Məhkəmə qərarları › İş №2-1(118)-1702/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1702/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1702/2022 06.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “onun adına Siyəzən rayon Həmyə İcra Nümayəndəliyində tərtib olunmuş ölüm haqqında akt qeydinin “ad” qrafasında “Elvin”-dən “Elmin”-ə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “onun adına Siyəzən rayon Həmyə İcra Nümayəndəliyində tərtib olunmuş ölüm haqqında akt qeydinin “ad” qrafasında “Elvin”-dən “Elmin”-ə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərarqəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1995-ci ildə Siyəzən rayon Böyük Həmyə kəndində doğulmuşdur. Həmin tarixdə yəni, xx xxx 1995-ci ildə onun əkiz qardaşı X1 da doğulmuşdur. Lakin 6 aydan sonra 29 noyabr 1995-ci il tarixində əkiz qardaşı Elmin ölmüşdür. Siyəzən rayon Həmyə İcra Nümayəndəliyində ölüm qeydə alınarkən, yalnışlığa yol verilərək, vətandaşlıq vəziyyəti aktlarının qeydində ölümün qeydi, səhvən qardaşı Elmin deyil, onun adına aparılmışdır. Bu yanlışlığa baxmayaraq, ondan sonra o, “Tam orta təhsil haqqında” Attestat, “Hərbi bilet”, “Şəxsiyyət vəsiqəsi”, “Ümumvətəndaş” posportu və “DS Sığorta “şəhadətnaməsi alarkən (sənədlər ərizəyə əlavə edilir) heç bir qadağalarla rastlaşmamışdır. Yalnız adına torpaq alqı-satqısı zamanı bu məsələ, yəni onun öldüyü aşkar olmuşdur. Bu yalnışlığın düzəldilməsi üçün Cavabdehnə müraciət etmişdir, lakin rayon qeydiyyat şöbəsi tərəfindən cavab məktubunda dəyişiklik edilməsi üçün heç bir əsas olmadığı göstərilərək ona 59 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubu verilmişdir və habelə izah edilmişdir ki, məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməlidir. Çünki Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarına əsasən akt qeydində dəyişiklik edilməsi üçün müvafiq əsas olmadıqda dəyişiklik məhkəmə qaydasında aparılır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda ölüm akt qeydində dəyişiklik edilməsinə heç bir imtinasının olmadığını bildirmişdir. İddiaçı 20 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə biməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - A № 274802 saylı, 12 iyul 2013-cü il tarixli “Tam orta təhsil haqqında” attestatın, SX № ******* saylı, 06 dekabr 2013-cü il tarixli hərbi biletin, AA******* saylı şəxsiyyət vəsiqəsinin, C00933570 saylı pasportun, XVİİİ-ЖГ 402354 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Elvin”, soyadı “Kərimov”, ata adı “Ağayar” kimi qeyd olunmuşdur. - Cavabdeh tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli, № 66 və 68 saylı arayışlardan görünür ki, İddiaçı xx xxx 1995-ci ildə Siyəzən rayon Böyük Həmyə kəndində anadan olmuşdur, bu barədə 17 iyul 1995-ci il tarixdə Siyəzən rayon Həmyə İN-də 20 №li doğum haqqında akt qeydi tərtib olunmuş və o, 29 noyabr 1995-ci ildə ölmüş və ölüm haqqında 29 noyabr 1995-ci il tarixli 11 nömrəli akt qeydi tərtib edilmişdir. - Cavabdeh tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli, № 67 saylı arayışdan görünür ki, X1 xx xxx 1995-ci ildə Siyəzən rayon Böyük Həmyə kəndində anadan olmuşdur, bu barədə 17 iyul 1995-ci il tarixdə Siyəzən rayon Həmyə İN-də 21 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş 17 iyul 1995-ci il tarixli, 21 №-li doğum haqqında akt qeydindən görünür ki, X1 xx xxx 1995-ci ildə Siyəzən rayon Böyük Həmyə kəndində anadan olmuşdur. - Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş 29 noyabr 1995-ci il tarixli, 11 №li ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı 29 noyabr 1995-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx xxx 1995-ci ildə anadan olmuşdur. Onun əkiz qardaşı X1 29 noyabr 1995-ci il tarixdə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun doğum haqqında akt qeydində səhvən “Elmin” əvəzinə “Elvin” yazılmışdır. İddiaçı adına Siyəzən rayon Həmyə İcra Nümayəndəliyində tərtib olunmuş ölüm haqqında akt qeydinin “ad” qrafasında “Elvin”-dən “Elmin”-ə dəyişiklik edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bəndlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır. Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında şəhadətnamədə iddiaçının adına düzəliş edilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının hansı sənəddəki qeydə əsasən və hansı əsasla “Elvin” kimi yazılmasının səbəbini göstərməmişdir. Eyni zamanda cavabdeh məhkəmə ünvanladığı məktubunda iddiaya etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan və yuxarıda adı sadalanan iddiaçıya məxsus sənədlərdə onun adı İddiaçı kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına Siyəzən rayon Həmyə İcra Nümayəndəliyində tərtib olunmuş ölüm haqqında akt qeydinin “ad” qrafasında “Elvin”-dən “Elmin”ə dəyişiklik edilməsi vəzifəsi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adına Siyəzən rayon Həmyə İcra Nümayəndəliyində tərtib olunmuş xx.xx.1995-ci il tarixli, 11 nömrəli ölüm haqqında akt qeydinin “ad” qrafasında “Elvin”dən “Elmin”ə dəyişiklik edilməsi vəzifəsi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar