Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1719/2022 23.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxananın 18 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxananın 18 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 14 iyul 2021-ci il tarixli, **********99 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmamış, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X4, X1 və X2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Sumqayıt şəhəri,Kimyaçılar qəsəbəsi,YAT,otaq 18,ev 6 ünvanında yerləşən mənzil 15 fevral 1993-cü İl tarixli order əsasında iddiaçının və ailə üzvlərinin istifadəsinə verilmişdir. Bildirir ki, o, həyat yoldaşı və qızları həmin mənzildə qeydiyyatdadır. Mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədləri, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Ərazi İdarəsinə təqdim etdikdə oradan rəsmi bildirişlə ona bildirilmişdir ki, mənzilə dair orderdə mənzilin nömrəsinə düzəliş edilmiş və aparılmış düzəliş müvafiq olaraq möhürlə təsdiqlənməmişdir. Bu səbəbdən mənzilin özəlləşdirilməsi ilə bağlı müraciəti icra oluna bilməmişdir. Hesab edir ki, məhkəmə qaydasında bu yanlışlıq aradan qaldırılması, və mənzilə dair 15 fevral 1993-cü il tarixli, 185 nömrəli orderdə mənzilin nömrəsinin 18 olaraq oxunmasına dair qətnamə qəbul edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin ərizə icraatı qaydasında deyil , inzibati qaydada müraciət etdikdən və verilmiş imtinadan razı olmadığı halda inzibati məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Qərardaddan apellyasiya şikayəti versə də bu məhkəmə instansiyasıda eyni mövqedən çıxış etmişdir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı müvafiq sənədləri cavabdehə təqdim etmiş və oraradan imtina bildirişi almışdır.Təqdim etdiyi sənədlərdən də göründüyü kimi o və ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərdə qeydiyyatda olduğu mənzilin nömrəsi 18 olaraq qeyd edilmişdir. Bundan əlavə 1 saylı Mənzil Kommmunal Sahəsi tərəfindən verilmiş və həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda qeydiyyatda olduğu mənzilin nömrəsi 18 olaraq göstərilmişdir. Hesab edir ki, hüquqların qeydiyyatından imtina təmamilə əsassız və qanunsuzdur. İlk növbədə mənzilin yerləşdiyi yataqxanada yerləşən digər mənzilllərdən bəziləri üzərində hüquq cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Hər bir halda mənzil sahəsinin tutulmasına görə verilmiş order həmin mənzilin tutulmasına hüquq verən bir sənəddir. Mənzilin özəlləşdirilməsi üçün 2 saylı forma üzrə arayışı və şəxsiyyət vəsiqəsini,razılıq ərizələrini təqdim etmişdir. Xatırladır ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respulikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia),inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və sairə iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ -əmlaka(əşyaya)faktiki sahibliyin həyata keçirilməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz”. “İnzibati İcraat haqqında” Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasında fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uygun hərəkət etməyə borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsasən qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-cİ il 29 yanvar tarixli, §49 Qərarlar). Zvierinski Polşaya qarşı iş üzrə 19 İyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki,mülkiyyətə hər hansı bir müdaxilə həm də mütanasiblik tələbinə uyğun olmalıdır.Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin fundimental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. İnzibati Prossesual Məcəllənin 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər İnzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq müraciətin araşdırılması zamanı aşkar edilmişdir ki, ərizəyə əlavə olunmuş xx.xx.1993-cü il tarixli 185 nömrəli order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, orderdə otağın nömrəsinə düzəliş olunmuş, lakin aparılmış düzəliş müvafiq olaraq möhür və imza ilə təsdiq olunmamışdır. Yaranmış zərurətlə əlaqədar olaraq orderin verilməsinə əsas olmuş 15 fevral 1993cü il tarixli, 2 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) və “Neftkimyaavtovat" Elmi- Tədqiqat və Layihə İnstitutuna sorğular göndərilmişdir. SOCAR "Azərkimya" İstehsalat Birliyinin sorğuya cavab məktubuna əsasən sözügedən protokolu verən təşkilatın birliyin tabeliyində fəaliyyət göstərilmədiyi bildirilmiş, '‘Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsi MMC-nin sorğuya cavab məktubunda isə X3 1993-cü il tarixli protokollarının ləğv olunması səbəbindən sözügedən protokolun verilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X4, X1 və X2 iştirak etmiş, mənzilin özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxananın 18 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, ərizəyə əlavə olunmuş xx.xx.1993-cü il tarixli 185 nömrəli order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, orderdə otağın nömrəsinə düzəliş olunmuş, lakin aparılmış düzəliş müvafiq olaraq möhür və imza ilə təsdiq olunmamışdır. Yaranmış zərurətlə əlaqədar olaraq orderin verilməsinə əsas olmuş 15 fevral 1993cü il tarixli, 2 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) və “Neftkimyaavtovat" Elmi- Tədqiqat və Layihə İnstitutuna sorğular göndərilmişdir. SOCAR "Azərkimya" İstehsalat Birliyinin sorğuya cavab məktubuna əsasən sözügedən protokolu verən təşkilatın birliyin tabeliyində fəaliyyət göstərilmədiyi bildirilmiş, '‘Neftqazavtomat” Elmi-İstehsalat Müəssisəsi MMC-nin sorğuya cavab məktubunda isə X3 1993-cü il tarixli protokollarının ləğv olunması səbəbindən sözügedən protokolun verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Belə ki, iddiaçı order əsasında mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Lakin 15 fevral 1993-cü il tarixli 185 saylı order müvafiq icra hakimiyyəti orqanı tərəfindən deyil, müəssisə tərəfindən verilmiş orderdir. Həmçinin orderdə cavabdehin də qeyd etdiyi kimi otağın nömrəsinə düzəliş olunmuş, lakin aparılmış düzəliş müvafiq olaraq möhür və imza ilə təsdiq olunmamışdır. Bundan əlavə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kimyaçılar qəsəbəsində yerləşən 6 saylı yataqxana binası Kimya və Avtomatika institunun balansında, ev 22B, 6 saylı yataqxana binası isə Superfosfat zavodunun balansındadır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsinin balansında deyildir. (Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli 349 saylı məktubu, və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsininxx.xx.2022-ci il tarixli, 12 saylı məlumat) Göründüyü kimi iddiaçının təqdim etdiyi sənəd əsasında onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin təlbəblərinə uyğun olmamaqla yanaşı onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını istədiyi mənzil müvafiq icra hakimiyyəti orqanının balansına verilməmişdir. Məhkəmə iddiaçının yataqxanada yerləşən digər mənzilllərdən bəziləri üzərində hüquqların cavabdeh tərəfindən qeydiyyata alınması dəlili ilə bağlı qeyd edir ki, cavabdeh inzibati orqanın dövlət reystrində hüquqlarla bağlı apardığı qeydiyyat mahiyyəti etibarı ilə inzibati akt yox hüquqi aktdır. Məhkəmə qeyd edir ki, qanunvericliyə uyğun olmayaraq aparılmış digər qeydiyyatların olması hazırkı iddianında əsaslı olmasını müəyyən edən hüquqi tənzimləmə mövcud deyil. Məhkəmə onuda qeyd edir ki, mübahisə predmeti olan mənzilin iddiaçının və onun ailəsinin istifadəsində olması, bununla bağlı hər hansı bir orqanın etiraz etməməsi işin mübahisə olunmayan halıdır. Lakin məhkəmə hesab edir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hər bir halda hüquqi əsas olmalıdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1719/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1719/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver