Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1708/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1921/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iddia tələbi mümkün sayılmamışdır. Daha sonra iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1921/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-430/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1921/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün yenidən Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5085/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2015-ci il tarixində **********560 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin qətnaməsi ilə torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, 28518 manat məbləğində təzminatın ondan tutulub X3 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən **********560 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmalaka yönəldilməsi qət olunmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Cavad və 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli İsayev əlbir olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz olaraq tələbkar X1 adına özgəninkiləşdirmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən tələbin mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0 06 ha hissəsinə yönəldilməsi həmin torpaq sahəsinin tələbkarın mülkiyyətinə verilməsini özündə ehtiva etmir. Əksinə həmin 0.06 ha torpaq sahəsi hərraca yönəldilməli, torpaq sahəsinə qanunvericiliyin tələbinə uyğun olaraq qiymət qoyulmalı, torpaq sahəsi hərracdan satıldıqdan sonra borclu olduğu pul məbləği tələbkara verilməli, qalan məbləğ isə iddiaçıya qaytarılmalı idi. Abşeron rayon İcra Şöbəsi isə torpaq sahəsinin dəyərini dəfələrlə aşağı qiymətə hesablayaraq 0.06 ha torpaq sahəsinin birbaşa tələbkarın mülkiyyətinə verilməsi ilə bağlı məktubla 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi də öz növbəsində qanunsuzluğa yol verərək qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərində xx.xx.2017-ci il tarixdə **********65 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində birbaşa X2 mülkiyyət hüququnu qeydiyyata almışdır. Abşeron rayon icra Şöbəsinin məktubunda "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə istinad edilmişdir. Lakin qeyd olunan maddə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab oluna bilməz. Hüquqların qeydiyyatı üçün əsaslar tam olaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq icra məmuru Cavad və 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli isayev əlbir olaraq cinayət törədərək mülkiyyət hüququndan iddiaçını məhrum etmişlər. Onların cinayət iş birliyi bununla başa çatmamışdır. 0.06 ha torpaq sahəsi iddiaçının əlindən alındıqdan sonra Abşeron rayon İcra Şöbəsi təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2017-ci il tarixli 8(012)-851/2017 saylı qərardadına əsasən mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmalaka yönəldilməsi qət olunmuşdur. Yenə də “İcra Haqqında” AR Qanununun 53.1-ci maddəsini əsas gətirərək guya ki həbs qoyulmuş əmlak tələbkar X3 təklif olunmuş, tələbkar isə həmin torpaq sahəsini qəbul etmiş, əlbəttə qəbul edəcək, əgər torpaq sahəsi ona su qiymətinə verilirsə, mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha hissəsi üzərində mülkiyyət hüququ tələbkarın mülkiyyətində olan (yəni qanunsuz olaraq mülkiyyətimdə olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi) 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi **********22 reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. Dəfələrlə Abşeron rayon icra və Probasiya Şöbəsinə müraciət edərək hansı əsaslarla mülkiyyətimdə olan 0.10 ha torpaq sahəsinin X1 adına özgəninkiləşdırildiyi barədə məlumat almaq istəsə də ona bununla bağlı heç-bir məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi Abşeron rayon İcra və Probasiya Şöbəsi iddiaçıya dəfələrlə yalan məlumat vermişlər. Ümumiyyətlə borcun ödənilməsi ilə bağlı iddiaçıya məlumat verilməmiş, borcun ödənilməsindən imtina etməmiş, bu səbəblərdən də borcun əmlaka yönəldilməsinə ehtiyac olmamışdır. İcra məmuru onun xəbəri olmadan Abşeron Rayon Məhkəməsinə təqdimatlarla müraciətlər etmiş, xəbəri olmadan torpaq sahəsi başqa şəxsə verilmişdir. Bütün qeyd olunanları əsas gətirərək daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********65 və **********22 reyestr nömrəli, X5 adına verilmiş **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Buna baxmayaraq cavabdeh orqan tərəfindən əriznin icrasından imtina edilmiş, imtina üçün əsas kimi «Daşınmaz əmlakın dövlət reyestri» haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X10 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-5730/2023 nömrəli Sərəncamına (hakim - İsmayıl Quliyev) əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Torpaq sahəsinin müvafiq çıxarış və plan-ölçü sənədinin qeydə alınmasına əsas olmuş xx.xx.2018-ci il tarixli, **********22 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi ilə baq11 iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 4 saylı Abşeron Ərazi İdarəsinə 13 sentyabr 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: İddiaçı İdarəyə daşınmaz əmlakın dövlət reyestrindən X1 adına verilmiş **********65 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair müraciətinin aşkarlanmadığı; Qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq çıxarışların ləğvi tələb olunmasına baxmayaraq, sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, həmçinin buna dair hər hansı mötəbər sübutun işə əlavə edilmədiyi; Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X1 adına **********65 reyestr nömrəli çıxarışın Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(012)-151/2017 saylı qərardadı və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsi əsasında verildiyi; Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X1 adına **********22 reyestr nömrəli çıxarışın Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(012)-851/2017 saylı qərardadı və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsi əsasında verildiyi; Sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydiyyata alma zamanı hər hansı yanlışlığa yol verilmədiyi; İddiaçının etibarnamə üzrə nümayəndəsi X8 13 sentyabr 2023-cü il tarixli müraciətinin X5 adına aparılmış xx.xx.2018-ci il tarixli, **********22 reyestr nömrəli qeydiyyatın ləğvinə dair ünvanlandığı, lakin iddia ərizəsində X1 adına aparılmış xx.xx.2018-ci il tarixli, **********22 reyestr nömrəli qeydiyyatın ləğvi tələbi qoyulduğu müəyyən olunmuşdur. Məlumat üçün bildirirlər ki, Abşeron Rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(012)-151/2017 saylı qərardadı əsasında **********560 reyestr nömrəli çıxarışla iş üzrə borclu İddiaçı mülkiyyətinə verilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak tələbkar X3 təklif olunmuş, tələbkar həmin torpaq sahəsini qəbul etmiş və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, **********65 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Abşeron Rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(012)-851/2017 saylı qərardadı əsasında iş üzrə borclu İddiaçı mülkiyyətinə verilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak tələbkar X3 təklif olunmuş, tələbkar həmin torpaq sahəsini qəbul etmiş və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, **********65 reyestr nömrəli çıxarışla tələbkarın mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi **********22 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisə predmeti olan **********22 reyestr nömrəli torpaq sahəsi X4 ilə X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-935 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında sonuncuya satılmış, daşınmaz əmlak üzərində X5 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli, **********22 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak hal-hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011 -ci il tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə, öhdəliklərin icrası və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: ********* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlə reyestrindən çıxarış”-ın surəti; cavabdeh orqanın 25 sentyabr 2023-cü il tarixli məktubları və məhkəmə sorğusu əsasında təqdim edilən digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq, DƏDRX-in 4 saylı Abşeron İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 25 sentyabr 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadına əsasən **********560 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. ********* qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən iddiaçıya məxsus 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərində xx.xx.2017-ci il tarixdə **********65 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində birbaşa X2 mülkiyyət hüququnu qeydiyyata almışdır. 0.06 ha torpaq sahəsi iddiaçıdan alındıqdan sonra Abşeron rayon İcra Şöbəsi təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2017-ci il tarixli 8(012)-851/2017 saylı qərardadına əsasən mülkiyyətinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha hissəsi üzərində mülkiyyət hüququ tələbkarın mülkiyyətində olan (yəni qanunsuz olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi) 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi **********22 reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. İddiaçı halhazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha və həmin torpaq sahəsi də daxil olmaqla, ümumilikdə, 0,10 ha torpaq sahəsinə dair X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ların ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edildiyindən, məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Abşeron rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış 26 may 2017-ci il tarixli, xx/xx-8108/17-5 nömrəli və 27 dekabr 2017-ci il tarixli, xx/xx-27778/17-5 nömrəli məktublar əsasında iddiaçının mübahisələndirdiyi üçüncü şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatlar aparılmış, sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda yuxarıda qeyd edilən çıxarışların tərtib edilməsinə əsas olmuş icra məmurunun hərəkətlərini mübahisələndirməlidir. Eyni zamanda məhkəmə bildirir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-7/2023 nömrəli qərardadı ilə iddiaçının müvafiq şikayəti təmin edilməmiş və məhkəmə qərardadında qeyd edilmişdir ki, araşdırma nəticəsində icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, şikayət əsaslı hesab edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların verilməsinə əsas olmuş icra məmurunun hərəkətlərini mübahisələndirdiyi və buna nail olduğu halda çıxarışların ləğvini tələb edə bilərdi. Lakin iş materiallarından da göründüyü kimi iddiaçının icra məmurunun hərəkətlərini mübahisələndirdiyi şikayət ərizəsi Abşeron Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 8(012)-7/2023 nömrəli qərardadı ilə təmin edilməmiş və məhkəmə qərardadı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********65 və **********22 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva