Məhkəmə qərarları › İş №2-1(118)-1717/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1717/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1717/2022 22.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarı ilə 0.01 ha-dan ibarət fərdi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarı ilə 0.01 ha-dan ibarət fərdi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Pirquluoba kəndində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 2022-ci ilin mart ayında ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Dövlət Reysteri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyser Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi aidiyyəti olmayan bəhanələr gətirməklə dövlət qeydiyyatının aparılmasından xx.xx.2022-ci il tarixli məktub ilə imtina etmişdir. Cavabdeh həmin imtina məktubunda müxtəlif, bir biri ilə əlaqədar olmayan əsaslar gətirməklə qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, “sizin Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında AR Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.01 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquq müəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki , ərizənizə Xaçmaz rayonu Pirquluoba bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsinə dair Xaçmaz rayonu İcra hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. Əlavə olaraq bildiririk ki, ərizənizə əlavə olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri Xaçmaz rayonu İcra Hakimiyyətinin şöbəsi və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən möhürlə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Məhkəmənin nəzərinə çatdırılır ki, yuxarıda göstərdiyi kimi torpaq sahəsi bələdiyyə tərəfindən mülkiyyətinə məhz fərdi mağaza binası tikintisi məqsədilə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq ona təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli orqanların iştirakı və imzası ilə (həmçinin müvafiq memarlıq xidmətinin səlahiyyətli şəxsinin imzası ilə) tərtib edilmişdir. Torpaq sahəsinin alınması ilə bağlı tərəfindən Pirquluoba bələdiyyəsinin hesabına müəyyənləşdirilmiş pul ödənilmişdir. Cavabdehin iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtina etməsi həm də ona görə əsassızdır ki, iddiaçıya məxsus torpaq sahəsinə bilavasitə eyni ərazidə yerləşən torpaq sahələri eyni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Digər tərəfdən o torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni müvafiq qaydaya uyğun müraciət etmişdir. Torpaq sahəsinə görə müəyyənləşdirilmiş pul məbləğini satıcının bank hesabına ödəmişdir. Cavabdehin imtinası qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi əsassızdır. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi bələdiyyə tərəfindən mülkiyyətinə məhz fərdi mağaza binası tikintisi məqsədilə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq iddiaçıya təhvil verilməsi barədə ayrıca aktı da səlahiyyətli dövlət orqanların iştirakı və imzası ilə həyata keçirilmişdir. Belə ki, hər bir halda həmin torpaq sahəsi ilə əlaqədar alqı-satqı proseduru başa çatmışdır. Torpaq sahəsinə görə bələdiyyə hesabına pul köçürülmüş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını aparır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.01 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, iddiaçının ərizəsinə Xaçmaz rayonu Pirquluoba bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsinə dair Xaçmaz rayon İcra Hakimiyyətinin memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. İddiaçının ərizəsinə əlavə olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri Xaçmaz rayon İcra Hakimiyyətinin memarlıq şöbəsi və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən möhürlə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərdən iddiaçının ərizəsinin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin sonuncu abzasının, 17-19, 21 və 22-ci bəndlərinin, həmçinin müvafiq Qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli fərmanının 2-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının (kənd təsərrüfatı və qeyri kənd rəsərrüfatı məqsədləri üçün Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumunun, qeyri kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair isə rayon (şəhər) icra hakimiyyəti memarlıq xidmətinin) rəyi alındıqdan və torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra torpaqayırma qaydasında həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında cavabdeh təmsil edilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 mart 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Xaçmaz rayonu, Pirquluoba kəndində qeydiyyatdadır. - Xaçmaz rayon Pirqulu-oba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarına əsasən iddiaçıya fərdi mağaza binası tikmək üçün Pirqulu-oba kəndinin ərazisində 100 kv.metr torpaq sahəsi ayrılmışdır. - İşdə olan 10 aprel 2003-cü il tarixli, 28 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı tərəfindən Pirqulu oba Bələdiyyəsinə 0.01 hektar torpaq sahəsinin satışının ödənişi olaraq 10000 manat məbləğində ödəniş edilmişdir. - Torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli akta əsasən İddiaçı ilə Xaçmaz rayonu Pirqulu-oba bələdiyyəsi arasında Xaçmaz rayonu Pirqulu-oba bələdiyyəsi tərəfindən 28 dekabr 2005-ci il tarixli qərarla iddiaçıya ayrılmış 0,01 ha torpaq sahəsinə dair akt tərtib edilmişdir. - Xaçmaz rayon Pirqulu-oba bələdiyyəsinin baş xəritəsinin çıxarışından görünür ki, Pirqulu-oba kənd sakini İddiaçı fərdi mağaza binası tikmək üçün Pirqulu-oba kənddaxili BEF-dən satlılmış 100 m2 torpaq sahəsinin planı verilmişdir. - DT VƏ XK-nin Xaçmaz rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaqlar Pirqulu-oba bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. - Xaçmaz rayon Pirquluoba bələdiyyəsinin 28 iyul 2021-ci il tarixli, 29 saylı arayışında qeyd olunmuşdur ki, Xaçmaz rayon Pirquluoba kənd sakini İddiaçı Pirquluoba Bələdiyyəsi tərəfindən BEF – fonduna aid torpaq sahələrindən ona fərdi mağaza binası tikilməsi məqsədi ilə verilmiş xx.xx.2005-ci il tarixli, 16 saylı “Bələdiyyə qərarı” hal-hazırda qüvvədədir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xaçmaz rayon Pirqulu-oba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarına əsasən iddiaçıya fərdi mağaza binası tikmək üçün Pirqulu-oba kəndinin ərazisində 100 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən həmin torpaq sahəsinin dəyəri olaraq 10000 (əvvəlki valyuta ilə) manat məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilmiş və bununla bağlı “Torpaqların alqı-satqısına dair” xx.xx.2005-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 28 mart 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi göstərmişdir ki, Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsinə dair icra hakimiyyəti orqanının memarlıq və tikinti işləri şöbəsinin rəyi əlavə olunmamışdır. Həmçinin iddiaçının ərizəsinə əlavə olunmuş torpaq sahəsinin yerləşdiyi ərazinin 1:10000, 1:2000 miqyasda yerquruluşu sxemləri icra hakimiyyətinin memarlıq şöbəsi və DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10-cu və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyi alınmış, torpaq sahəsi iddiaçıya Xaçmaz rayon Pirquluoba bələdiyyəsi tərəfindən ayrılmış və həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanılmışdır, ödəniş qəbzi də mövcuddur. Xaçmaz rayon Pirquluoba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqısatqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarı ilə 0.01 hadan ibarət fərdi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu, Pirquluoba bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 16 saylı qərarı ilə 0.01 ha-dan ibarət fərdi mağaza tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar