Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-172/2022 25.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 19.01.2007-ci il tarixli qərarı ilə İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, X3 AR Qanununun 19-cu maddəsinə uyğun olaraq torpağın alqı-satqı aktı tərtib edilsin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsində qeydiyyata alınsın. Həmçinin torpaq sahəsinin planı da tərtib olunmuşdur. Eyni zamanda bu məsələ ilə bağlı hüquqlarını təmsil etdiyim şəxs tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə 021649 nömrəli 08.12.2006-cı il tarixli, 021975 nömrəli 14.02.2007-ci il tarixli mədaxil qəbzlərinə əsasən müvafiq ödənişlər həyala keçirilmişdir. İdiaçı ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda, Ceyrantaban qəsəbəsi yaxınlığında yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçüsünün verilməsini xahiş etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli 01.02.2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, alqısatqı aktı tərtib edilmədiyindən onun müraciətinin təmin olunmasından imtina edilir. Tərəflərindən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilərək, İddiaçı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alqısatqısına dair müqavilənin və müvafiq aktın tərtib edilib imzalanması vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-939/2021 saylı 07.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə baxışında cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, həqiqətən İddiaçı tərəfindən həmin torpaq sahəsi üçün ödəniş edilmiş, həmin torpaq sahəsi ona ayrılmışdır. Lakin onlara məlum olmayan səbəblərdən həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi və aktı imzalanmamışdır. Hazırda qanunvericiliyə edilmiş dəyişikliklərə görə Bələdiyyə orqanı tərəfindən aıqı-satqı müqaviləsinin imzalanması səlahiyyəti yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-939/2021 saylı 07.06.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçıya alqı-satqı aktı 2014-cü ilin aprel ayınadək verilə bilərdi. Hal-hazırda isə 2014-cü ildə torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alqısatqı aktlarının verilməsi müddəası ləğv edilərək notarial qaydada təsdiq edilən alqı-satqı müqavilələrinin verilməsi ilə əvəz olunduğundan, həmçinin həmin alqı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən, torpağın alqı-satqı aktının verilməsi mümkün deyildir. ” Göründüyü kimi Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin İddiaçı ayrılması, həmin torpaq sahəsinin onun sahibiliyinə və istifadəsinə verilməsi məhkəmə qərardadı ilə öz təsdiqini tapmışdır. Lakin qanunvericiliyə edilən dəyişiklik səbəbindən hazırda torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və aktının verilməsi mümkün deyildir. Bu da onu deməyə əsas verir ki. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli 01.02.2021-ci il tarixli məktubunda qeyd edilən çatışmazlıqlar aradan qaldırılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmazəmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılınasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bundan sonra yuxarıda qeyd edilən faktlar və sənədlərlə birlikdə tərəflərindən təkrar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 22.06.2021-ci il tarixli 125/003 nömrəli məktubla müraciət edilərək, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan 16.07.2021-ci il tarixli **********33 nömrəli imtina məktubu vermişdir. İmtina məktubu belə əsaslandırılmışdır ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli 01.02.2021-ci il tarixli məktubunda qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Muradov Müşviq Murad oğlu Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi ilə əlaqədar 25 yanvar 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Muradov Müşviq Murad oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının müddəalarına zidd olaraq bələdiyyənin qərarının 19 yanvar 2007-ci il tarixli 02 nömrəli olmasına baxmayaraq alqı-satqı aktının tərtib edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlər əsasında torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının mümkün olmadığı İddiaçı etibarnamə üzrə nümayəndəsi Muradov Müşviq Murad oğluna bildirilmiş və bu barədə ona 01 fevral 2021ci il tarixli **********38 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər bələdiyyəsinin 19 yanvar 2007-ci il tarixli 02 saylı qərarından görünür ki, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 710 saylı, 20 dekabr 2006-cı il tarixli rəyindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən göstərilən şərtlər daxilində təqdim olunmuş mövqe planına əsasən İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/44 saylı, 16 yanvar 2007-ci il tarixli rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir. - Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin BÖO seriyalı 021649 saylı, 08 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına fərdi yaşayış, torpaq sahəsinin alqı-satqı haqqı olaraq 400 manat pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********33 saylı, 16 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 yanvar 2007-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/44 saylı, 16 yanvar 2007-ci il tarixli və Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 710 saylı, 20 dekabr 2006-cı il tarixli rəyləri ilə iddiaçıya torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində Sumqayıt bələdiyyəsinin hesabına 400 (dörd yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 16 iyul 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi Torpağın alqı-satqısına dair aktın ərizəyə əlavə olunmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqısatqı aktı tərtib edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Qeyd edilməlidir ki, hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi və habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəylər əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 400 (dörd yüz) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-172/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-172/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver