Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1712/2024 01.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı xx.xx.2010-cu ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2010-cu ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2008-ci ildən 1 il müddətinə, xx.xx.2010cu ildən isə ümumi xəstəlik səbəbindən müddətsiz ll dərəcəli əlillik təyin olunmuşdur. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “Böyrək daşı xəstəliyi, hər iki böyrəyin daşı və pielonefriti tez-tez kəskinləşmələrlə” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində xx.xx.2021-ci il tarixdə etibarsız hesab edilmişdir. İddiaçı əlillik altsistemində etibarsız hesab edilmiş əlillliyin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana Ərizə ilə müraciət ünvanlasa da, ona imtina cavabı verilmişdir. İddiaçının çoxsaylı müraciətlərindən sonra cavabdeh orqan xx.xx.2023-cü il tarixdə əlilliyin ləğv edilməsi barədə yenidən qərar qəbul etmişdir. Halbuki, artıq iddiaçının əlilliyi 2021-ci ildə ləğv edilmişdir. Cavabdeh 2023-cü ilin 21 iyun tarixli qərarı ilə faktiki olaraq mövcud olmayan əlilliyin etibarsız hesab edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, Sumqayıt şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (diaqnoz “Böyrək daşı xəstəliyi, hər iki böyrəyin daşı və pielonefriti tez-tez kəskinləşmələrlə). Xidməti yoxlama zamanı Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Əlillik altsistemi proqram təminatında əlillik dərəcəsi haqqında məlumatların olmadığı aşkar edildiyindən xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmış və vətəndaşın müraciəti əsasında əyani komissiyaya dəvət olunaraq həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən sağ qabırğaaltı nahiyyədə olan ağrı, diskomfort hissindən şikayət etmiş, eyni zamanda ikinci dərəcə əlilliyə görə 2596 manat müavinət alması barədə 6 saylı Bakı DOST mərkəzindən xx.xx.2022-ci il tarixli **********7 nömrəli arayış və bəzi müayinə sənədləri təqdim etmişdir. Təqdim olunmuş “Real” tibb mərkəzinin xx.xx.2023-cü il tarixli (müayinə sonradan təqdim edilmişdir) elastoqrafiya müayinə nəticəsi F4 mərhələ fibroza uyğun olmuş, qaraciyər sınaqları yüksəlmiş, “Sumqayıt Hospital”da xx.xx.2023-cü il tarixdə aparılmış (müayinə sonradan təqdim edilmişdir) tam abdominal KT müayinəsində böyrək daşı izlənilməmiş, sağ böyrəkdə 1 sm ölçüdə kortikal kista müəyyən edilmiş, nəticə “qaraciyər kaudat payda yayğın hipertrofiya əlamətləri, konturlarında düzənsizlik, xronik qaraciyər parenxim xəstəliyi nəzərindən klinik və laborator əlamətlərlə birgə dəyərləndirilməli" kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı xəstə kaxeksik vəziyyətdə olmuş, dəri və görünən selikli qişalar solğun subikterik çalarlı izlənilmişdir. Vətəndaşın ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə olunaraq diaqnozun dəqiqləşdirilməsi və göstəriş olduğu təqdirdə orqanizmin funksiyalarının itirilmə dərəcəsinin dəyərləndirilməsi məqsədi ilə yeni göndəriş rəsmiləşdirilə bilməsi üçün Tibbi sosial ekspert komissiyası tərəfindən “Müalicənin davam etdirilməsi”nə dair Qərar qəbul edilmişdir. İş materiallarında olan: -TSEK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli qərardan görünür ki, X6 xx.xx.2010-cu il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. -TSEK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X6 əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin halarından aydın olur ki, iddiaçı X6 xx.xx.2010-cu il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə əlilliyə görə əmək pensiyası dayandırıldıqdan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. İddiaçının müraciəti əsasında ekspertlər tərəfindən yenidən müayinə edilmiş və xx.xx.2023-cü il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehə hər hansı icraat aparmadan iddiaçıya müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edilməsi əsassız hesab edilməlidir. Cavabdeh tərəfindən iddiaçıya əlilliyin müddətsiz təyin edildiyi halda ondan əlilliyin ləğv edilərək yenidən forma 88 üzrə göndəriş tələb edilməklə qanunsuzluğa yol vermişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nailolduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməkləinzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsindəbilmədiyi halda. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının əlilliyinin qiymətləndirilməsi və ona müddətsiz ikinci əlillik dərəcəsinin təyin edilməsi barədə Tibbi Sosial Ekspert Komissiyasının 12 mart 2010-cu il tarixli qərarının “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq ləğv edildiyi görünmür. Belə ki, qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh həmin inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. İddiaçıya əlilliyin təyin edilməsi barədə cavabdehin qəbul etdiyi 12 mart 2010-cu il tarixli inzibati akt əlilliyin altsistemdə etibarsız hesab edildiyi vaxt qüvvədə olmuşdur. Belə ki, həmin maddəyə görə xx.xx.2010-cu il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğv olunması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və digər normativ aktların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. İnzibati icraat haqqında” Qanunun 67.2- ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək, həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5- ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona əlillik təyin edilməsinə müdaxilə etməmişdir. Həmçinin iddiaçı qəbul edilmiş inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsizdir. Belə ki, cavabdeh özü tərəfindən iddiaçının əlilliyinin təyini ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində əlilliyin təyin edilməsi haqqında xx.xx.2010cu il tarixli qərar qəbul edilərkən iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmişsə və etimadın qorunması hüququnu istisna edən konkret hallar yoxdursa, heç bir əsas olmadan onun əlilliyinin ləğv edilməsinə dair inzibati icraatın başlanması və həmin inzibati icraat nəticəsində əlilliyin ləğv edilməsinin əsası yoxdur. Cavabdeh orqan istinad edilən normaların tələbinə əməl etməyərək müvafiq inzibati icraat aparmadan, inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə maraqlı şəxsə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində əlillik dərəcəsi haqında məlumatların olmamasına istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Beləliklə, istinad edilən normativ aktların formal (məcburi) tələbləri təmin olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı X6 xx.xx.2010-cu ildə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova