Məhkəmə qərarları › İş №2-1(118)-1703/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1703/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1703/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1i ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1988-ci ildən 1994-cü ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzdində Bakı Su Kəmərinin mühafizəsi alayında polis əməkdaşı kimi xidmət etmişdir. O, qeyd olunan hissədə xidmət edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nəzdində Bakı Su Kəmərinin Mühafizəsi Alayının komandirinin 29 sentyabr 1989-cu il tarixli 25 nömrəli əmri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə ictimai asayışı qorumaq üçün 6 nəfərlik dəstə ilə Şuşa şəhərinə 27 sentyabr 1989-cu il tarixdən 26 oktyabr 1989-cu il tarixə kimi ezamiyyə olunmuşdur. Onlar Şuşa şəhərində erməni ekstremislərinin qanunsuz hərəkətlərinə qarşı ictmai asayişi qorumaq vəzifəsini layiqincə yerinə yetirdikləri üçün Daxili işlər Nazirinin əmri ilə mükafatlandırılmışlar. O, sonradan xidmətini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində davam etdirmiş və son yaş həddinə görə pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək müharibə veteanı vəsiqəsi verilməsini xahiş etmişdir. Lakin cavabdeh özünün 20.10.2020-ci il tarixli məktubu ilə onun xahişinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, sabiq ədliyyə qulluqçusu İddiaçı «Müharibə veteranı» adının verilməsi barədə daxil olmuş müraciəti ilə əlaqədar bildiririk ki, təqdim edilən 29.09.1989-cu il tarixli 25 nömrəli əmrdən çıxarışa əsasən, o, daxili işlər orqanlarında xidmət keçərkən Şuşa şəhərinə xidməti ezamiyyətə göndərilmişdir. Məsələnin qanunvericiliyə uyğun hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinə müvafiq sorğu ünvanlanmışdır. «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq «Müharibə veteranı» adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir.Bununla əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən 29.09.1989-cu il tarixli 25 nömrəli əmrdə bu barədə birbaşa qeyd olmadığına görə Ə.Ağamməmədova «Müharibə veteranı» adının verilməsi imkan xaricində olmuşdur. Eyni zamanda İddiaçı digər təsdiqedici sənəd təqdim etməmişdir. İş materiallarında olan : - Azərbaycan SSR Daxili İşlər Nazirliyi nəzdində Bakı Su Kəmərinin Mühafizəsi alayının komandirinin 29 sentyabr 1989-cu il tarixli 25 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişi ilə ictimai asayişin qorunmasına köməklik etmək məqsədi ilə 6 nəfər, o cümlədən İddiaçı 27 sentyabr 1989-cu il tarixdən 26 oktyabr 1989-cu il tarixə kimi Şuşa şəhərinə ezam olunmuşdur. -Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 526 saylı 10 noyabr 1989-cu il tarixli əmrindən görünür ki, ictimai asayişin qorunmasına köməklik etmək məqsədi ilə Şuşa şəhərinə ezam olunmuş bir sıra milis işçisinə, o cümlədən X1 60 rubl məbləğində mükafat verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 17.04.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arxivində saxlanılan sənədlərin, o cümlədən aidiyyəti əmrlərin surətlərinin təqdim olunması yalnız rəsmi sorğu əsasında həyata keçirilə bilər. Eyni zamanda müvafiq arxiv sənədlərinə əsasən iddiaçının BMİ-nin Bakı Su Kəmərləri və Obyektlərinin Mühafizəsi üzrə Polis Alayının 29.09.1989-cu il tarixli, 25 nömrəli əmri ilə Şuşa şəhərində xidməti ezamiyyətdə olmağı və bu zaman xidməti vəzifələrinizin icrasına vicdanla yanaşdığına görə DİN-in 10.10.1989-cu il tarixli, 526 ş/h nömrəli əmri ilə 60 manat məbləğində pulla mükafatlandırılmağı müəyyən olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına dəyişiklik edilməsi barədə 03 noyabr 2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi müharibə veteranı statusunun əldə edilməsi üçün şəxsin döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması əsas şərtlərdən olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının ictimai asayişin mühafizəsinə köməklik məqsədi ilə Şuşa şəhərinə ezam olunması təsdiq olunsa da, onun döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığını yerinə yetirməsi və s. faktı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh düzgün olaraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar