Azərbaycan məzənnəsi ilə) haqqı ödənilməklə satın almışdır. Şamaxı rayon Nağaraxana bələdiyyəsinin arayışına əsasən iddiaçı ona məxsus 0,15 ha həyətyanı və 1411,4 kv.metr yaşayış sahəsi olan ev üçün torpaq və əmlak vergisi ödəmiş və heç bir borcu olmamışdır. Baxmayaraq ki, məhkəməyə JN - 447A KOD 41011018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim olunmuş və həmin şəhadətnamədə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 20 may 1998-ci il tarixli 08 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin ayrılması qeyd olunmuşdur, lakin məhkəmə sorğusu nəticəsində əldə edilmiş həmin qərarda iddiaçının adına rast gəlinməmişdir. Bundan əlavə məhkəmə sorğusu nəticəsində mütəxəssis rəyi, DWG məlumatlarından çıxarılmış sxem, ortofoto görüntü və DBF siyahısından çıxarış əldə edilmişdir. Mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yeni xəritədə (elektron uçot məlumatlarında) işlənmiş torpaq sahəsi ilə uyğunluq təşkil edir. Şamaxı rayonu Nağaraxana kəndinə aid “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərlə (DWG məlumatlarına əsasən) vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələri ilə faktiki naturada istifadəçilik arasında konfiqurasiya və sahə uyğunsuzluğu vardır. Bu səbəbdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə DWG məlumatlarında (islahat xəritəsində) qeyd edilmiş torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu və sahə fərqi vardır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,1750 ha təşkil edir və kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Lakin həmin torpaq sahəsinin qonşuluğunda və ətrafında olan həyətyanı torpaq sahələrinə yaşayış məntəqələri torpaqları kateqoriyası olmaqla mülkiyyət hüquqlu çıxarışlar verilmişdir. Bundan əlavə iddiaçının adı DBF siyahısında 447 nömrədə olmaqla qanuni istifadəsində 0,15 ha torpaq sahəsi qeyd edilmişdir. Beləliklə məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin, onu da qeyd etməyi zəruri hesab edir ki, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kirovka (hazırkı Nağaraxana) inzibati ərazi üzrə nümayəndəliyinə torpaq sahəsinin ayrılmasına dair səlahiyyət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Şamaxı rayonu, Nağarana kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev