Məhkəmə qərarları › İş №2-1(118)-1707/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1707/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1707/2022 21.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birgə X5 yaşayış sahəsi 78 kv.metr olan binasında yaşayırmış, 05 fevral 2019-cu ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində onların da qəzalı vəziyyətə düşmüş yaşadığı yataqxanadan çıxarıb, rayonda tikilən binadakı sahəsi əvvəlkindən xeyli az yaşayış sahəsinə malik olan (66,22 kv. metrlik) evlə təmin ediblər. İddiaçı bundan narazılıq edib aidiyyəti Dövlət Orqanlarına çoxsaylı şikayətlər yazıb bildirdirmiş ki, yeni evi darısqaldır və faktiki olaraq sahəsi 12 kv.metr az olan mənzilə köçürülmüşlər. Bir ildən çoxdur ki, dövlət orqanlarına müraciətlər etsə də məsul şəxslər müraciətlərini bir-birinin üstünə ötürür və nəticədə şikayətinə baxan yoxdur. X5 rəhbərliyi tərəfindən ona verilmiş 27 saylı, 25 sentyabr 2021ci il tarixli Arayışdan görünür ki, həmin Liseyin balansında olan onların yaşadığı xidməti binanın 11 nömrəli mənzilinin ölçüsü 78 kv.metrdir. Çoxsaylı müraciətləri əsasında Şamaxı Rayon İcra Hakimiyyətindən ona göndərilmiş Ş- 03-1868 saylı, 05 oktyabr 2021-ci il tarixli cavab məktubunda yazılmışdır ki, 05 fevral 2019-cu ildə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Cavabdeh tərəfindən Şamaxı şəhərində yaşayış binaları inşa olunmuş və vətəndaşlar yeni mənzillərə köçürülmüşlər. Mənzillər Fövqəladə Flallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında nazirliyin əməkdaşlarının iştirakı ilə vətəndaşların əvvəl yaşadıqları evlərin sahəsinə uyğun püşkatma yolu ilə paylanmışdır. Sonda püşkatma əsasında onlara Şamaxı şəhərində M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 9 saylı mənzilinin püşkatma yolu ilə verilməsi yazılmışdır. Müraciətlərinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən də ona 37/Q-00469 saylı, 04 mart 2021-ci il tarixli cavab göndərilmişdir. Bu cavabda da yuxarıda qeyd etdiyi eyni məlumatlar təkrarlanaraq onlara ünvan 1 ünvanında Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş, elektrik enerjisi, su və qazla təchiz olunmuş 110 mənzilli binada 2 otaqlı, 66,22 kv.metr sahəsi olan mənzil verildiyi yazılmışdır. Bundan əlavə, mənzillərin bölüşdürülməsi prosesinin X7 rəhbərliyinin təsdiq etdiyi siyahılar əsasında Şamaxı Rayon İcra Hakimiyyəti keçirilməsi və buna görə müvafiq icra hakimiyyətinə müraciət etməyi ona tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, inzibati orqanın vəzifəsi təbii fəlakət zamanı dağılmış yaşayış sahələrinin tikilməsi, bərpası və aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlara təhvil verməkdir. İddiaçıya əlavə yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində deyil. Bu səbəbdən də iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəfləri dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, iddiaçı müvafiq yaşayış sahəsini Fövqəladə Hallar Nazirliyindən tələb etməsi o halda cavabdeh üçün müəyyən hüquqi nəticə doğura bilərdi ki, həqiqətən də cavabdeh iddia tələbinə cavab verməli olsun. Belə ki, hər hansı bir təbii fəlakət nəticəsində əhalinin yerləşdiyi yaşayış sahələrinə ziyan dəydiyi tədqirdə müxtəlif dövlət proqramları çərçivəsində qanunvericiliyə uyğun olaraq səlahiyyətli qurumlar həmin yaşayış sahələrini bərpa edir və ya müvafiq kompensassiyanı əhaliyə verirlər. Göründüyü kimi “Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cavabdehnə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmış və Fövqəladə Hallar Nazirliyi struktur bölümü olan Tikintidə Təhlükəsizliyə Nəzarət X1 X3 Müdiriyyəti vasitəsi ilə dəymiş ziyanın aradan qaldırılması istiqamətində yaşayış binalarının inşa edilməsi üçün podratçı təşkilatlarla müqavilələr bağlamışdır. Həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Şamaxı rayonun ərazisində yaşayış binaları inşa edilərək rayon icra hakimiyyəti tərəfindən vətəndaşların istifadəsinə verilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsanaməsinin 7-ci bəndində əks olunmuş nazirliyin fəaliyyət istiqamətləri arasında qəzalı vəziyyətdə mənzilləri olan vətəndaşlara mənzillərin bölüşdürülməsi səlahiyyəti mövcud deyil. Belə olan halda müvafiq iddiaya mahiyyəti üzrə baxılması mümkünlük şərtlərinin tələblərinə cavab vermədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ona əlavə 12 kv.metr yaşayış sahəsi olan yeni 1 (bir) otaqlı mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar