Məhkəmə qərarları › İş №2-1(118)-1716/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1716/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1716/2024 29.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 65 yaşı tamam olduğu vaxtdan (xx.xx.2022-ci ildən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 65 yaşı tamam olduğu vaxtdan (xx.xx.2022-ci ildən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur, hazırda 66 yaşı var, o xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuş və 2006-cı il tarixə kimi müxtəlif müəssisə və təşkilatlarda çalışmışdır. Onun ümumi əmək stajı 2 il hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 25 ildən çoxdur. Bu barədə məlumat əmək kitabçasında qeyd olunmuşdur. 2006-cı ildən sonra isə onun səhhətində olan problemlərlə bağlı işləməmişdir. Lakin o ümumi əmək stajının 25 ildən artıq olmasına baxmayaraq 65 yaşının tamam olmasından sonra, yəni 2022-ci ilin iyul ayından ona yaşa görə pensiya təyin edilmiş, hazırda 220 manat pensiya alır. İddiaçı bununla bağlı cavabdeh təşkilata müraciət etmiş, ona ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda imtina edilmiş və onun xx.xx.1991-ci il tarixdən 01.010.2022-ci il tarixə kimi olan dövr üzrə işlədiyi bəzi dövrlər əmək stajına salınmamış, nəticədə ümumi əmək stajının 20 il 5 ay 6 gün olduğu bildirilmişdir. Bundan başqa xx.xx.2002-ci ildən xx.xx.2006-cı il tarixə kimi Laçın Tikinti Materialları Kombinatında işlədiyi müddəti də cavabdeh nəzərə almamışdır. İddiaçının ümumi əmək stajının 25 ildən artıq olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə aidiyyəti üzrə baxılaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının imtina məktubu ilə cavablandırlmışdır. Həmin məktuba əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Müvafiq qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərəd tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 20 il 5 ay 6 gün təşkil edir. Bildirirk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin staja daxil edilməsinin mötəbərliyinə əsaslı şübhələr olduğu üçün əlavə araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın keçirdiyi monitorinqin nəticələrinə əsasən İddiaçı əmək kiabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti zamanı 1993-cü ildə 12 ay, 1994-cü ildə 3 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 6 ay, 1997-ci ildə 6 ay, 1998-ci ildə 12 ay, 2000-ci ildə 4 ay, 2001-cii ildə 3 ay, 2002-ci ildə isə 12 ay əməkhaqqı hesablanmamışdır. Buna görə də qanunvericiliyin tələbinə əsasən əməkhaqqı hesablanmayan ayların iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bundan başqa, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumçatlara əsasən xx.xx.2006-cı ildən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Laçın Tikinti Malları Kombinatı”nda olan dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan maddələrin məzmunundan da göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17- 1/2-242151/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3/2-16343/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin Bİ Dövlət Proqramı”na, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydalan”na uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi ünvanında yerləşən “Laçın Tikinti Materialları Kombinatı”nın özəlləşdirilməsi barədə 19 may 2006-cı il tarixdə qərar qəbul edilmiş, 23 iyun 2006-cı il tarixdə hərraca çıxarılaraq satılmış və 27 iyun 2006-cı il tarixində əmək kollektivi ilə 356 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanılmışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı adı əmək kollektivinin üzvü kimi müəssisənin işçiləri haqqında məlumat siyahısında yoxdur. Həmçinin sorğuda qeyd edilmiş digər müəssisə "xxxx" tresti barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 3-17-1/2- 242953/2023 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli 35 nömrəli məktubla bildirilmişdir ki, “Azərenerjitikinti” tresti və “Laçın Tikinti Materialları Kombinatı”nın arxiv sənədləri arxivə təhvil verilmədiyi üçün İddiaçı həmin müəssisədə işləyib-işləmədiy barədə Laçın rayon Dövlət Arxivində heç bir məlumat yoxdur. Qeyd olunanları nəzərə alaraq əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı və sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və İddiaçı xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2023cü il tarixindən 220 manata çatdırılmışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ИT-05922571 saylı əmək kitabçası; "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 17 saylı arayış; НЗ № ******* saylı hərbi biletin surəti; cavabdehin iddiaçıya ünvanladığı 31 avqust 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı ünvan 3r ki, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 26 sentyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxx 1957-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını və əmək kitabçasında qeyd edilən bəzi dövrlər üzrə əmək haqqı almadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının 18 may 1976-cı il tarixindək 16 iyun 1978-ci il tarixinədək hərbi xidmətdə olması, 20 avqust 1978-ci il tarixindən 09 iyun 1980-cı il tarixinədək, 04 avqust 1980-ci il tarixindən 01 iyul 1983-cü il tarixinədək, 01 iyul 1983-cü il tarixindən 15 fevral 1989-cu il tarixinədək, 15 iyul 1989-cu il tarixindən 01 mart 1991-ci il tarixədək, 01 mart 1993-cü il tarixindən 10 noyabr 1999-cu il tarixədək, 10 noyabr 1999-cu il tarixindən 01 oktyabr 2002-ci il tarixinədək, 01 oktyabr 2002-ci il tarixindən 05 oktyabr 2002-ci il tarixinədək, 10 oktyabr 2002-ci il tarixindən 26 yanvar 2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olması, ИT-05922571 saylı əmək kitabçası və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. Həmçinin iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli, 17 saylı arayışda da qeyd edilir ki, müəssisənin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1991-ci il tarixdən (Əmr № 14/k xx.xx.1991-ci il) xx.xx.2002-ci il (Əmr № 04/k xx.xx.2002-ci il) tarixinədək Azərenerjitikinti trestinin ANM-də 3-cü dərəcəli sürücü peşəsində işləmişdir. Məhkəmə cavabdeh orqanın imtinanın əsaslarından biri kimi qeyd etdiyi dəlilə münasibətdə bildirir ki, cavabdeh orqanın istinad etdiyi 26 oktyabr 2022-ci il tarixli aktda iddiaçının 1993, 1995, 1998, 2002-ci illər üzrə əmək haqqı almadığı qeyd edilmişdir. Həmin aktda 1991, 1992-ci il üzrə tam, 1994-cü il üzrə 9 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 6 ay, 1999-cu il üzrə tam, 2000-ci il üzrə 8 ay, 2001-ci il üzrə 9 ay əmək haqqı hesablanması öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, 26 oktyabr 2022-ci il tarixli aktda 1994,1996, 1997, 2000, 2001-ci illər üzrə bəzi aylarda əmək haqqı hesablandığını qeyd edilsə də, həmin illər üzrə qalan aylarda həqiqətən əmək haqqı almadığı barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.1992 - xx.xx.2002-ci illər ərzində "xxxx" ATSC-nin Mingəçevir Avtomobil dəstəsində işləməsi, xx.xx.2002 - xx.xx.2006-cı illər ərzində isə Laçın Tikinti Materialları Kombinatında işləməsinə dair məlumatlar, həmçinin qeyd edilən müəssisələrin ümumi arxiv sənədləri arxivə təqdim edilmədiyindən, iddiaçının həmin müəssisələrdə işləməsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, arxiv sənədlərinin mövcud olmaması, iddiaçının həmin dövlərdə həqiqətən də əmək haqqı almaması anlamına gəlməməlidir. Eyni zamanda məhkəmə bildirir ki, inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən, oktyabr 2002-ci il tarixdən - yanvar 2006-cı il tarixədək olan dövr üzrə əmək haqqı barədə arayışlar təqdim edilmiş və cavabdeh orqan tərəfindən həmin dövrlər əmək stajı olaraq qəbul edilmişdir. Hazırki inzibati işdə iddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən müvafiq qeydlər, əmək kitabçasında da mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan (xx.xx.2022-ci ildən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu vaxtdan (xx.xx.2022-ci ildən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar